Məhkəmə qərarları › İş №3(008)-8015/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8015/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8015/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan və onun əsasında qəbul edilmiş 23 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. MÜƏYYƏN ETDİ: Şikayətçi şikayətini onunla əsaslandırmışdır Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisində həmin idarənin müfəttişləri tərəfindən “Buta Baku“ restoranında keçirilən monitorinq nəticəsində atmosfer havasına atılan zərərli maddələrin yol verilə bilən həddən artıq olmasını və bununla da X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 10 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, 23 noyabr 2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək həmin şəxs barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə müəyyən olunmuşdur. X6 bildirmişdir ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Sabunçu qəsəbəsi, Bağüstü küçəsində yerləşən "Buta Baku" restoranında ümumiyyətlə, manqaldan istifadə olunmamışdır ki, ətraf mühitə zərərli maddələr atılmış olsun. 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən həmin tarixdə (xx.xx.2024-cü il) "Buta Baku" restoranına, restoranda mövcud olan manqala və təmizləyici qurğuya baxış keçirilməyib. O həmin tarixdə ümumiyyətlə Bakı şəhərində olmadığını bildirmişdir. O bildirmişdir ki, 11 saylı RETSİ-nin 10 noyabr 2024-cü il tarixli ******* nömrəli protokolunda zərərli maddələrin normativlərdən artıq olması hər hansı bir xüsusi texniki vasitə ilə aşkar olunmayıb, bununla bağlı İdarə əməkdaşları "Buta Baku" restoranında heç bir araşdırma aparmayıb, qeyd olunanları təsdiq edəcək akt (sənəd) və ya protokol onun iştirakı ilə tərtib olunmayıb və onun tərəfindən imzalanmayıb. İdarə əməkdaşlarının onun iştirakı və xəbəri olmadan formal yazdıqları protokolda kobud pozuntulara yol verildiyini bildirmişdir. Belə ki, protokol bir neçə şəxs tərəfindən yazılıb, xüsusi texniki vasitənin göstəricilərinin qeyd olunduğu hissə protokol yazan şəxs tərəfindən deyil, tamamilə başqa bir şəxs tərəfindən sonradan əlavə edilmişdir. Ölçmənin aparıldığı Ankat 64 m3-04 cihazının son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt xx.xx.2023-cü il qeyd olunmuş, növbəti yoxlamanın aparılacağı vaxt isə xx.xx.2024-cü il tarixi qeyd olunmuşdur. Yəni ölçmə işlərinin aparıldığı vaxt həmin cihazın protokolda qeyd olunmuş sənədi (sertifikatı) etibarlı olmamışdır. Qeyd etmişdir ki, o həmin cihazın sertifikatını dəfələrlə İdarədən tələb etsə də, ona təqdim edilməmişdir. Göründüyü kimi İdarə əməkdaşlarının ölçmə apardıqları və protokolda qeyd etdikləri cihazın sertifikatı belə olmamış, onun protokolda qeyd etdikləri sertifikatının vaxtı xx.xx.2024-cü il tarixdə bitmişdir. 11 saylı RETSİ tərəfindən X6 barəsində tərtib olunmuş protokol, akt və ya qərarda isə ümumiyyətlə atmosfer havasına zərərli maddələrin hansı mənbədən (manqal, təndir və.s.) atıldığı belə müəyyən olunmayıb və həmin tullantıların nədən yarandığı bilinmir. ETSN-nin 3 əməkdaşı tərəfindən öz aralarında formal olaraq tərtib edilərək imzalanmış akt onun barəsində tərtib edildiyi halda, Məmmədov Valeh adlı şəxsin iştirakı ilə tərtib edildiyi və həmin şəxsin imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. O belə bir şəxsə nümayəndəsi olmaq barədə etibarnamə verməmişdir. Aktda qeyd olunmuşdur ki, "monitorinq zamanı qaz-toz tutucu qurğunun olduğu müəyyən edilmişdir, iaşə obyektinin fəaliyyətdə olduğu zaman səyyar Ankat cihazı vasitəsilə ölçmə analiz işləri aparılmış və bu nəticələrə əsasən atmosfer havasına atılan CO miqdarı 9.5 mq\m təşkil edərək ətraf mühit üçün yol verilən həddən artıq olmuşdur". O bildirmişdir ki, həmin vaxt restoranda mövcud olan nə qurğu, nə də manqala ETSN əməkdaşları tərəfindən baxış keçirilmişdir. 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən imzalanmış aktda da qeyd olunmuşdur ki, fəaliyyətdə olduğu müddət ərzində obyektin ətrafında ölçmə işləri aparılmış və nəticələrə əsasən atmosferə atılan zərərli qazın miqdarının ətraf mühit üçün yol verilən hədd normasından artıq olmuşdur. Göründüyü kimi, ETSN-nin əməkdaşlarının özləri də təsdiq edir ki, həmin vaxt restoranın manqalı yox, restoranın özü fəaliyyətdə olmuşdur və ölçmə monitorinq işləri "Buta Baku" restoranında deyil, onun ətrafında aparılmışdır. Qeyd etmişdir ki, restoranın ətraf ərazilərində aparılmış monitorinq heç bir halda həmin restorana aid edilə bilməz, restoranın ətraf ərazisində havada zərərli maddələrin çox olmasının həmin restorana heç bir aidiyyatı yoxdur. Belə ki, həmin ünvanda çoxlu sayda digər iaşə obyektləri, restoranlar və digər obyektlər fəaliyyət göstərir. "Buta Baku" restoranına fəaliyyət göstərdiyi gündən ekoloji standartlara və normalara tam cavab verən təmizləyici qurğu quraşdırılmış və mütəmadi olaraq qurğuya texniki xidmət həyata keçirilir, tez-tez filterləri təmizlənir, lazım gəldikdə dəyişdirilərək yenisi ilə əvəz olunur. Bununla da ETSN əməkdaşları tərəfindən tərtib olunmuş bütün sənədlər formal olaraq əsassız tərtib edilmiş və əməkdaşlar ümumiyyətlə "monitorinq və ya ölçmə işlərini düzgün həyata keçirməmişlər. Məhkəmə iclasında X1 təqdim etdiyi şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, atmosferə atılan zərərli maddələrin həddini ölçən cihazın qanunla müəyyən olunmuş qaydada sonuncu dəfə yoxlamadan xx.xx.2023-cü il tarixdə keçməsi, növbəti yoxlamının xx.xx.2024-cü il tarixli olması qeyd edilsə də həmin tarixdən sonra kalibrləşmədən nə zaman keçməsi barədə məlumatın protokolda qeyd olunmaması və müvafiq sertifikatın olmaması protokol və qərarın ləğvi üçün əsasdır. Odur ki, 10 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 23 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında əvvəl iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 protokolun məzmununa uyğun çıxış edərək X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyini, “Buta Baku” restoranında keçirilən monitorinq nəticəsində atmosfer havasına atılan zərərli maddələrin yol verilə bilən normadan artıq olmasını bildirmişdir. Həmçinin atmosferə atılan zərərli maddələrinin həddini ölçən cihazın xüsusi yoxlamadan keçdiyini təsdiq edən kalibrləmə sertifikatını məhkəməyə təqdim edəcəyini, ölçmənin qanunla müəyyən olunmuş qaydada dəqiq aparıldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Əlavə edilmiş 87922 saylı xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, "Buta Baku" restoranının nümayəndəsi qismində X2 adı qeyd edilmiş, aktın tərtibində iştirak etməsi, lakin akta imza etməkdən imtina etməsi qeyd edilmişdir. 10 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda isə X4 iştirak etməsi və izahat verməkdən imtina edilməsi qeyd edilmişdir. Eyni tarixdə yəni, 10 noyabr 2024-cü il tarixdə tərtib edilmiş Akt və Protokolda fərqli şəxslərin iştirakı Akt və Protokolun tərtibində şübhə doğurur. X6 məhkəmə iclasında və şikayətində xx.xx.2024-cü il tarixdə Bakı şəhərində olmadığını, 11 saylı RETSİ-nin əməkdaşlarının restoranda manqal və təmizləyici qurğulara baxış keçirilmədiyini qeyd etmişdir. 10 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda xüsusi texniki vasitənin xx.xx.2023-cü il tarixdə yoxlamdan keçməsi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt xx.xx.2024-cü il qeyd edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən 11 saylı RETSİ-nin nümayəndəsi sübutların yalnız Akt, ona əlavə ediliş fotoşəkil və Protokol olmasını qeyd etmiş, lakin xüsusi texniki vasitənin növbəti dövlət yoxlamasının keçirilməsi ilə bağlı sənədləri təqdim etməmişdir. 10 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda xüsusi texniki vasitənin növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxtın xx.xx.2024cü il tarixli olması xüsusi texniki vasitənin növbəti yoxmaladan keçməməsi ehtimalını deməyə əsas verə bilər. Akta əlavə edilmiş fotoşəkillərdə isə yoxlamanın məhz “Buta Baku” restoranında keçirilməsi və Akta qeyd edilən manqal və hansı qurğular üzrə aparılması aşkar edilmir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən uyğunsuzluqların olması, X4 qərarın qəbul edilməsində və inzibati xəta haqqında icraatada iştirakın təmin edilməsinə dair qanunvericiliyin tələblərinin pozulmasına dəlalət edir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində tərtib edilmiş 23 noyabr 2024cü il tarixli MN seriyalı ******* nömrəli qərar lazımi qaydada sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən hallar araşdırılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, 11 saylı RETSİ tərəfindən qəbul edilmiş 23 noyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün 11 saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134, 136 və 137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti qismən təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 23 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar