Məhkəmə qərarları › İş №3(008)-8252/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8252/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8252/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclas katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru Samir İmranovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 28 dekabr 2024-cü il tarixli MN ******* və MN1989699 nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə 14-cü PŞ-nin inzibati binasına dəvət edilmiş, 14-cü PŞ-nin inzibati binasında nizam-intizama riayət etməsi tələb olunsa da, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayıb səs-küy salaraq xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru Samir İmranov izahatında göstərmişdir ki, Şəxs təxminən 1 ay əvvəl TikTok sosial şəbəkəsində VAZ 2107 markalı avtomobilin avtoxuliqanlıq etməsini paylaşdığı üçün 27 dekabr 2024-cü il tarixində polis əməkdaşları tərəfindən şöbəyə dəvət edilmişdir. Vətəndaş Şəxs şöbədə olarkən polisin qanuni tələblərinə tabe olmayaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən həmin şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolları müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, təxminən 1 ay əvvəl TikTok sosial şəbəkəsində VAZ 2107 markalı avtomobilin avtoxuliqanlıq etməsini paylaşdığı üçün 27 dekabr 2024-cü il tarixdə Sabunçu RPİ-in 14-cü PŞ-nə dəvət olunmuşdur. Şöbədə olarkən polis əməkdaşları ona etdiyi xətanı izah etmiş və o bir daha belə əməllərə yol verməyəcəyini bildirmişdir. Özünü təqsirli bilmir. Polis əməkdaşlarına qarşı tabesizlik və şöbədə olarkən xuliqanlıq hərəkətləri etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş olmuş 28 dekabr 2024cü il tarixli MN ******* və MN1989699 nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə 14-cü PŞ-nin inzibati binasına dəvət edilmiş, 14cü PŞ-nin inzibati binasında nizam-intizama riayət etməsi tələb olunsa da, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamış, ucadan ünvansız olaraq nalayiq küçə ifadələri işlətmişdir. Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru Samir İmranov tərəflərindən tərtib edilmiş 28 dekabr 2024-cü il tarixli MN1989903 və MN1989699 nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, xx.xx.2024-cü il tarixdə 14-cü PŞ-nin inzibati binasına dəvət edilmiş, 14-cü PŞ-nin inzibati binasında nizam-intizama riayət etməsi tələb olunsa da, Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayıb səs-küy salaraq xuliqanlıq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə barəsində inzibati qaydada icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında iş materiallarını tədqiq edərək Şəxs əməlində AR İXM-nin 510-cu və 535.1-ci maddələrinin tərkibinin olmaması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, AR İXM-nin 510-cu maddəsinin tərkibinin yaranmasının əsas və yeganə şərti şəxsin əməli ilə ictimai qaydanın pozulmasının müəyyən edilməsidir ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda ictimai qaydanın pozulmasının nədə ifadə olunması ümumiyyətlə öz əksini tapmamış, məhkəmə iclasında isə barəsində inzibati qaydada icraat aparılan şəxsin hərəkətləri ilə ictimai qaydanın ümumiyyətlə pozulmadığı müəyyən edilmişdir. Belə ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Eyni zamanda məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən şahid ifadələri və digər mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, nə tərəflərin izahatları, nə də iş materiallarında olan sənədlər və sübutlarla Şəxs əməlində AR İXM-nin 510-cu və 535.1-ci maddələrinin tərkibinin olması öz təsdiqini tapmamışdır. Odur ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən yalnız ictimai qaydanı pozan hərəkətlər inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə yuxarıda göstərilənlərə əsasən Şəxs tərəfindən ictimai qaydanın pozulması halının mövcudluğu istisna olunduğundan, bununla da onun əməlində AR İXM-nin 510-cu maddəsinin tərkibi olmadığından və Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmadığı üçün onun əməlində AR İXM-nin 535.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar