Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7991/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsədov küçəsi, ev 1-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə MN seriyalı ******* saylı, 09 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 09 dekabr 2024-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, 13 noyabr 2024-cü il tarixdə mesajlaşma vasitəsilə Şəxs X1 ünvanına təhqiramiz və nalayiq ifadə yazaraq xırda xuliqanlıq hərəkəti etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati icraat aparılan şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq polis əməkdaşı Şəxs zərərçəkmiş şəxsi telefon vasitəsi ilə və “Whatsapp” proqramında şəxsi mesaj yazaraq təhqir etdiyini bildirmiş, onun həmin əməli ilə hansı ictimai qaydanın pozulması ilə bağlı verilmiş suala cavab verə bilməmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində ailəsi birlikdə yaşayır. X2 yoldaşının dostu Raminin münasibətdə olduğu şəxs kimi tanımışdır. Sonradan Ramini öz nişanlarına dəvət etmişlər, Ramin onların dəvəti olmadan Aynurə xanımla birlikdə gəlmişdir. Sonuncu dəfə isə onun xanıma yazmaq səbəbi telefonunda adı çıxdığı üçün və başqa Aynurə xanımların olmağı səbəbi ilə həmin qadının hansı Aynurə xanım olduğunu bilmək məqsədilə WhatsApp vasitəsilə yazmışdır. O qeyrietik ifadə “Sənə Zaur lazımdır” dediyinə görə aralarında mübahisə yaranmış və onu telefonda təhqir etmişdir. Xanımın dediyi bəzi məlumatlar yalandır. Həmin xanımın ailəsində heç bir problem yaranmayıb. Əgər yoldaşı tərəfindən xanıma hər hansı problem olubsa bunu real şəkildə sübut etsin. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 öz izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ona “WhatsApp” sosial şəbəkəsindən kim olduğunu, yoldaşı Fərrux və qaynı Haldunu tanıyıb-tanımadığını soruşmuşdur. Zərərçəkmiş şəxs tanıdığını dedikdən sonra ona təhqiramiz və nalayiq sözlər işlətmişdir. Bundan başqa sədrlik edənin sualına cavab olaraq təhqiramiz sözlərin yalnız şəxsin özünə mesaj şəklində göndərildiyi, aralarında bundan başqa hər hansı bir halın yaşanmadığı bildirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* saylı, 09 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 13 noyabr 2024-cü il tarixdə zərərçəkmiş şəxs X2 nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs yazılı izahatından görünür ki, zərərçəkmiş şəxs ilə “Whatsapp” proqramında yazışmalar zamanı Aynurə Rzazadə ona qeyri-etik ifadə “Sənə Zaur lazımdır” dediyinə görə o da zərərçəkmişi təhqir etdiyini etiraf etmişdir. “Whatsapp” proqramında olan yazışmalardan çıxarış; X1 ona məxsus olduğunu bildirdiyi səs yazısı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını tədqiq edərək Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibinin olmaması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, AR İXM-nin 510-cu maddəsinin tərkibinin yaranmasının əsas və yeganə şərti şəxsin əməli ilə ictimai qaydanın pozulmasının müəyyən edilməsidir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda ictimai qaydanın pozulmasının nədə ifadə olunması ümumiyyətlə öz əksini tapmamış, məhkəmə iclasında isə barəsində inzibati qaydada icraat aparılan şəxsin hərəkətləri ilə ictimai qaydanın ümumiyyətlə pozulmadığı müəyyən edilmişdir. Belə ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Hazırki halda Şəxs zərərçəkmiş şəxslə telefon vasitəsilə və ya sosial şəbəkədə şəxsi yazışmalar zamanı mübahisə etməsi, mübahisə əsnasında qeyri-etik söz söyləməsi cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının pozulmasına səbəb olmamışdır ki, belə olan halda Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibinin olmasından söhbət gedə bilməz. Göründüyü kimi, nə tərəflərin izahatları, nə də iş materiallarında olan sənədlər və sübutlarla Şəxs əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibinin olması öz təsdiqini tapmamışdır. Odur ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin dispozisiyasına əsasən yalnız ictimai qaydanı pozan hərəkətlər inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə yuxarıda göstərilənlərə əsasən Şəxs tərəfindən ictimai qaydanın pozulması halının mövcudluğu istisna olunduğundan və bununla da onun əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-7991/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7991/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver