Məhkəmə qərarları › İş №3(008)-7977/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7977/2024

06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7977/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızının sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar Əsədova (Əmiraslanova) Günay Famil qızının iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Zəngilan rayonu, Cahangirbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Zəngilan rayonu, Cahangirbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Pirhüseyn Hüseynov küçəsi, nömrəsiz evdə yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2144/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən 7000 (yeddi min) manat aliment borcunun zərərçəkmiş Əsədova (Əmiraslanova) Günay Famil qızının xeyrinə ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən MN № ******* saylı, 06 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2144/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən 7000 (yeddi min) manat aliment borcunun zərərçəkmiş Əsədova (Əmiraslanova) Günay Famil qızının xeyrinə ödənilməsindən yayınır. Borclu hər ay 200 manatda artıq ödəniş edə bilmədiyi üçün borc məbləği yaranmışdır. Ona görə də borclu Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, aliment borcunu ödəməkdən imtina etmir, lakin maddi imkanı ağır olduğundan borcunu tam bağlaya bilməmişdir. Hal-hazırda işləmədiyi üçün ödənişlərdə gecikmələr olmuşdur. Yaxın vaxtda yeni işə düzələcək. Hər ay 200 manat ödəniş edir. Qalan borc məbləğini işə düzəldikdən sonra tez bir zamanda bağlayacağına söz verir. Məhkəmə iclasında iştirak edən tələbkar Əsədova (Əmiraslanova) Günay Famil qızı izahatında göstərmişdir ki, uşaqların saxlanılmasında çətinlik çəkir, hər ikisi məktəblidir. Borclu əvvələr hər ay 200 manat ödəniş edirdi, lakin 2024-cü il yanvar-dekabr ayında cəmi 700 manat ödəniş edib. Hissə-hissə ödəniş edib borcunu tez bir zamanda bağlaması üçün etiraz etmir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2144/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay, hər bir uşağa 136,6 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində aliment və X3 3 yaşına çatanadək 40 manat sabit məbləğdə pul cavabdeh Şəxs tutularaq zərərçəkmiş Əsədova (Əmiraslanova) Günay Famil qızının xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və tələbkarın izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarına əlavə edilmiş “tələbin könüllü icrası haqqında” 224595/2017-4-8 saylı bildirişdən görünür ki, icra sənədinin könüllü icrası barədə borcluya məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş “borclunun axtarışı haqqında” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2144/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə icrasından imtina etmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Göründüyü kimi Şəxs qətnamənin icrasından imtina etmir, hər ay aliment borcu üzrə 200 manat ödəniş edir. Bu səbəbdən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar