Məhkəmə qərarları › İş №3(008)-7791/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7791/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7791/2024 27.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Yardımlı rayonu, Yolocaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında 27 noyabr 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(008)-600/2022 saylı icra vərəqəsi ilə Şəxs 300 000 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə alınıb Qulyev Fuad ağa oğluna ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, hazırki iş 06 oktyabr 2023-cü il tarixdə onun icraatına daxil olmuşdur. Şəxsin rəsmi iş yeri və adına əmlak olmadığı müəyyən edilmişdir. Şəxs 2-ci qrup əlil olduğundan və bu səbəbdən təqaüd aldığından 2023-cü ilin dekabr ayında etibarən icra vərəqəsi üzrə müəyyən edilmiş borc məbləğinin ödənilməsi onun əlilliyə görə aldığı təqaüdə yönəldilmişdir. Hər ay müəyyən məbləğdə vəsait onun təqaüdündən çıxılır. İndiyədək borc məbləğindən 2714 manat zərərçəkmiş şəxsə ödənilmişdir. Hal-hazırda Şəxs borcu 298403 ABŞ dolları təşkil edir. Hazırki halda barəsində inzibati iş üzrə icraat aparılan şəxsin əməlində üzrsüz səbəb görməməsinə baxmayaraq zərərçəkmiş şəxs davamlı şikayət etdiyindən və borcunu tələb etdiyindən inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında veriklmiş suallara cavab olaraq icra məmuru Şəxs əlilliyi ilə əlaqədar əmək qabiliyyətsiz olduğunu, dünən şəxsən onun yaşadığı evə gedərək baxış keçirdiyini, onun evində icra sənədinin icrasını təmin etmək üçün tələbin yönəldiləcəyi hər hansı qiymətli əşya olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra vərəqəsi üzrə borcu ödməkdən qəsdən və qərəzli şəkildə yayınmır. 2023-cü ilin dekabr ayından etibarən hər ay əlilliyinə görə aldığı təqaüdün bir hissəsi zərərçəkmiş şəxsə ödənilir. Özü əlillik səbəbindən əmək qabiliyyətsiz olduğundan işləyə bilmir, bu səbəbdən də borcu tam ödəyə bilmir. Yaxın zamanda atasının adına olan torpaq sahəsini sataraq borc məbləğindən ödəniş edəcəkdir. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 27 noyabr 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(008)- 600/2022 saylı icra vərəqəsi ilə Şəxs 300 000 ABŞ dolları məbləğində borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə alınıb Qulyev Fuad ağa oğluna ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 06 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(008)-600/2022 saylı icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş Şəxs tərəfindən 23 oktyabr 2023-cü il tarixdə imzalanaraq qəbul edilmişdir. Şəxs 23 oktyabr 2023-cü il tarixli izahatından görünür ki, o, icra sənədindən xəbərdardır, heç bir qazanc yeri və iş qabiliyyəti olmadığından, 2-ci qrup əlil olduğundan və buna görə təqaüd aldığından borc məbləği üzrə tutulmanın təqaüdünə yönəldilməsini xahiş etmişdir. Şəxs 25 aprel 2024-cü il tarixli izahatından görünür ki, onun icra sənədini hal-hazırda tam şəkildə icra etməyə maddi imkanı yoxdur, lakin icra sənədinin icrası ilə bağlı borcun tutulması onun aylıq təqaüdünə yönəldilmişdir və hazırda tutulmalar davam edir, icra sənədini bugünədək tam şəkildə icra etməməyinin səbəbi 2-ci qrup əlil olmağı ilə bağlı heç yerdə işləməməsi və maddi vəziyyətinin tələbkarın təqsiri üzündən həddindən artıq acınacaqlı vəziyyətdə olmasıdır. 2012-2020-ci illər ərzində tələbkara ümumilikdə 350 000 manatdan çox məbləğdə pul ödəmişdir. Lakin buna baxmayaraq məhkəmə qətnaməsində göstərilən məbləği təkrarən ödəmək məcburiyyətində olduğu üçün icra sənədini icra edir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 3(008)- 2908/2024 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs Quliyev Fuad ağa oğlunun etibarnamə üzrə nümayəndəsi X4 Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış 13 avqust 2024-cü il tarixli ərizəsində o, Şəxs borclunun inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq məhkəmə qərarını icra etmədiyini bildirərək borcu tam şəkildə ödəməyəcəyi təqdirdə borclunun cinayət məsuliyyətinə cəlb olunmasına dair toplanmış materialların AR ƏN İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. Sabunçu Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 21 avqust 2024-cü il tarixli aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Şəxs qeydiyyatda olduğu Pirşağı qəsəbəsi, ev 153A ünvanında olan zaman şəxsin həmin ünvanda olmadığı müəyyən edilmiş, Pirşağı bələdiyyəsi və qəsəbə nümayəndəliyi tərəfindən belə bir şəxsin orada qeydiyyatda olmadığı bildirilmiş, bu səbəbdən borcluya məxsus hər hansı əşyanın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Bakı Regional Məşğulluq Filialının 09 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx xxxxxx 1968-ci il təvəllüdlü, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ev 153A ünvanında yaşayan Şəxs (FİN: xxxxxxx) Nazirliyin Mərkəzləşmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işaxtaran və ya işsiz kimi qeydiyyatı mövcud deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, xx xxxxxx 1968-ci il tarixli Şəxs ikinci dərəcəli əlillik mövcuddur, əlillik müddətsizdir və şəxs əmək qabiliyyətsiz hesab olunur. İcra sənədinin hissə-hissə icra edilməsinə dair Şəxs tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış 27 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, o, məhkəmə tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-600/2022- 022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin hər ay 500 manat ödəməklə hissə-hissə icra olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Şəxs 27 noyabr 2024-cü il tarixli izahatından görünür ki, onun icra sənədi üzrə tam ödəniş etməyə imkanı yoxdur. Borcun hissə-hissə ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından və məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarından görünür ki, məhkəmə qətnaməsinin icrasının təmin edilməsi məqsədi ilə borc üzrə tutulmalar onun əlilliyinə görə aldığı təqaüdə yönəldilərək hər ay mütəmadi olaraq zərərçəkmiş şəxsə ödənişlər edilmişdir. Məhkəmə iclasında icra məmuru Şəxs adına hər hansı daşınar və ya daşnmaz əmlak aşkar edilmədiyini, hətta bir gün öncə Şəxs yaşadığı evə gedərək şəxsən baxış keçikrməsinə baxmayaraq onun evində icra sənədinin icrasını təmin etmək üçün tələbin yönəldiləcəyi hər hansı qiymətli əşyanın olmadığını təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs özü də maddi imkanının borc məbləğini tam ödəməyə imkan vermədiyini, hər ay müəyyən məbləğdə ödənişin onun əlillik təqaüdündən tutulduğunu, özünün əmək qabiliyyətsiz olduğunu və bu səbəbdən işləyə bilmədiyini, maddi imkanının yol verdiyi məbləğdə borcdan ödəniş etdiyini bildirmişdir. Həqiqətən də iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan Şəxs əlil olması və əmək qabiliyyətsiz hesab olunması açıq-aşkar görünməkdədir. Belə olan halda işləməyən və əlilliyi səbəbindən əmək qabiliyyətsiz olmaqla işləmək imkanı o cümlədən, tələbin yönəldilə biləcəyi hər hansı danınar və ya daşınmaz əşyası olmayan şəxsin yeganə gəlir yeri olan əmək pensiyasına qanunla müəyyən edilmiş tutulmaların yönəldiyi halda borcu üzürsüz səbəbdən tam ödəyə bilməməs qənaətinə gəlinməsi və maddi imkanı olmamaqla işləmək imkanından məhrum olmuş şəxsə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni olmamaqla yanaşı həm də ədalətdizdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun heç bir əmlakı olmamaqla əmək qabiliyyətsiz olması səbəbindən işləyə bilməməsi səbəbindən borcu birdəfəyə ödəyəy bilməməsi onun məhz üzürlü səbəblərdən icra sənədini tam icra edə bilməməsinə dəlalət edən hallardır. Bununla yanaşı, iş materiallarından görünür ki, Şəxs 27 noyabr 2024-cü il tarixdə icra sənədi üzrə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir ki, bu da barəsində inzibati qaydada icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmamasının, əksinə, onun icra sənədinin icrasınə təmin etmək məqsədi ilə qanunla nəzərdə tutulmuş imkanlardan istifadə edərək borcu ödəməyə təşəbbüs göstərməsinin təzahürüdür. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs qətnamə üzrə müəyyən edilmiş məbləğdən onun təqaüdündən müəyyən məbləğdə aylıq tutulmaların həyata keçirilməsi, borcu ödəməkdən yayınmaması və tam ödəməməsinin üzrsüz səbəblərlə bağlı olmamasının müəyyən edilməsi nəzərə alınmaqla yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi andan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar