Məhkəmə qərarları › İş №3(008)-7851/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7851/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7851/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 29 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 16(008)-432/2024 saylı icra vərəqəsinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Zərərçəkmiş şəxs xx.xx.2017-ci il təvəllüdlü qızı X4 ilə hər həftənin bazar günləri saat 12:00-dan 19:00-dək ünsiyyətdə olması təyin edilmiş, lakin Şəxs icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrlü səbəb olmadan yerinə yetirməmişdir və bununla AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, hazırki iş onun icraatına xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Şəxs sms-bildiriş vasitəsilə icraata başlamaq haqqında qərarla məlumatlandırılmışdır. Şəxs isə onun zənglərinə cavab verməmiş, uşağının xəstə olmasını, Bakı şəhərində olmamalarını, daha sonra isə uşağın atası ilə görüşmək istəmədiyini bildirərək qərəzli olaraq çağırışlara gəlməmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, onun Sabunçu rayon İcra Şöbəsində borcla əlaqədar başqa işi olduğundan İcra Şöbəsindən sms-bildiriş gəldiyi zaman həmin borc işi bağlı olduğunu zənn etmiş, daha sonra uşaqla ünsiyyətlə bağlı icra işi olduğunu öyrəndikdə uşağı xəstələnmiş, həkimdən arayış ala bilmədiyinə görə İcra Şöbəsinə gəlməmiş, sonradan tətillə əlaqədar rayona getmişlər, növbəti dəfə isə uşaq özü atası ilə görüşmək istəmədiyindən görüş günündə uşağı İcra Şöbəsinə gətirməmişdir. İcra məmuru yaşadığı yer ilə əlaqədar ona arayış gətirməsini tələb etdiyinə görə bir müddət bununla məşğul olmuş, bugün həmin arayışı təqdim etmək üçün İcra Şöbəsinə gəlmiş, lakin uşağı da bugün gətirməli olduğunu bilməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs qərəzli olaraq uşağı görüşə gətirməkdən yayınır. Onların birgə nikahından biri qız, biri oğlan olmaqla iki övladı var. Məhkəmə qərarı ilə oğlan övladı onda qalmış və hər həftənin şənbə günləri anası ilə görüş günü təyin edilmişdir. Belə ki, o, hər həftənin şənbə günü uşağını anası ilə görüşməsi üçün İcra Şöbəsinə gətirdiyi kimi barəsində inzibati iş üzrə icraat aparılan şəxs də qızı ilə bağlı bu addımı qanunamüvafiq qaydada atmalıdır. İcra vərəqəsi icraata qəbul olunandan etibarən 3-4 həftə hər bazar günü İcra Şöbəsinə gəlsə də, anası uşağı hər dəfə bir bəhanə ilə görüşə gətirməmişdir. Şəxs qızının ona bağlı olduğunu bildiyinə görə bilərəkdən uşağı onunla görüşdürmədiyini bildirərək şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 16(008)- 432/2024 saylı icra vərəqəsinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Zərərçəkmiş şəxs xx.xx.2017-ci il təvəllüdlü qızı X4 ilə hər həftənin bazar günləri saat 12:00-dan 19:00-dək ünsiyyətdə olması təyin edilmişdir. “İcraata başlama haqqında” 07 oktyabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 16(008)- 432/2024-002 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır və icraata başlama haqqında qərar Şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 14 oktyabr 2024-cü il tarixli Aktından görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 bazar günü saat 12:00-dan 19:00-a kimi atası X5 ilə ünsiyyət hüququ təyin olunsa da, cavabdeh ünsiyyət hüququ üçün şərait yaratmamışdır. “Borclunun axtarışı haqqında” 23 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 28 oktyabr 2024-cü il və 04 noyabr 2024-cü il tarixli Aktlarından görünür ki, 16(008)-432/2024-002 saylı icra vərəqəsinin icrası ilə əlaqədar tələbkarın iştirakı ilə 055 *** ** ** nömrəsi ilə əlaqə yaradılmış, azyaşlı Aydanın atası ilə görüşə gətirilməsi bildirilmiş, lakin cavabdeh uşağın atası ilə görüşmək istəmədiyini qeyd edərək uşağı görüşə gətirmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli ərizədən görünür ki, Şəxs onun evində qeydiyyatda olsa da, hal-hazırda xətai rayonunda yaşayır. Dəfələrlə cavabdehdən uşaqla görüşmək üçün şərait yaratmasını xahiş etsə də, o, bilərəkdən və qərəzli şəkildə qərarı icra etməkdən yayınır. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 20 noyabr 2024-cü il tarixli Aktından görünür ki, Şəxs ilə telefon vasitəsilə əlaqə yaradılmış, o isə İcra Şöbəsinə gəlməyə vaxtı olmadığını bildirmiş, ona icra məmurunun çağırışlarına gəlməməsinin məsuliyyət yaratdığı izah olunmuş, Şəxs isə bunu bildiyini qeyd etmişdir. Şəxs 29 noyabr 2024-cü il tarixli izahatından görünür ki, o, məhkəmə iclasında verdiyi izahatla eyni məzmunlu izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzürsüz səbəbdən qanunla müəyyən edilmiş qaydada yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs icra sənədini yerinə yetirməməsinin səbəbləri kimi uşağın xəstə olması, Bakı şəhərindən kənarda olmaları, uşağın atası ilə görüşmək istəməməsini bildirmişdir ki, göstərilən dəlillər onun tərəfindən icra sənədinin üzürsüz səbəb olmadan, öz şəxsi mülahizələri ilə məhkəmə aktını icra etməməsinin göstəricisidir. Belə ki, məhkəmə tərəfindən qəbul edilmiş və qüvvədə olan qərardadın mövcud olmasına, həmin qərardadın da məhz ana qayğısı ilə yanaşı ata qayğısına ehtiyacı olan azyaşlı uşağın mənafeyi nəzərə alınmaqla qəbul edilməsinə baxmayaraq barəsində inzibati qaydada icraat aparılan şəxs heç bir əsasa söykənməyən mülahizələri və dəlilləri əsasında icra sənədini icra etməkdən açıq-aşkar imtina etməkdədir. Barəsində inzibati qaydada icraat aparılan şəxs görüşlərdən birində uşağın xəstə olmasına istinad etsə də, bu halı təsdiq edən hər hansı arayış təqdim edə bilməmişdir. Tətillə əlaqədar uşağın rayona aparılması isə uşağın atası ilə görüşməməsinin üzürlü səbəbi kimi qymətləndirilə bilməz. Çünki, uşağın atası ilə görüşməsinə dair məhkəmə qərardadının mövcudluğunu bilən valideyn həmin tarixdə hər bir halda uşağın atası ilə görüşməsini təmin etməli, rayona getmək tarixləri həmin halı nəzərə almaqla seçməlidir. Göstərilən hallar onu deməyə əsas verir ki, Şəxs məhkəmə iclasında icra sənədinin icra etməməsinin səbəbi kimi hər hansı üzrlü hala istinad edə bilməmiş, dərhal icra edilməli olan icra sənədinin icraya yönəldilməsindən müəyyən müddət keçməsinə baxmayaraq məhkəmə qərarı ilə müəyyən edilmiş tələbi təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs dövlət adından çıxarılmış məhkəmə aktına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar