Məhkəmə qərarları › İş №3(008)-858/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-858/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-858/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərli Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 06 fevral 2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli 2(008)-10293/15 nömrəli məhkəmə əmrinə əsasən Şəxs və X3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 12823,6 ABŞ dolları məbləğində əsas borc, 417.73 ABŞ dolları məbləğində faiz borcu manatla məzənnəsi hesablanaraq və "xxxx" ASC tərəfindən dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun tutulması qət edilmişdir. Lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən yayınaraq icra məmurunun qanuni tələblərinə tabe olmamış, icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 öz izahatında barəsində inzibati xəta haqqqında iş üzrə icraat aparılan şəxs tərəfindən bu günə qədər icra sənədi üzrə heç bir ödəniş edilmədiyini, borclunun icra məmurunun çağırışlarına gəlmədiyini, borclu barəsində axtarış işi açıldığını, icra şöbəsinə axtarışla gətirildiyini qeyd edərək şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil öz izahatında borclu Şəxs icra sənədinin icrasından yayınmadığını, imkan daxilində borcdan müəyyən məbləğlərdə ödənişlər etdiyini bildirirək bu barədə bank çıxarışlarını da məhkəməyə təqdim etmişdir. O, eyni zamanda barəsində icraat aparılan şəxsin yaşlı və xəstə olmasını, heç yerdə işləmədiyini də qeyd edərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında icra sənədinin icrasından yayınmadığını, imkanı olduqca müəyyən məbləğlərdə ödənişlər etdiyini, özünün 63 yaşı olmaqla xəstə olmasını, işləmədiyini, həyat yoldaşının pensiyası ilə dolandıqlarını, banka ödənilmiş məbləğlərin də yoldaşının pensiyasından ödədiyini bildirək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli 2(008)- 10293/15 nömrəli məhkəmə əmrinə əsasən Şəxs və X3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 12823,6 ABŞ dolları məbləğində əsas borc, 417.73 ABŞ dolları məbləğində faiz borcu manatla məzənnəsi hesablanaraq və "xxxx" ASC tərəfindən dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 25 noyabr 2015-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10293/15 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən 28 noyabr 2019-cu il tarixdə rəsmi qaydada qəbul edilmişdir. “Borclunun axtarışı haqqında” 15 noyabr 2021-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 28 noyabr 2019-cu il tarixli izahatında o, icra sənədinin icrasından xəbərdar olduğunu, maddi imkanı olmadığından borcu tam məbləğdə ödəyə bilmədiyini qeyd etmişdir. Məhkəməyə təqdim edilmiş qəbzlərin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 80 manat, xx.xx.2023-cü il tarixdə 100 manat məbləğdə ödənişlər edilmişdir. Məhkəmə təqdim edilmiş bank çıxarışlarının surətindən görünür ki, borclu şəxs tərəfindən 2015-2023-cü il tarixlərdə mütəmadi olaraq müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs işləməməsi, eyni zamanda icra sənədi üzrə müəyyən məbləğlərdə ödənişlər edilməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin işləmədiyi, hərəkət məhdudluğunun olması, Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınmadığı və icra məmuru tərəfindən də bu istiqamətdə müvafiq tədbirlərin görülmədiyi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə iclasında verilmiş suallara cavab olaraq icra məmuru özü də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işləmədiyini təsdiq etmişdir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun işsiz olması, başqa qazancının olmaması, səhhətində problemlərin olması müəyyən olunmuşdur ki, belə olan halda icra sənədi üzrə ödənişlərin tam həyata keçirilməməsinin üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilməsi qeyri-mümkündür. Bununla yanaşı, müdafiəçi tərəfindən təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, Şəxs maddi imkanı icra vərəqəsi üzrə ödənişləri tam həyata keçirməyə imkan verməsə də, o, mütəmadi olaraq icra sənədi üzrə maddi imkanının yol veridyi məbləğdə ödənişlər etmişdir. Borclu barəsində icra məmuru tərəfindən axtarış elan edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, “Borclunun axtarışı haqqında” 15 noyabr 2021-ci il tarixli qərardan görünür k, borclu barəsində axtarış onun icra məmurunun çağırışlarına gəlməməsi səbəbindən deyil, yaşayış yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən verilmişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 07 ildən artıq müddət keçməsinə baxmayaraq Şəxs keçən uzun müddət ərzində bu gün də daxil olmaqla cəmi iki dəfə icra şöbəsinə dəvət edilərək izahatı alınmış, icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olubolmamasının müəyyən edilməsi, digər məcburi icra tədbirlərinin həyata keçirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işsiz olması, hər ay zərərçəkmiş şəxsin hesabına müəyyən məbləğlərdə ödənişlər edilməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar