Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7853/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR İXM-nin 38.6-cı maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş elektron qərar və onun əlavəsi inzibati xətanın törədildyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetə yerləşdirilmədikdə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Onun tərəfindən inzibati xəta 07 sentyabr 2024-cü il tarixdə törədilmiş, elektron protokol 16 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş, qərar isə 26 sentyabr 2024-cü il tarixdə qüvvəyə minmişdir. Görüntüdə inzibati xəta faktı var, ancaq buna səbəb hal göstərilməmişdir. Çünki yolda həmin gün kranlar, evakuatorlar işləyirdi. Ya 5-10 metr əvvəl, ya da 5-10 metr sonra onsuzda qarşı yola çıxmalı idi və qarşı yola çıxmaq istənilən halda təhlükə yaradırdı. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, Nümayəndə telefon vasitəsi ilə əlaqə saxlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edərək hadisə günü qeydə alınmış görüntüləri və zəruri sənədləri elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyini bildirmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş videogörüntünü tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 barəsində AR İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənheh vermə haqqında 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 07 sentyabr 2024-cü il tarixdə, saat 18:50 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı yolunda idarə etdiyi “KİA SORENTO” minik markalı, ** OE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “KİA SORENTO” minik markalı, ** OE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edərək, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, həmin vaxt ona qarşı əks istiqamətli yolda başqa avtomobillər hərəkətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə təqdim edilmiş videodiskdə olan görüntünü tədqiq edərək “KİA SORENTO” minik markalı, ** OE *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 AR İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinin məhkəməyə təqdim edilmiş videogörüntü ilə müəyyən edildiyini nəzərə alaraq onun əməlində AR İXM-nin 327.4-cü maddəsinin tərkibinin olması qənaətinə gəlir. Şikayət vermiş şəxs X2 şikayət ərizəsində inzibati xətanın baş verdiyi yolda təmirtikinti işləri aparıldığından yolun əks istiqamətində sağ tərəfdəki torpaq yola aid olmayan hissəsi ilə hərəkət etdiyini iddia etsə də, məhkəməyə təqdim edilmiş görüntülərlə həmin dəlil təkzib olunmaqla məhz inzibati xətanın qeydə alındığı yerdə hər hansı təmir-tikinti işlərinin aparılmaması, “KİA SORENTO” minik markalı, ** OE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün əks istiqamətli asfalt yola çıxaraq hərəkət etməsi açıqaşkar görünməkdədir ki, bu da şikayət verilmiş şəxsin arqumentinin əsassız olmasına dəlalət edir. Məhkəmə iclasında X2 hadisənin qeydə alındığı ərazidən bir az irəlidə təmir işlərinin aparıldığına istinad etsə də, məhkəmə qeyd edir ki, müəyyən məsafədən sonra qarşıda təmir işlərinin aparılması həmin yerə çatmadan sürücünün əks hərəkət zolağına çıxaraq həmin yolda hərəkət etməsi üçün əsas olmamaqla, onun öz hərəkət zolağında hərəkətinə mane olan hər hansı təmir-tikinti işləri aparılan əraziyə çatan zaman həmin maneəni keçmək üçün öz hərəkət zolağından müvəqqəti çıxması üçün əsasdır. Həmin hala münasibətdə məhkəmə qeyd edir ki, əgər həqiqətən də sürücünün öz hərəkət zolağında inzibati xətanın qeydə alındığı yerdə onun hərəkətini məhdudlaşdıran təmir-tikinti işləri aparılmış olsa idi, digər avtomobillər də yolun sağ hissəsi ilə hərəkət edə bilməyərək əks istiqamətli hərəkət zolağına çıxararaq həmin yolda hərəkət edərdilər. Halbuki, məhkəməyə təqdim olunan videogörüntüdən də görünən odur ki, sağ hərəkət zolaqlarında kifayət qədər avtomobil öz hərəkət zolağında hərəkətdə olmaqla “KİA SORENTO” minik markalı, ** OE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü əks istiqamətli hərəkət zolağına keçərək qarşıdan gələn avtomobillərin hərəkətlərinə maneə yaratmışdır. Məhkəmə iclasında, o cümlədən, şikayət ərizəsində X2 inzibati xətanın mpvcud olduğunu qeyd edib, yoldakı vəziyyətlə əlaqədar tək onun deyil, onunla yanaşı, digər avtomobillərin də əks hərəkət zolağına çıxaraq hərəkət etdiklərini göstərsə də, məhkəmə qeyd edir ki, hər bir şəxs öz törətdiyi inzibati xətaya görə məsuliyyət daşıyır və digər sürücülərin də pozuntu edib əks hərəkət zolağına çıxaraq hərəkət etmələri X1 əməlinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. Şikayətçinin müvafiq inzibati tənbeh vermə haqqında qərarın ləğvinin zəruriliyini əsaslandırarkən istinad etdiyi digər dəlil müvafiq inzibati tənbeh vermə haqqında qərarın 01 gün ərzində tərtib edilərək onun elektron kabinetinə yerləşdirilməməsi olmuşdur ki, həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunan inzibati xəta xüsusi texniki vasitənin köməkliyi ilə deyil, bilavasitə aşkar edilmiş inzibati xətadır. Belə ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən elektron kabinet vasitəsi ilə təqdim edilmiş 07 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, Bakı şəhər BPİ DYPİ YPXA-nın inspektoru, polis serjantı Vüqar Abbasov raportla Bakı şəhər BPİ DYPİ-nin rəisinə müraciət edərək 07 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı yolunda piyada xidmət apararkən “Kia Sorento” markalı, ** OE *** dövlət qeydiyyat nişanlı avtomobilin birtərəfli hərəkət yoluna çıxaraq nəqliyyat axınının əksinə hərəkət etməsini müəyyən etdiyini, onu saxlamasının mümkün olmadığını bildirərək həmin sürücünün inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq araşdırma aparılmasına göstəriş verilməsini xahiş etmişdir. “İnzibati xəta haqqında iş üzrə icraata başlama və inzibati araşdırma aparılması haqqında” 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, “Kia Sorento” markalı, ** OE *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinin pozulması faktı aşkar edildiyindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırmanın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş mlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamaq üçün əsasdır. Göründüyü kimi, hazırki inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar olunaraq raport tərtib edilərək yuxarı səlahiyyətli şəxsə müraciət olunmuş, bununla əlaqədar inzibati araşdırma başlanmış və təhlükəsiz şəhər kamerası görüntüləri sübut qismində tədqiq olunmaqla araşdırmanın nəticəsində inzibati xəta haqqında protokol tərtib edilərək, həmin protokol əsasında müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ki, bu da inzibati xətanın xüsusi texniki vasitənin köməkliyi ilə deyil, səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar olunmasına dəlalət etməklə AR İXM-nin 38.6-cı maddəsinə istinadən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini istisna edir. Göstərilən bu hallar məhkəməyə verilmiş şikayət ərizəsinin dəlillərinin əsassız olmasına və işin həqiqi halları ilə təkzib edilməsinə dəlalət edir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X1 İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7853/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7853/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver