Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7997/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin sahə inspektoru Samir Mirzəyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi tərəfindən 09 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola və raporta əsasən Şəxs 07 dekabr 2024-cü il tarixdə özünü şübhəli apardığı üçün polis əməkdaşları tərəfindən ona yaxınlaşılmış, sənədləri üzərində olmadığında polis şöbəsinə dəvət edilmişdir. Narkotik vasitə çəkməsinə şübhə olduğundan narkoloji müayinədən keçən zaman onun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin sahə inspektoru, Samir Mirzəyev iş materiallarına əlavə edilmiş narkoloji rəyə əsasən Şəxs narkotik vasitə istifadəçisi olmasının müəyyən edildiyini qeyd edərək inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, onda psixoloji xəstəliklər yaranmış, yalnız sakitləşdirici dərmanlar qəbul etmiş, narkotik vasitədən istifadə etməmişdir. Sakitləşdirici dərmanları qəbul etdiyi üçün peşmandır, xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 09 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 dekabr 2024-cü il tarixdə narkoloji müayinədən keçən zaman onun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. 07 dekabr 2024-cü il tarixli, AZA 018087 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 dekabr 2024-cü il tarixdə, saat 12:40-da tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 dekabr 2024-cü il tarixli, 7722 saylı rəyindən görünür ki, Şəxs güclü təsiredici maddələrin, sedativ və yuxu gətirici vasitələrin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU aşkar olunur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Raporta əsasən Şəxs 07 dekabr 2024-cü il tarixdə özünü şübhəli apardığı üçün polis əməkdaşları tərəfindən ona yaxınlaşılmış, sənədləri üzərində olmadığında polis şöbəsinə dəvət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.1-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 206-cı maddəsinin əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati tənbeh tədbiri tətbiq edilə bilər. “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi” haqqında 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 dekabr 2024-cü il tarixli, 7722 saylı rəyindən görünür ki, Şəxs güclü təsiredici maddələrin, sedativ və yuxu gətirici vasitələrin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU aşkar olunur. Göründüyü kimi İXM-nin 206-cı maddəsinin dizpozisiyasında güclü təsiredici maddələrin istehlakı, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmadığından Şəxs əməlində inzibati xəta hadisəsi yoxdur. Belə ki, məhkəmə iclasında izahatı alınmış barəsində inzibati qaydada icraat aparılan şəxs hazırda onda aşkar edilmiş psixi xəstəliklərlə əlaqədar sakitləşdirici dərmanlar qəbul etdiyini göstərmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə Şəxs hazırda AR İXM-nin 206-cı maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-7997/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7997/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver