Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8027/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, şikayətçi X2, qərarından şikayət verilmiş orqan Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin YPX baş inspektoru X1 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 3 A, mənzil 6-da qeydiyyatda olan və yaşayan-X2 Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 izahatında bildirmişdir ki, 16 noyabr 2024-cü il tarixdə saat 22:36 radələrində Bakı şəhəri Sabunçu rayonu, Əmir Bağırov küçəsində özünə məxsus “BMW F10” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən ona sənədlərinin təqdim olunması istənilmiş, o da polis əməkdaşına sənədlərinin portalda olduğunu bildirmişdir. YPX əməkdaşı portal vasitəsi ilə onun sənədlərini yoxladıqdan sonra ona avtomobili idarə edərkən mobil telefondan istifadə etdiyini bildirmiş, polis əməkdaşına telefondan istifadə etmədiyini, avtomobil idarə edərkən hər zaman qulaqcıqdan istifadə etdiyini bildirmişdir. Daha sonra YPX əməkdaşı ona avtomobili bir tərəfli yolda geriyə hərəkət istiqamətində hərəkət etdiyini bildirmişdir. Bildirir ki, o heç bir yol hərəkəti qaydasını pozmayıb, sadəcə avtomobili iki metr arxaya hərəkət etdirmişdir. Lakin YPX əməkdaşı qanunsuz və əsassız olaraq onun barəsində protokol tərtib etmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. O, İXM-in 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Məhkəmədən şikayətinin təmin olunaraq barəsində qəbul edilmiş qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin YPX baş inspektoru X3 şikayətlə razılaşmayaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22:36 radələrində Bakı şəhəri Sabunçu rayonu, Əmir Bağırov küçəsində xidmətdə olduqları vaxt hərəkətdə olan “BMW F10” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir tərəfli yolda geriyə hərəkət etdiyini müşahidə etmişlər və bununla bağlı həmin avtomobilə saxla işarəsi vermişlər. Daha sonra sürücüyə yol verdiyi inzibati xətanı izah etmişlər və sürücü buna etiraz edərək heç bir qayda pozuntusuna yol vermədiyini bildirirərək, özünün də hüquqşünas olduğunu bildirərək barəsində qəbul ediləcək qərardan şikayət edəcəyini bildirmişdir. Ona görə də sürücü barəsində tərəfindən müvafiq inzibati tənbeh tətbiq etmə barədə protokol tərtib edilmişdir. Həmçinin bildirmişdir ki, qeyd edilən inzibati xətanın törədilməsi xidməti avtomobildə olan kamera ilə qeydə alınmışdır. Həmin sübutları diskə köçürmüş və hazırda məhkəməyə təqdim edir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 22:36-da Bakı şəhəri Sabunçu rayonu, Əmir Bağırov küçəsində “BMW F10” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə hallarına yol vermiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. YPX inspektoru tərəfindən təqdim edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər YPX avtomobilində qeydə alınmışdır. Görüntülərə əsasən “BMW F10” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə hallarına yol verdiyi müəyyən edilir. Bundan sonra sonra həmin avtomobil YPX inspektoru tərəfindən saxlanılır. Video görüntüyə əsasən YPX inspektoru sürücüyə yol verdiyi qayda pzountusunu və məsuliyyətini izah edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, sürücü X5 xx.xx.2024-cü il tarixdə saat 22:36-da Bakı şəhəri Sabunçu rayonu, Əmir Bağırov küçəsində “BMW F10” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə hallarına yol verərək yol hərəkəti qaydalarını pozmuşdur. Ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında şikayətçi hadisə yerində YPX inspektoruna etiraz etdiyini və heç bir yol hərəkəti qaydalarını pozmadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin YPX baş inspektoru X3 tərəfindən tərtib edilmiş protokol əsasında Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. . Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin YPX baş inspektoru X3 tərəfindən tərtib edilmiş protokol əsasında Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin YPX baş inspektoru X3 tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-8027/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8027/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver