Məhkəmə qərarları › İş №3(008)-8025/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-8025/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-8025/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamış, inzibati xəta haqqında materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Belə ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, icra sənədindəki tələbi icra etməkdən üzrsüz səbəbdən yayınmışdır. Müəyyən edilmişdir ki, icra məmuru borclunun əmlakı və gəlirləri barədə məlumatları tam araşdırmadan, həmçinin iş üzrə məcburi icra tədbirləri həyata keçirmədən şəxs barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin müəyyən edilmişdir ki, icra vərəqəsi üzrə borc məbləği 660 manat təşkil edir. Qeyd edilən tələbin borcluya məxsus hər hansı əmlaka yönəldilməsinin mümkün olub-olmaması məsələsinin müəyyən edilməsi üçün icra məmuru tərəfindən borclunun yaşayış yerinə baxış da keçirilməmişdir. Göründüyü kimi icra mərmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilmədən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilmədən borclunun icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmama məsələsini müəyyən etmək mümkün deyil. İndiki halda icra işi üzrə icra məmurunun araşdırması natamam olduğundan inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamışdır. Qeyd edilən natamamlıqları isə hazırki inzibati xəta haqqında işə baxarkən tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İXM-nin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar