Məhkəmə qərarları › İş №3(008)-8021/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8021/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8021/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Məmmədova Günel İqbal qızının sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Tərlan Nəsirlinin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.2002-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Cəlilabad rayonu, Cəlilabad şəhəri, Qurtuluş küçəsi, ev 49-da qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 xx.xx.2024-cü il tarixdə saat 16:04 radələrində yaşadığı evdə olarkən sosial şəbəkə olan “TikTok” mobil tətbiqinə baxarkən (BY.mm.001) adlı səhifəni almaq üçün 050 *** ** ** nömrəsinin sahibi Şəxs ilə “Whatsapp” vasitəsi ilə yazışaraq həmin şəxsin göndərdiyi “Kapital Bank” tərəfindən verilmiş 4169 7385 3793 5904 nömrəli karta göndərdiyi 240 manat pulu alaraq ələ keçirdiyi, lakin verdiyi vədə əməl etmədiyi və ona qarşı dələduzluq etdiyi aşkar edilmişdir. Bu barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, Tərlan Nəsirli tərəfindən 11 dekabr 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru Tərlan Nəsirli izahatında bildirmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə saat 16:04 radələrində yaşadığı evdə olarkən sosial şəbəkə olan “TikTok” mobil tətbiqinə baxarkən (BY.mm.001) adlı səhifəni almaq üçün 050 *** ** ** nömrəsinin sahibi Şəxs ilə “Whatsapp” vasitəsi ilə yazışaraq həmin şəxsin göndərdiyi “Kapital Bank” tərəfindən verilmiş 4169 7385 3793 5904 nömrəli karta göndərdiyi 240 manat pulu alaraq ələ keçirdiyi, lakin verdiyi vədə əməl etmədiyi və ona qarşı dələduzluq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin şöbəyə şikayəti əsasında tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxışı zamanı özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, onun tərəfindən nə zərərçəkmişin, nə də sahə inspektorunun dediyi hərəkətlər edilməmişdir. Onun telefonu müəyyən bir zaman Əli adında dostunda olmuş, ola bilsin ki, həmin vaxt Əli tərəfindən zərərçəkmiş şəxslə yazışmalar aparılmış və bu hallar baş vermişdir. Onun zərərçəkmiş şəxslə yazışmadığını, başqa şəxsin şəxsiyyət vəsiqəsini göndərmədiyini və onun kartına pul göndərilmədiyini, ümumiyyətlə bu məsələlərlə heç bir əlaqəsinin olmadığını və “tiktok”da “Don Corleone” adlı sosial şəbəkə hesabı ona aid olsa da, dostu Əlinin aradabir həmin hesabdan da istifadə etdiyini bildirmişdir. Buna görə də, hesab üzərindən olan yazışmaların da Əli tərəfindən aparıldığını və sonradan silindiyinə görə xəbəri olmadığını qeyd etmişdir. İİ-ci Qarabağ müharibəsi iştirakçısıdır, özünü təsirli bilmir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında bildirmişdir ki, 17 aprel 2024-cü il tarixdə saat 16:04 radələrində yaşadığı evdə olarkən sosial şəbəkə olan “TikTok” mobil tətbiqinə baxarkən (BY.mm.001) adlı səhifəni almaq üçün 050 *** ** ** nömrəsinin sahibi özünü Əmrəli Mahir kimi təqdim etmiş Şəxs ilə “Whatsapp” vasitəsi ilə yazışaraq həmin şəxsin göndərdiyi “Kapital Bank” tərəfindən verilmiş 4169 7385 3793 5904 nömrəli karta (BY.mm.001) adlı səhifəni almaq üçün baş hərfləri “Sa...Kə....” olan karta 240 manat pul göndərmişdir. Lakin, Şəxs ona pul gəlmədiyini bildirmiş, sonra da onu bloka atmışdır. Bundan sonra o, başqa bir şəxs kimi özünü təqdim edərək yenidən Şəxs ilə sosial şəbəkədə başqa bir hesab üzərindən səhifə almaq adı ilə yazışmış və bu zaman Şəxs əlaqə vasitəsi kimi yenidən öncə yazışdığı və Şəxs istifadəsində olan 050 *** ** ** mobil nömrəni təqdim etmişdir. Şəxs 240 manat pulu alaraq ona vəd etdiyi səhifəni satmadığı üçün ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin təhqiqatçısı Rafiq Babayev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, hadisəni törətmiş Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Tərlan Nəsirli tərəfindən tərtib olunmuş 11 dekabr 2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs vətəndaş X1 satmaq adı ilə 240 manat almış, vədinə əməl etmədiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru Tərlan Nəsirli tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs X2na qarşı dələduzluq etməkdə şübhəli bilindiyi üçün Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində saxlanılaraq Sabunçu RPİ 13-cü Polis Şöbəsinə gətirilmişdir. İnzibati qaydada tutma haqqında 11 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 154.1-ci maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 154.3.2-ci maddəsinə əsasən barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir və bu barədə protokol tərtib edir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasına sədrlik edənin suallarına rabitəsiz, ziddiyyətli, inandırıcı və işin hallarına uyğun olmayan cavablar vermişdir. Belə ki, zərərçəkən şəxslə “Watsapp” və “Tiktok” sosial şəbəkələri üzərindən ayrı-ayrı vaxtlarda yazışan və kartına pul atılan şəxsin Əli adlı dostu olduğunu bildirsə də, iclas zamanı Əlinin şahid qismində videokonfrans vasitəsilə iclasda iştirakını təmin etmək üçün nömrəsi soruşulmuş, Şəxs tərəfindən Əlinin nömrəsi kimi təqdim edilmiş nömrəyə tamamilə başqa bir şəxs, bir xanım cavab verərək bu nömrənin Əliyə aid olmadığını bildirmişdir. Bundan başqa, telefonunu 17 noyabr tarixdə 21:00-da Əlidən geri götürdüyünü bildirsə də, “tiktok” üzərindən yazışmalar 17 noyabr tarixdə saat 22:10-dan sonra başlamışdır. Əgər hesab etsək ki, Şəxs dedikləri həqiqətdir və telefonu həqiqətən də “Əli” adlı şəxsdə olub, yenə də bu yazışmaların Əli tərəfindən aparılması mümkün deyil çünki, telefonu Əlidən 21:00-da aldım dediyi halda, yazışmalar telefonun Əlidən götürdüm dediyi vaxtdan 1 saat 10 dəqiqə sonra başlayıb. Buna görə də, Şəxs yazışmaları onun “Watsapp” və “tiktok” sosial şəbəkəsi hesablarından ayrı-ayrı vaxtlarda “Əli” adlı dostu tərəfindən aparılması ilə bağlı dedikləri işin halları ilə öz təsdiqini tapmır və Məhkəmə tərəfindən özünü müdafiə məqsədilə deyildiyi qəbul olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Bundan başqa polis əməkdaşının onu vurması ilə bağlı dediyi ilə əlaqədar ona vizual baxış keçirilsə də gözlə hər hansı bir xəsarət görünməmiş və polis şöbəsindən şəxsin şöbədə olduğu vaxtın videogörüntüləri istənilmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, ona inzibati həbs tətbiq etmədən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbeh növü tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək mümkündür. İctimai işlər növündə tənbeh tədbirinin icrası ilə bağlı Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 160 (yüz altmış) saat ictimai işlər tənbeh tədbiri tətbiq edilsin. Tənbehin əvvəli şəxs həmin tənbehin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. İctimai işlər növündə tənbeh tədbirinin icrası ilə bağlı Şəxsnın üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı Şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar