Məhkəmə qərarları › İş №3(008)-8023/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8023/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8023/2024 19.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 Rafiq oğlunun sədrliyi, X3 qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri BPİ-nin X7 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, Bakı şəhəri BPİ X7 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində, saat 18:17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı yolu ərazisində etibarnamə əsasında idarə etdiyi “KİA” markalı, “CEED minik” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən DİN-nin BDYPİ tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta haqqında TP/6799109 saylı Qərar tərtib olunmuş, 150 (bir yüz əlli) manat məbləğində cərimə tətbiq olunmuşdur. Sözügedən hadisə qayda pozuntusu kimi qiymətləndirilməməlidir. Belə ki, həmin ərazidə yolun sağ hissəsində qazma işləri aparıldığından yolun düzünə hərəkət hissəsində məhdudiyyət var idi. Qazma işlərinin aparılmasına dair yolun hərəkət hissəsində müvafiq hasarlama aparılmışdı. Bu da yolun hərəkət hissəsində məhdudiyyət yaratmışdır. Məhz həmin məhdudiyyət səbəbindən yolun sağ hissəsindən əks hərəkət hissəsinə keçərək müəyyən bir hissədə hərəkət etmək məcburiyyətində qalmışdır. Onu da qeyd edir ki, onun hər hansı bir inzibati xəta törətmədiyi halda barəsində İnzibati Xəta haqqında Qərarın tərtib olunması və buna müvafiq olaraq cərimə ödənişinin icrasının tələb olunması qanunvericiliklə qorunan hüquqlarının kobud surətdə pozulmasının bariz nümunəsidir. Beləliklə, barəsində qəbul edilmiş qərarın məhkəmə qaydasında mübahisələndirilməsi və ləğvi üçün tərəfindən Sabunçu Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə tərəfindən 3(008)-7062/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, sözügedən xx.xx.2024-cü il tarixli, inzibati xəta haqqında TP/6799109 saylı Qərar ləğv edilmiş və iş yenidən araşdırılması üçün Bakı şəhər DYP İdarəsinə göndərilmişdir. Lakin, Bakı şəhər DYP İdarəsi tərəfindən yenidən qanunsuz qərar qəbul edilərək barəsində inzibati tənbeh vermə haqqında TP/6899127 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Belə olan halda barəsində tərtib edilmiş inzibati xəta haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar əsassız olduğu üçün həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhəri BPİ-nin X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhəri BPİnin X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər X7 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, iş üzrə qərar xx.xx.2024cü il tarixli, İXP ******* nömrəli protokola baxılaraq qəbul edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-7062/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayətin qismən təmin edilməsi, X1 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 150 (yüz əlli) manat məbləğində cərimə edilməsinə dair 10 oktyabr 2024cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün Bakı şəhər DYP İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz əlli manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər X7 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X2 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X1 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin inzibati xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X2 Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən X1 iştirakı ilə araşdırma aparılmalı və ədalətli qərar qəbul edilməlidir. Ona görə də Bakı şəhər X7 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər X7 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri BPİ-nin X7 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X7 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar