Məhkəmə qərarları › İş №3(008)-7992/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7992/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7992/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Sabunçu rayonu İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMC-nin qanuni təmsilçisi Həsənov Sənan Vəkil oğlu, tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-464/2023 saylı, 21 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs MMC tərəfindən 5943 (beş min doqquz yüz qırx üç) manat borc qərəzli olaraq ödənilməmişdir. Bu barədə Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərəfindən MN № ******* saylı, 09 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 izahatında göstərmişdir ki, borclu Şəxs MMC tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2-2(113)-464/2023 saylı, 21 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən 5943 (beş min doqquz yüz qırx üç) manat borc qərəzli olaraq ödənilməmişdir. Borclu barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Həsənov Sənan Vəkil oğlu izahatında göstərmişdir ki, müvafiq icra sənədindən xəbərdar olduğunu, avqust ayında işlərinin zəif olması ilə əlaqədar olaraq bir neçə ay ödəniş edə bilmədiyini, icra vərəqəsi üzrə borcunu ödəməkdən imtina etmir, əvvəlki ödənişlərlə birlikdə okyabr ayında 150 manat, dekabr ayında 150 manat, əlavə olaraq məhkəmə iclası zamanı da 300 manat olmaqla ümumilikdə bugünədək təxminən 1700 manat ödəniş etdiyini, Şəxs MMC-nin fəaliyyətinin dayandırıldığını və üzərindəki borclarını tədrisçi kimi işləyərək az-az ödəməyə çalışdığını, adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlakın olmadığını, aidiyyəti təşkilatlarda qiymətli kağızlarının və əmanətlərinin olmadığını, dekabrın 29-na kimi qalıq borcun 1200 manatını, yanvar və fevral aylarında isə borcun yerdə qalan hissəsini 2 hissəyə bölməklə ödəyəcəyinə söz verdiyini bildirmiş, məhkəmə iclası vaxtı da 300 manat ödəniş edərək qəbzini təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş "xxxx" MMC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, icra vərəqəsi üzrə borclu Şəxs MMC tərəfindən indiyədək təxminən 1700 manat məbləğində ödəniş edildiyini, məhkəmə iclasında qənzə əsasən 300 manat ödəniş edildiyini təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2-2(113)- 464/2023 saylı, 21 fevral 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxsndən 5540,22 manat (beş min beş yüz qırx manat iyirmi iki qəpik) əsas borc, 280 (iki yüz səksən) manat cərimə, 100 (yüz) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,93 manat (iyirmi iki manat doxsan üç qəpik) olmaqla, cəmi 5943,15 manat (beş min doqquz yüz qırx üç manat on beş qəpik) məbləğində pul iddiaçı "xxxx" X1 xeyrinə tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs MMC-ə göndərilmişdir. xx.xx.2024-cü il tarixli Şəxs MMC-dən 5943.15 manat məbləğində pulun və 416.02 manat icra ödənişinin tutularaq Sabunçu rayon İcra Şöbəsinin hesabına köçürülməsinə dair inkasso sərəncamları tərtib edilərək "xxxx" ASC-nin Xətai filialının, "xxxx" ASC-nin 15 saylı filialının və "xxxx" ASC-nin rəhbərliklərinə ünvanlanmış, lakin hər biri tərəfindən Şəxs MMC-nin hesabında vəsait olmaması səbəbindən icra olunmadan geri qaytarılmışdır. Təqdim edilmiş "xxxx" ASC-nə məxsus qəbzin surətindən görünür ki, 300 manat ödəniş edilmişdir və bunu tələbkarın nümayəndəsi də təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs MMC Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2-2(113)-464/2023 saylı, 21 fevral 2023-cü il tarixli icra vərəqəsinin icrasından imtina etmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Göründüyü kimi, Şəxs MMC qətnamənin icrasından imtina etmir, ümumilikdə bugünədək təxminən 1700 manat ödəniş etdiyini, dekabrın 29-na kimi qalıq borcun 1200 manatını, yanvar və fevral aylarında isə borcun yerdə qalan hissəsini 2 hissəyə bölməklə ödəyəcəyinə söz verməklə icra vərəqəsi üzrə zərərçəkmiş şəxslə razılaşır. Bu səbəbdən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar