Məhkəmə qərarları › İş №3(008)-7838/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7838/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7838/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızının sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx xxx 1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, ev 29, mənzil 18-də qeydiyyatda olmaqla yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, 2-ci dərəcəli ədliyyə qulluqçusu Gülzar Hüseynovanın xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində olan aşağıdakı icra sənədləri: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 8220 manat tutularaq “X5 LTD” MMC-nin xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2579/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4637 manat əsas borc, 66.37 manat dövlət rüsumun tələbkar "xxxx" MMC-nin xeyrinə, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2951/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4432,09 manat tutularaq tələbkar “A+CO” MMC-nin xeyrinə, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5735/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 474.50 manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə, Bakı şəhər 4 saylı Notariat Kontorunun 8İ-952 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 28176.39 manat "xxxx" ASC-nin xeyrinə, Bakı şəhər 17 saylı Notariat Kontorunun 8İ-3438 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 624.81 manat "xxxx" ASC-nin xeyrinə və Bakı şəhər 17 saylı Notariat Kontorunun 8İ-4645 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 70863.42 manat "xxxx" ASC-nin xeyrinə ödənilməsi ilə bağlı icra sənədləri bir icraatda birləşdirilmişdir. Qeyd olunan icra sənədlərinin Şəxs tərəfindən qərəzli olaraq icra edilməməsi əsası ilə Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən MN№ ******* saylı, 28 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 8220 manat tutularaq “X5 LTD” MMC-nin xeyrinə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2579/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4637 manat əsas borc, 66.37 manat dövlət rüsumun tələbkar "xxxx" MMC-nin xeyrinə, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2951/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4432,09 manat tutularaq tələbkar “A+CO” MMC-nin xeyrinə, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5735/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 474.50 manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə, Bakı şəhər 4 saylı Notariat Kontorunun 8İ-952 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 28176.39 manat "xxxx" ASC-nin xeyrinə, Bakı şəhər 17 saylı Notariat Kontorunun 8İ-3438 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 624.81 manat "xxxx" ASC-nin xeyrinə və Bakı şəhər 17 saylı Notariat Kontorunun 8İ-4645 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 70863.42 manat "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra vərəqələri üzrə tələbi bu günə qədər tam icra etmədiyi üçün tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Qeyd olunan icra səndələri tərəfindən bir icraaatda birləşdirilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs borclarının olduğunu etiraf etmiş və borcun ödənilməsindən yayınmadığını bildirmişdir. Bundan başqa, tələbkar "xxxx" MMC-nin xeyrinə 500 manat, “X4”nın xeyrinə sonuncu dəfə oktyabr ayının sonu ödəniş etdiyini, "xxxx" ASC-nin xeyrinə cəmi 1600 manat ödəniş etdiyini, amma "xxxx" ASC-yə 2 ayrı icra sənədi üzrə ödənişləri eyni mənbəyə etdiyindən ödənişlərin konkret hansı icra sənədi üzrə silindiyini dəqiq bilmədiyini qeyd etdi. Əmək haqqından isə hər ay 2 icra sənədi üzrə "xxxx" ASC-nin və “Kontakthome”un xeyrinə 300 manat pul tutulur. Heç bir ödəniş etmədiyi icra sənədlərinin isə yalnız Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin və Abşeron Rayon Məhkəməsinin 3 ay əvvəl qanuni qüvvəyə minmiş e-2(012)-2951/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin olduğunu bildirdi. Evini satışa çıxardığını, evi satılan kimi bütün borclarını ödəyəcəyini qeyd etdi. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi və zərərçəkmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi "Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən qanunla müəyyən edilmiş qaydada yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs maddi vəziyyətinin aşağı olması səbəbindən icra sənədini icra etmədiyini göstərsə də, məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin həmin arqumentinin məhkəmə aktının icrasız qalmasının üzrlü halı kimi qiymətləndirilməsinin mümkün olmadığını qeyd edir. Bundan savayı, Şəxs məhkəmə iclasında icra sənədinin icra edilməməsini maddi imkanının olmaması ilə əlaqələndirsə də, AR Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qətnamənin icrasına möhlət verilməsi, qətnamənin hissə-hissə icrasına və ya onun icra üsulunu və qaydasının dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək imkanının olduğu halda bunu da etməmişdir ki, bu hal da onun öz öhdəliklərinin icrasına etinasız yanaşmasının göstəricisidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verilməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, dövlət adından çıxarılmış məhkəmə aktı ilə müəyyən edilmiş məbləğin hissə-hissə ödənilməsi borclunun şəxsi mülahizələri ilə deyil, müvafiq məhkəmə qərardadı ilə müəyyən edilməli olan haldır ki, hazırki halda belə bir məhkəmə qərardadı iş materiallarına əlavə edilməmiş, barəsində inzibati qaydada icraat aparılan şəxsin isə bununla bağlı hər hansı addım atması (məhkəməyə hissə-hissə icra ilə bağlı müraciət etməsi) müəyyən edilməmişdir. Odur ki, göstərilənlərə əsasən, məhkəmə Şəxs müdafiəsi üçün irəli sürdüyü dəlilləri tam əsassız hesab edir. Göstərilən hallar onu deməyə əsas verir ki, Şəxs məhkəmə iclasında icra sənədinin icra etməməsinin səbəbi kimi hər hansı üzrlü hala istinad edə bilməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs MN № ******* saylı, 28 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar