Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8009/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs X3 iştirakları ilə, 17 mart 1970-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ polis polkovniki X7 tərəfindən tərtib edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında X3 şikayətinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyənetdi: X4 məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ polis polkovniki X7 tərəfindən tərtib edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və bununla bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2024-cu il tarixdə axşam saatlarında əyləşdiyi məclisdə içki qəbul etdiyi üçün özünə məxsus olan "Kia Cadenza” minik markalı, "**-HK-***" dövlət qeydiyyat nişanlı avtomobilini idarə etməsi üçün Bolt tətbiqi vasitəsi ilə ayıq sürücü xidmətindən sürücü sifariş etmişdir. Ayıq sürücü onun avtomobilinə əyləşmiş və onu idarə edərək Baksolda yerləşən “Titanik” restoranından yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci döngədə yerləşən evinə gətirmişdir. Saat təxminən 23:50-də qapıda ayıq sürücü düşüb getdikdən sonra DYPİ avtomobili yaxınlaşmışdır. Bu anda ayıq sürücü də geri qayıtmışdır. Birgə söhbət zamanı DYPİ əməkdaşı onun avtomobili içkili vəziyyətdə idarə etdiyini söyləmişdir. O isə etiraz edərək yalan danışdığını, avtomobili ayıq sürücünün idarə etdiyini, bunun küçədə olan kameralarla təsdiq olunduğunu bildirmişdir. Buna baxmayaraq DYPİ əməkdaşı onu təkidlə sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinəyə getməyi, avtomobilini isə qapısından aparıb cərimə meydançasına yerləşdirilməsini tələb etmişdir. Yol boyunca o DYPİ əməkdaşına izah etməyə çalışmışdır ki, ayıq sürücü onun avtomobilini qapıda saxlayıb getikdən bir müddət sonra yaxınlaşmışdır və onu avtomobili idarə edərkən aşkar etməmişdir. Bu səbəbdən o tibbi müayinədən keçməli deyildir. Birlikdə həkimin yanına getmiş və orada X4 müayinədən keçməkdən imtina etmişdir və səbəb olaraq avtomobil idarə etmədiyindən tibbi müayinədən keçmək kimi bir vəzifəsi olmadığını göstərmişdir. O, tibbi müayinədən boyun qaçırmadığını qeyd etmişdir. xx.xx.2024-cü il tarixli İXP6677481 nömrəli protokol əsasında tərtib edilmiş 21 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 10 noyabr 2024-cü il tarixdə, saat 00:00-da “Kia Cadenza” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərən Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinəsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan şəxs X1 vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmədiyini və məhkəmədən şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ polis polkovniki X7 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İXP6677481 nömrəli protokol əsasında tərtib edilmiş 21 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 10 noyabr 2024-cü il tarixdə, saat 00:00-da “Kia Cadenza” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərən Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinəsindən imtina etmiş və Azərbaycan Respublikasının İXM-nin 343.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. İş materiallarından görünür ki, X3 AR İXM-nin 343.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 21 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında məkəmə tərəfindən məhz qərarın qəbul edilməsi zamanı hər hansı sübuta istinad edilməmiş, X3 nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi barədə heç bir araşdırma aparılmamışdır. X4 məhkəmə iclasında izahatında göstərmişdir ki, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməmiş, həmin zaman ayıq sürücü xidmətindən istifadə etmiş, ayıq sürücü də hadisə yerində olmuş, buna da CD diski təqdim edərək, hadisə yerində ayıq sürücünün olmasını, inzibati araşdırma zamanı ona məlumat verilmədən qərar qəbul edilməsini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində olan 21 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, onun müraciətlərinə düzgün məlumat daşımayan məktubla cavab verilmiş, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, videogörüntüyə baxış keçirilməli, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, ayıq sürücü xidmətindən istifədə edilməsi araşdırılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi blanket normadır və həmin Məcəllənin 333.1-ci maddəsinə göndəriş edir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh tətbiq edilməsi nəzərdə tutulmuşdur. X2 nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi sübuta yetirilməzsə hazırki inzibati xətanın törədilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 21 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 şikayəti qismən təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş 21 noyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-8009/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8009/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver