Məhkəmə qərarları › İş №3(008)-7861/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7861/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7861/2024 13.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X1 nümayəndəsi “LCG” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarın dəyişdirilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun əməlində inzibati xəta hadisəsi yoxdur. X5 ilə əmək müqaviləsinə "xxxx" MMC-nin 27 sentyabr 2024-cü il tarixli, 134/K nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Xitamın əsasında işçi ilə işəgötürən arasında imzalanmış 16 fevral 2022-ci il tarixli əmək müqaviləsinə əlavə (dəyişiklik) olmuşdur. Tərəflər razılaşmışlar ki, işçi pensiya yaşına çatdıqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. X2 27 sentyabr 1959-cu il təvəllüdlü olduğundan 27 sentyabr 2024-cü il tarixdə pensiya yaşına çatmış hesab olunmuş və onunla əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi “LCG” vəkil bürosunun vəkili Vəkil verilmiş şikayətin məzmununa uyğun izahat verərək X2 ilə hüquqi əsas olmadan deyil, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verildiyini, belə olan halda inzibati xəta hadisəsinin olmadığını qeyd edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şikayət vermiş şəxsin nümayəndəsi X2 ilə bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edildiyini və əmək müqaviləsi bildirişinin qeydiyyata alındığını, lakin onunla bağlanmış 16 fevral 2022-ci il tarixli əmək müqaviləsinə əlavənin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədiyini və həmin əlavənin qeydiyyata alınmadığını, tərəflər arasında bununla bağlı yazılı müqavilənin olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək X2 ilə bağlanmış əmək müqaviləsinə əlavənin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədiyini və həmin əlavənin qeydiyyata alınmadığını, belə olan halda həmin əlavənin hüquqi qüvvəsinin olmadığını, əmək müqaviləsinə sonuncu dəyişikliyin 2023-cü ildə əmək haqqı ilə bağlı olduğunu, işçi ilə əmək müqaviləsinə tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarla xitam verilməsinə dair hər hansı əmək müqaviləsinə əlavənin qeydiyyata alınmadığını qeyd edərək mübahisələndirilən 19 noyabr 2024-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati cərimənin şərti tətbiq edilməsi haqqında 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardan görünür ki, vəətndaş X4 "xxxx" MMC ilə bağladığı 01 iyul 2008-ci il tarixli əmək müqaviləsinə 27 sentyabr 2024-cü il tarixdə əmək qanunvericiliyinin tələbləri pozulmaqla hüquqi əsas olmadan AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmiş, bununla da AR Əmək Məcəlləsinin 75.3 və 84.1-ci maddələrinin tələbləri pozulmuş və nəticədə X3 AR İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimənin şərti tətbiq edilməsi qərara alınmışdır. “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”indən görünür ki, 16 fevral 2022-ci il tarixdə X2 ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, onun vəzifə maaşı və vəzifə maaşına əlavənin məbləği artırılmışdır. “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”indən görünür ki, 17 mart 2023-cü il tarixdə X2 ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, onun əmək haqqı məbləği artırılmışdır. 16 fevral 2022-ci il tarixli “Əmək müqaviləsinə əlavə”dən görünür ki, X2 ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən işçinin vəzifə maaşı və vəzifə maaşına əlavə artırılmış, bununla yanaşı, müqaviləyə “Tərəflər razılaşırlar ki, işçi qanunvericilikdə nəzərdə tutulmuş pensiya yaşına çatdıqda hazırki əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər” məzmunda əlavə bənd artırılmışdır. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, həm iş materiallarında olan sənədlərlə, həm də məhkəmə iclasında müəyyən edilmiş hallarla "xxxx" MMC-nin direktoru X3 tərəfindən X2 ilə bağlanmış əmək müqaviləsinə hüquqi əsas olmadan xitam verilməsi müəyyən edilmişdir. İş materiallarına X5 ilə 16 fevral 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əlavədə “Tərəflər razılaşırlar ki, işçi qanunvericilikdə nəzərdə tutulmuş pensiya yaşına çatdıqda hazırki əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər” məzmunda şərt nəzərdə tutulsa da, həmin əlavə kağız daşıyıcıda olmaqla elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməmiş və qeydiyyata alınmamışdır ki, bu da həmin sənədin və onda nəzərdə tutulmuş həmin bəndin hüquqi qüvvəsinin olmamasına dəlalət edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. 75-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti də nəzərdə tutula bilər. 75-ci maddəsinin 3-cü hissəsinə əsasən tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinə xitam verilməsinin əsası göstərilir. İş materiallarında olan “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”indən görünür ki, 16 fevral 2022-ci il tarixdə X2 ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, onun vəzifə maaşı və vəzifə maaşına əlavənin məbləği artırılmış, həmin dəyişiklikdə tərəflərin razılaşmasına əsasən işçinin pensiya yaşına çatması ilə əlaqədar işəgötürənin əmək müqaviləsinə xitam verməsinə dair hər hansı qeyd olmamışdır. Bundan sonra 17 mart 2023-cü il tarixdə X2 ilə bağlanmış əmək müqaviləsinə yenidən dəyişiklik edilərək onun əmək haqqı məbləği artırılsa da, həmin dəyişiklikdə də tərəflərin razılaşmasına əsasən işçinin pensiya yaşına çatması ilə əlaqədar işəgötürənin əmək müqaviləsinə xitam verməsinə dair hər hansı qeyd öz əksini tapmamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi X2 ilə bağlanmış 16 fevral 2022ci il tarixli əmək müqaviləsinə əlavənin işçinin pensiya yaşına çatması ilə əlaqədar işəgötürənin əmək müqaviləsinə xitam verməsinə dair bəndinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmədiyini və həmin əlavənin qeydiyyata alınmadığını etiraf edərək bu halın inzibati xıta tərkibinin yaranması üçün əsas olmamasına, tərəflərin iradə ifadəsini özündə təsbit edən kağız daşıyıcıda olan əlavəyə istinad etsə də, məhkəmə nümayəndənin həmin dəlilini əsassız hesab edir. Belə ki, yuxarıda sadalanan normalardan göründüyü kimi, qanunverici əmək müqaviləsinin bağlanmasını, ona əlavə və dəyişiklik edilməsini özü-özlüyündə həmin müqaviləni və ya ona əlavə və dəyişikliyi bağlanmış tərəflər əmək münasibətlərinin yaranması, həmin dəyişiklik və əlavənin qüvvəyə minməsi üçün kifayət hesab etməməklə mütləq qaydada həmin əmək müqaviləsi və ya ona edilmiş və həmin müqavilənin tərkib hissəsi olan əlavə ya dəyişikliyin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi (ona əlavə və dəyişikliyin) bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirmiş və yalnız bundan sonra həmin müqavilənin və ya ona edilmiş əlavə və dəyişikliyin hüquqi qüvvəyə minməsini və tətbiqini mümkün hesab etmişdir. Lakin hazırki halda barəsində inzibati qaydada icraat aparılan işəgötürən X3 əmək qanunvericiliyin tələblərinə riayət etməyərək qeydiyyata alınmamış əmək müqaviləsinə əlavənin şərtini rəhbər tutaraq işçi ilə əmək müqaviləsinə hüquqi əsas olmadan xitam verməklə əmək qanunvericiliyin şərtlərini pozmuş və bununla da AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, X3 tərəfindən AR İXM-nin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, X1 AR İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 AR İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 19 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar