Məhkəmə qərarları › İş №3(008)-7980/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7980/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7980/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Şikayəti vermiş şəxs X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarda qeyd edilmişdir ki, “X5 LTD”Şirkətinin Azərbaycan Respublikasındakı filialının quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi Şahid1 xx.xx.2024-cü il tarixində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə ilə əlaqədar əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələbinə əməl edilməmiş, nəticədə onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələri rəhbər tutularaq, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. “X5 LTD” şirkətinin Azərbaycan Respubikasındakı filialının quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı əməkçisi Şahid1 xx.xx.2024-cü il tarixində işə gəlmiş, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair X8 tərəfindən təlimatlandırılmış, xüsusi iş formasını geyinmiş, əmək funksiyalarını icra etməyə başlamışdır. O və Filialın 5-ci dərəcəli quyuların əsaslı təmiri üzrə qazmaçı vəzifəsində işləyən Şahid2 Xəqani oğlu birlikdə boruları quyudan çıxarıb qəbul körpüsünün üstünə qoymaq işləri ilə məşğul olan zaman Şahid1 maye və qum tıxacı olan borulardan birini açarkən qaz təzahür etmiş, qumlu və çirkablı su onun gözünə üzünün yan tərəfindən daxil olaraq xəsarət yetirmişdir. Qeyd olunan bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.2-ci bəndinə əsasən onun nəzarətsizliyi müəyyən edilmiş, bu əsasla, barəsində inzibati cərimə tətbiq edilmişdir. Bununla bağlı o bildirmişdir ki, təhqiqat aparan inzibati orqanın da gəldiyi nəticəyə uyğun olaraq, həm də zərərçəkənin səhlənkarlığı ucbatından bədbəxt hadisə baş vermişdir. O bədbəxt hadisə baş verən zaman məişət butkasında öz vəzifə öhdəliklərini icra edərək sənədləşdirmə işləri ilə məşğul olduğunu bildirmişdir. Səsi eşidib çölə çıxdığı zaman zərərçəkmişin gözünü tutduğunu, eynəyinin də neftə bulaşdığını görmüşdür. Əvvəl onun qoruyucu eynək geyinmədiyini düşünsə də, sonradan məlum olmuşdur ki, o, qoruyucu eynəkdən istifadə etmişdir, lakin yüksək təzyiqlə çıxan maye eynəyin kənarından gözünə daxil olmuşdur. Zərərçəkmiş özü də izahatında qeyd etmişdir ki, o, hadisə zamanı qoruyucu eynəkdən istifadə etmiş, lakin maye yüksək təzyiqlə onun gözünə yan tərəfdən daxil olmuşdur, həmçinin, zərərçəkmiş öz səhlənkarlığını qəbul edərək heç bir tələb və şikayətinin olmadığını öz izahatında qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Şahid1 Elsəvən oğlu hadisədən öncə X8 tərəfindən təhlükəsizlik qaydalarına dair təlimatlandırıldığını, bədbəxt hadisə zamanı isə xüsusi iş formasını geyinməsinə və gözündə eynək olmasına baxmayaraq borulardan birini açarkən yüksək təzyiqli qumlu mayenin onun eynəyinin yan tərəflərindən daxil olaraq və eynəyi gözündən salaraq gözünə xəsarət yetirdiyini bildirmişdir. İndi özünü çox yaxşı hiss etdiyini, elə hadisə günü də gözündə ciddi bir narahatlıq olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X9 şikayətlə razılaşmayaraq bildirmişdir ki, hadisə zamanı istifadə olunan qoruyucu eynək araşdırma üçün təqdim edilməmiş, X8 həmin zaman işçilərə düzgün şəkildə nəzarət etməmiş, iş davam etdiyi müddətdə yanlarından bir an belə ayrılmamalı olduğu halda yanlarından ayrılmış və vəzifəsində səhlənkarlıq etmişdir. Həmçinin bildirmişdir ki, istifadə olunan eynəyin həmin işin standartlarına uyğun olub-olmaması yoxlanılmalı idi. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 Xəqani oğlu işə başlamadan öncə təhlükəsizlik qaydalarına dair təlimatlandırıldıqlarını və təlimata qol çəkdiklərini, mayenin eynəyin kənarlarında və altında olan boşluqlardan Şahid1 Elsəvən oğlunun gözünə daxil olduğunu və zərərçəkmiş şəxsin işlətdiyi qoruyucu eynəyin bədbəxt hadisə zamanı yüksək təzyiqə dözüm göstərməyərək yerə düşdüyünü və ona xəsarət dəydiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şikayəti verən şəxs X8 hadisə günü öz vəzifəsini yerinə yetirərək iş başlamadan öncə təhlükəsizlik qaydalarına dair işçilərin eləcə də, Şahid1 Elsəvən oğlunun təlimatlandırıldığını, xüsusi iş formasını geyindiklərini bildirmişdir. Bədbəxt hadisənin baş verdiyi gün də həmişəki kimi iş prosesinə nəzarət etmiş, digər vəzifə öhdəliklərinin icrası ilə bağlı bəzi sənədlərin hazırlanması üçün qısa müddətliyinə yanlarından ayrılmış və 3-5 metr aralıda yerləşən budkaya getmiş, elə 3-4 dəqiqə keçdikdən sonra Elçinin səsini eşitmişdir. Əvvəl Elçinin eynək taxmadığına görə gözünə qumlu maye dolduğunu düşünmüş amma sonra eynəyinin də çirkləndiyini görmüşdür. Bundan başqa, X8 iş başlamadan öncə təhlükəsizlik qaydalarına dair işçilərin təlimatlandırıldığını, təlimata qol çəkdiklərini və xüsusi iş formasını geyindiklərinə görə öz vəzifə öhdəliklərini yerinə yetirmişdir və təlimatın imzalandığını təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. Əmək Müfəttişliyi onun “özünün və başqalarının təhlükəsizliyinə zərər törədə biləcək istənilən işi dərhal dayandırmaq” vəzifəsini icra etmədiyini bildirərək onu cərimə etmişdir, halbuki o bu cür ani hadisələrin qarşısını ala və ya o an işi dayandıra bilməz, onlar pambıq sahəsində işləmirlər və bu cür hallar onların iş prosesində ola bilər, şəxsin gözündə ciddi bir xəsarət də olmayıb, yüksək təzyiqli maye eynəyin kənarlarından gözünə daxil olub, gözündən eynəyi salıb, gözü klinikada yuyulub hər hansı problemi olmayıb. Həmçinin barəsində tətbiq edilən inzibati cərimənin onun əməkhaqqına uyğun gəlməməsini, göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməsini və X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X8 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən "X5 LTD” şirkətinin işçisi xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı quyuların əsaslı və yeraltı təmiri üzrə ustası X8 əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə riayət etməmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 700 manat məbləğində cərimə edilmişdir. Təlimatlandıran şəxsin Həsənov C. olduğu xx.xx.2024 tarixli işdən öncə təlimatlandırma vərəqindən görünür ki, Şahid2, Şahid1 və Quluyev F. vəzifələrini qeyd edərək təlimatlandırma vərəqəsini imzalamışlar. “X6 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının quyuların əsaslı və yeraltı təmiri sexinin (QƏYTS) 1 saylı neft qaz çıxarma sahəsinin (NQÇS) 4-cü dərəcəli qazmaçı köməkçisi Şahid1 xx.xx.2024-cü il tarixdə saat 11:50 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat Aktından görünür ki, “X6 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş “Quyuların əsaslı və yeraltı təmiri sexinin quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşə təlimatı”nın “4. Məsuliyyət” bölməsinin 4-cü abzasının (İş zamanı təhlükəsizlik qaydalarına riayət etmək) və “5.SƏTƏM və MM üzrə ümumi qaydalar” bölməsinin 1-ci abzasının (Filialın əsas tələbi odur ki, sex və sahələrdə çalışan bütün işçilər və gələn qonaqlar icra olunan tapşırıqlara uyğun müvafiq FMV-dən istifadə etsinlər) tələbləri və “X6 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialın rəhbərliyi tərəfindən təsdiq edilmiş “Quyuların əsaslı və yeraltı təmiri sexinin quyuların əsaslı və yeraltı təmiri üzrə usta vəzifəsi təlimatı”nın “2. Əsas vəzifə və funksiyalar” bölməsinin 10-cu abzasının (Briqada üzvləri tərəfindən istehsalat və əmək intizamına riayət olunmasını təmin edir” və “5.SƏTƏM və MM üzrə qaydalar” bölməsinin 5-ci abzasının (özləri və ya başqalarının təhlükəsizliyinə zərər törədə biləcək istənilən işi dərhal dayandırmaq) tələbləri pozulmuşdur. Şahid1 X10 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə iş yerinə gəlmiş, həmin gün təlimatlandırılmış, iş formasını geyinmiş və əmək funksiyalarını icra etməyə başlamışdır. Borunu açan zaman qumla qarışıq su gözünə xəsarət yetirmişdir. Əmək funksiyalarını icra edən zaman eynəkdən istifadə etmiş, lakin su və qum təzyiqlə gəldiyindən eynəyin ətrafındakı boşluqlardan gözünə dolmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş qurumun nümayəndəsini, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi, bədbəxt hadiə nəticəsində xəsarət alan şəxsi və hadisənin şahidi olmuş şəxsi dinləyib hesab edir ki, X3 şikayəti təmin edilməlidir. Belə ki, X3 əməlində inzibati xəta tərkibi olması sübuta yetirilmir. İnzibati xəta haqqında protokolun tərtib olunmasının əsası kimi, hadisənin təhqiqat Aktında “X6 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialın rəhbərliyi tərəfindən təsdiq edilmiş “Quyuların əsaslı və yeraltı təmiri sexinin quyuların əsaslı və yeraltı təmiri üzrə usta vəzifəsi təlimatı”nın “2. Əsas vəzifə və funksiyalar” bölməsinin 10-cu abzasının (Briqada üzvləri tərəfindən istehsalat və əmək intizamına riayət olunmasını təmin edir” və “5.SƏTƏM və MM üzrə qaydalar” bölməsinin 5-ci abzasının (özləri və ya başqalarının təhlükəsizliyinə zərər törədə biləcək istənilən işi dərhal dayandırmaq) tələblərinin pozulduğu qeyd olunmuşdur. X2, həm də hadisə zamanı orda olmuş işçilər işə başlamadan öncə təhlükəsizlik qaydalarına dair təlimatlandırıldıqlarını və təlimata qol çəkdiklərini, xüsusi iş geyimində olduqlarını bildirmişlər. X8 isə həmişəki kimi iş prosesinə nəzarət etdiyini, qısa müddətliyinə yanlarından ayrılaraq sənədlərin hazırlanması üçün 3-5 metr aralıda olan budkaya getdiyini bildirmiş, hadisənin də o qısa zaman kəsiyində baş verdiyini bildirmişdir. X10 “2. Əsas vəzifə və funksiyalar” bölməsinin 10-cu abzasının “Briqada üzvləri tərəfindən istehsalat və əmək intizamına riayət olunmasını təmin edir” tələbinin pozulmasını əsas gətirdikdə barəsində inzibati tənbeh tətbiq edilən şəxsin tam olaraq hansı hərəkəti etməli olduğunu amma etmədiyini, yəni “nəzarətsizliyin” hansı hərəkətlərdə əks olunduğunu qeyd etməmişdir. X8 və ya Şahid2 Xəqani oğlu təhqiqat komissiyasına verdikləri izahatda Şahid1 gözündə eynək olmadığını qeyd etdikləri halda məhkəmə iclası zamanı onun eynəyinin olduğunu bildirərək ziddiyətli ifadə vermiş, səbəbini soruşduqda isə elə xatırladıqlarını, eynəyin yüksək təzyiq nəticəsində yerə düşüdüyünü və buna görə o an eynəyi olmadığını qeyd etdiklərini bildirmişlər. Hadisə nəticəsində xəsarət alan Şahid1 həm X7 verdiyi izahatda, həm də məhkəmə iclasında çıxışı zamanı hadisə anında eynəyinin olduğunu bildirmişdir. Bir şəxsin gözündə şəffaf bir eynəyin olubolmaması faktı digər şəxslərin çox da diqqətini çəkməyə və yadlarında qalmaya və ya ya yanlış qala bilər. Amma şəxsin özü eynəyi olub-olmadığını digər şəxslərdən daha dəqiq bilə bilər. Bundan başqa, inzibati tənbeh sırf hadisə anında qoruyucu eynəyin olmaması nəticəsində şəxsin xəsarət alması əsası ilə tərtib olunduğu halda, hadisə anında şəxsin eynəyinin olub-olmaması barədə belə ziddiyyətli ifadələrin olması şəxsin həqiqətən hadisə anında eynəyinin olub-olmaması ilə bağlı dəqiq nəticəyə gəlməyə imkan vermir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasında Şahid1 hadisə günü gözündə olduğunu iddia etdiyi eynəklə eyni növdən olan eynəyə baxış keçirilmişdir. Eynəyin kənarlarında və altında boşluq olduğundan, eləcə də eynəyin üzərində bağlanılması üçün əlavə vasitə olmadığından eynəyin kənarındakı boşluqlardan gözə maye dolması və yüksək təzyiqli təsir nəticəsində gözdən düşməsi ehtimalı mümkündür. Bundan başqa, Şahid1 inzibati xəta haqqında protokolu tərtib edən orqana verdiyi izahatında hadisə anı gözündə eynək olduğunu və mayenin eynəyin yan tərəflərindən gözünə dolduğunu bildirdiyi halda təhqiqat komissiyası tərəfindən bu peşədə çalışan işçilərin istifadə etdiyi eynəyə baxış keçirilməmiş və eynəyin həmin vəzifənin icrası zamanı yarana biləcək təhlükənin qarşısını almağa uyğun eynək olub-olmadığı araşdırılmamışdır. X10 Xidmətinin nümayəndəsi məhkəmə iclası zamanı eynəyin uyğun olub-olmamasının araşdırılması və uyğun olmaması halında işəgötürənin də məsuliyyətinin yarana biləcəyini bildirmişdir. Görünür elə o səbəbdəndir ki, “X6 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının “istehsalatda bədbəxt hadisə” haqqında 08/2024 saylı AKT-ında da hadisə nəticəsində xəsarət alan Şahid1 hadisə zamanı gözündə eynək olması və qumlu mayenin eynəyin kənarlarından gözünə dolması ilə bağlı verdiyi ifadəsi nəzərə alınmamış, eynəyin həmin vəzifənin icrası zamanı yarana biləcək təhlükələrin qarşısını almağa uyğun eynək olubolmadığı araşdırılmamış, “X6 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərliyi tərəfindən təsdiq edilmiş “Quyuların əsaslı və yeraltı təmiri sexinin quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşə təlimatı”nın “4. Məsuliyyət” bölməsinin 4-cü abzasının (İş zamanı təhlükəsizlik qaydalarına riayət etmək) və “5.SƏTƏM və MM üzrə ümumi qaydalar” bölməsinin 1-ci abzasının (Filialın əsas tələbi odur ki, sex və sahələrdə çalışan bütün işçilər və gələn qonaqlar icra olunan tapşırıqlara uyğun müvafiq FMV-dən istifadə etsinlər) tələbləri və “X6 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialın rəhbərliyi tərəfindən təsdiq edilmiş “Quyuların əsaslı və yeraltı təmiri sexinin quyuların əsaslı və yeraltı təmiri üzrə usta vəzifəsi təlimatı”nın “2. Əsas vəzifə və funksiyalar” bölməsinin 10-cu abzasının (Briqada üzvləri tərəfindən istehsalat və əmək intizamına riayət olunmasını təmin edir” və “5.SƏTƏM və MM üzrə qaydalar” bölməsinin 5-ci abzasının (özləri və ya başqalarının təhlükəsizliyinə zərər törədə biləcək istənilən işi dərhal dayandırmaq) tələblərinin pozulması iddia edilməklə məsuliyyət yalnız xəsarət alan şəxsə və ustaya aid edilmişdir. X10 Xidməti tərəfindən inzibati xəta haqqında prtokol tərtib edilərkən həmçinin “5.SƏTƏM və MM üzrə qaydalar” bölməsinin 5-ci abzasının (özləri və ya başqalarının təhlükəsizliyinə zərər törədə biləcək istənilən işi dərhal dayandırmaq) vəzifəsinin pozulduğu əsas götürülmüşdür. Amma iş materiallarından və hadisənin mexanizmindən görünür ki, turbadan qumlu mayenin yüksək təzyiqlə çıxması anidən baş vermişdir. X10 Xidməti şəxsi inzibati məsuliyyətə cəlb edərkən aşağıdakı məsələlər araşdırılmamışdır:

1. X3 qumlu mayenin anidən turbadan yüksək təzyiqlə çıxması təhlükəsini öncədən görməsi mümkün idimi? Bu təhlükəni görməli idimi? Və ya lazımi diqqət və ehtiyatlılıq göstərərək görə bilərdimi?

2. X8 həmin təhlükəni görsəydi, təhlükəni gördüyü andan mayenin təzyiqli vurduğu ana qədər hadisənin qarşını almaq məqsədilə işi dayandırmaq üçün kifayət qədər zamanı olardımı? Məhkəmə hesab edir ki, X8 təhlükəni görüb və ya görməli olduğu halda görməyib işi dayandırmaq üçün imkan olmasına baxmayaraq işi dayandırmaması nəticəsində hər hansı bədbəxt hadisə baş verərdisə “5.SƏTƏM və MM üzrə qaydalar” bölməsinin 5-ci abzasının (özləri və ya başqalarının təhlükəsizliyinə zərər törədə biləcək istənilən işi dərhal dayandırmaq) vəzifəsinin pozuntusu baş verərdi. İnsan Hüquqlari Üzrə Avropa Məhkəməsinin Mikayıl Məmmədov Azərbaycana Qarşı olan iş üzrə qərarında da Məhkəmə təhlükənin yaranma anı ilə onun qarşının alınması üçün imkanlarla bağlı aşağıdakıları qeyd etmişdir: “116. Məhkəmə təsdiq edir ki, insan davranışının gözlənilməzliyi və müvafiq olaraq, şifahi hədə ilə özünü yandırma hərəkəti arasında qısa vaxtın olduğunu nəzərə alaraq, onlar həqiqətən məhdud vaxta malik ola bilərdilər və ağlabatan şəkildə hərəkət etmək üçün onların ixtiyarında məhdud vasitələr olmuşdur.

117. Lakin Məhkəmə qeyd edir ki, hazırkı işdə hadisənin özü ətrafında olan dəqiq faktiki hallar həddən artıq mübahisələndirilir və aydın olmaqdan uzaq olmaqla, qurbanın intihar etmək niyyəti barədə Dövlət rəsmilərinin əvvəlcədən xəbərdar olmalı olduğunu və belə olduqda, bu hallarda onlar tərəfindən hansı hərəkətlərin ağlabatan görülə biləcəyini müəyyən etməyi çətinləşdirir. Şahid ifadələrinin ziddiyyətli xarakterini nəzərə alaraq, Dövlət rəsmilərinin Çiçək Məmmədovanın həyatına təhlükədən nə vaxt xəbərdar olduğu dəqiq aydın deyildir. Daha spesifik olaraq, Çiçək Məmmədova özünü yandırmağa hazırlaşmağa başlamaqla özünü yandırdığı vaxtda bütün Dövlət rəsmilərinin ərizəçinin yaşadığı yerin daxilində və ya kənarında olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən, hər hansı Dövlət rəsmilərinin onun hədələrini eşidib-eşitməməsini, onun hazırlaşdığını görüb-görmədiyini və ya yalnız qarşısını almağa artıq gec olduqda bu barədə xəbərdar olduqlarını aydınlaşdırmaq mümkün olmadı. Dövlət rəsmilərindən içəridə olan olubsa, onların qurbandan nə qədər uzaq olduğu aydın deyildir. Bütün Dövlət rəsmiləri kənarda olublarsa, olduqları yerdən onların Çiçək Məmmədovanın müvafiq hərəkətlərini görüb görmədikləri də aydın deyildir. Hədənin edildiyi anla onun özünü yandırdığı an arasında nə qədər vaxtın keçdiyi və onun nə qədər vaxtda yandığı da aydın deyildir. Bundan başqa, yaxında olanlar tərəfindən Çiçək Məmmədovaya tez və asan yetişməyə hər hansı fiziki maneələrin olub olmamasını müəyyən etməyi mümkün edən sözügedən sahənin mərtəbə planına və onun daxili və xarici xüsusiyyətlərinə aid hər hansı məlumat yoxdur.

118. Eyni səbəblərə görə, hazırkı işin spesifik hallarında onun həyatını xilas etmək üçün Dövlət rəsmilərinin atmalı olduqları hər hansı spesifik addımları müəyyən etmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, bədbəxt hadisə nəticəsində xəsarət alan şəxsin hadisə anında gözündə qoruyucu eynəyin olub-olmaması ilə bağlı izahat və ifadələrdə olan ziddiyyətlər və şübhələr inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll olunmalıdır. “5.SƏTƏM və MM üzrə qaydalar” bölməsinin 5-ci abzasının “Özləri və ya başqalarının təhlükəsizliyinə zərər törədə biləcək istənilən işi dərhal dayandırmaq” vəzifəsinin pozulması hissəsində isə tədqiq olunmuş materiallar X3 təqsirli olduğunun sübuta yetirilməsində yetərli olmadığından X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar