Məhkəmə qərarları › İş №3(008)-8053/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-8053/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-8053/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə tərtib olunmuş material baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Ləhiş bağları, 25-ci dalanda yaşayan vətəndaş Zərərçəkmiş şəxs məxsus bağ evinin elektrik naqillərini kəsərək maddi ziyan, yəni 593 manat ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsə vurulmuş zərərin 593 manat olması göstərilsə də, həmin məbləğin hansı sübutlar əsasında müəyyən edilməsi müəmmalı qalmışdır. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 sentyabr 2024-cü il tarixli qərarda sözügedən zərərin məbləği 100 manat olaraq göstərilmişdir. Bundan başqa, protokolda elektrik naqillərinin kəsilməsi qeyd olunsa da, “X2” MMCnin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində 12 (on iki) ədəd mişar daşının sökülməsi, dəmir darvazanın 1 (bir) ədəd asma qıfılının və 2 (ədəd) vaz qıfılının sındırılması, 100 (metr) uzunluğunda rezin şlanqın oğurlanması göstərilmişdir. Bu isə öz növbəsində məhkəməyə təqdim olunan materialların natamam olmasına dəlalət edir. İXM-in: 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir; 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolla bağlı təqdim edilmiş materiallar natamam olduğundan və bu səbəbdən işə baxmaq mümkün olmadığından həmin protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 232-1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə geri qaytarılsın. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar