Məhkəmə qərarları › İş №3(008)-8138/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8138/2024

23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8138/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3476/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən qərəzli olaraq X5 aliment ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək məhkəmədən Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, o, 2(103)-3476/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən xəbərdar olduğunu, 2024-cü ilin yanvar ayından bugünədək heç bir yerdə işləmədiyini, müvafiq icra sənədi üzrə olan borcunu işə düzəldikdən sonra ödəyəcəyini, maddi imkanının olmadığını, müvafiq icra sənədi üzrə 1280 manat borc yığılana qədər ödəniş etmədiyini, adına heç bir rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlakın olmadığını və aidiyyəti təşkilatlarda heç bir qiymətli kağızlarının və əmanətlərinin olmadığını bildirmişdir. Müdafiəçinin hüquqi yardımından istifadə etmək barədə hüquqlarının ona izah olunduğunu, hüquqlarının ona aydın olduğunu, məhkəmə iclasında hüquqlarını özünün müdafiə edəcəyini və bunun onun maddi vəziyyətilə əlaqədar olmadığını söyləyərək ona təqdim edilmiş vəkilin hüquqi yardımından imtina etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3476/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən qərəzli olaraq X5 aliment ödəməmişdir. Məhkəmədən Şəxs barəsində inzibati həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 2(103)-3476/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının 1/4 hissəsi və sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq iddiaçı X6 ödənilməsi və cavabdeh Şəxs xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi müalicəsi üçün hər ay 60 (altmış) manat sabit pul məbləği tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin qərar əsasında icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Müvafiq icra sənədi üzrə tələbkar, tələbkar X7 ərizə ilə Yasamal rayon İcra Şöbəsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3476/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi ilə nəzərdə tutulmuş aliment ödənişinin ona borclu Şəxs tərəfindən ödənilmədiyini bildirmişdir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, icra sənədindən xəbərdardır və maddi imkanı olmadığı üçün ödənişləri tam edə bilmir. Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardadn görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Şəxs borcu 3680 manat təşkil edir. Məhkə iclasında tərəflər həmin borc məbləğini mübahisələndirməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs Şəxs icra vərəqəsi üzrə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, icra sənədində nəzərdə tutulmuş öhdəlik borclu tərəfindən yerinə yetirilməmiş və buna dair üzrlü səbəb borclu Şəxs tərəfindən təqdim edilməmişdir. Şəxsin qohumluq məlumatlarından görünür ki, Şəxs bir uşağı vardır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, ödənilməli olan ödənişin məbləğini (3680 manat) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar