Məhkəmə qərarları › İş №3(008)-886/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-886/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-886/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 qızının katibliyi, Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 28 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş xx.xx.2025-ci il tarixli məlumatda cəmiyyət tərəfindən 1 aktiv əmək müqaviləsi olan işçinin sığortalanması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq istehsalatda baş vermiş bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin olmadığı müəyyən edilmişdir. Bununlada hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, hazırda şirkətin bir təsisçisi var və əvvəllər şirkətin başqa işçiləri olsa da, hazırda heç bir işçi fəaliyyət göstərmir, həmişə işçilərlə bağlı icbari sığorta müqaviləsi bağlanılmışdır. Sadəcə dekabr ayından yanvar ayınadək olan 10 günlük müddətdə işçi olmadığına görə şirkət fəaliyyət göstərməmişdir. Baş verən hadisə ehtiyatsızlıqdan olmuşdur, şəxs özü-özünü, yəni təsisçi özünü icbari sığorta etdirməmişdir. Şirkətin əvvəllər 50-yə yaxın işçisi olub hamısının vaxtlı-vaxtında icbari sığortası olub və belə bir problem yaşanılmayıb. Belə bir hal ilk dəfə baş vermişdir. İcbari sığorta müqaviləsi bir illik bağlanır və dekabr ayında da bitib, yanvar ayında da 10 günlük aradan sonra yenilənib. Dekabrda işçilərin işləri bitdikdən sonra direktor Nümayəndə Əsəd oğlu 15-20 gün müddətinə tək qalmışdır. Həmin müddət ərzində şirkət fəaliyyət göstərməyib, həmin vaxt ərzində baş verən boşluq sistemə düşərək cərimə yazılmışdır. İşçilərə qarşı heç bir inzibati xəta törədilməyib, hazırda icbari sığorta müqaviləsi bağlanılmış, rüsum ödənilmişdir. Qeyd olunanlara əsasən Şəxs MMC-nin barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş xx.xx.2025-ci il tarixli məlumatda cəmiyyət tərəfindən 1 aktiv əmək müqaviləsi olan işçinin sığortalanması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq istehsalatda baş vermiş bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin olmadığı müəyyən edilmişdir. Həmin müddət ərzində direktorun tək qalması səbəbi ilə vaxtında icbari sığorta müqaviləsinin bağlanmaması inzibati məsuliyyətdən azad edən hal deyildir. Beləliklə o, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş 28 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İcbari Sığorta Bürosu tərəfindən ötürülmüş xx.xx.2025-ci il tarixli məlumatda cəmiyyət tərəfindən 1 aktiv əmək müqaviləsi olan işçinin sığortalanması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq istehsalatda baş vermiş bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. 81-1.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında elektron protokolda və ya inzibati tənbeh vermə haqqında elektron qərarda qeyd edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 127-4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş protokolda icbari sığorta bürosu tərəfindən ötürülmüş məlumat əsasında tərtib edildiyi göstərilsə də, həmin məlumatın ötürülməsini əks etdirən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, İXM-nin 127-4.1-ci maddəsinin tələblərinə əsasən elektron sənəd şəklində hüquqi şəxs barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunmalı olduğu halda bu qaydaya riayət edilməmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan faktları müqayisəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş 28 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən inzibati xəta törədən şəxsin təqsirini təsdiq edən sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Nəzəriyyədə təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Burada onu da nəzərə almaq lazımdır ki, subyektləri həmçinin hüquqi şəxslər olan İnzibati Xətalar Məcəlləsinin Xüsusi Hissəsi ilə nəzərdə tutulmuş əməllərin bəziləri (o cümlədən İXM-nin 469.2-ci maddəsi) yalnız qəsdən törədildikdə inzibati xətanın tərkibi yaranır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. Məhkəmə iclasında Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, hazırda şirkətin bir təsisçisi var və əvvəllər şirkətin başqa işçiləri olsa da, hazırda heç bir işçi fəaliyyət göstərmir, həmişə işçilərlə bağlı icbari sığorta müqaviləsi bağlanılmışdır. Sadəcə dekabr ayından yanvar ayınadək olan 10 günlük müddətdə işçi olmadığına görə şirkət fəaliyyət göstərməmişdir. Baş verən hadisə ehtiyatsızlıqdan olmuşdur, şəxs özü-özünü, yəni təsisçi özünü icbari sığorta etdirməmişdir. Şirkətin əvvəllər 50-yə yaxın işçisi olub hamısının vaxtlı-vaxtında icabri sığortası olub və belə bir problem yaşanılmayıb. Belə bir hal ilk dəfə baş vermişdir. İcbari sığorta müqaviləsi bir illik bağlanır və dekabr ayında da bitib, yanvar ayında da 10 günlük aradan sonra yenilənib. Dekabrda işçilərin işləri bitdikdən sonra direktor Nümayəndə Əsəd oğlu 15-20 gün müddətinə tək qalmışdır. Həmin müddət ərzində şirkət fəaliyyət göstərməyib, həmin vaxt ərzində baş verən boşluq sistemə düşərək cərimə yazılmışdır. İşçilərə qarşı heç bir inzibati xəta törədilməyib, hazırda icbari sığorta müqaviləsi bağlanılmış, rüsum ödənilmişdir. Qeyd olunanlara əsasən Şəxs MMC-nin barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi, hazırki iş üzrə hüquqi şəxs olan Şəxs hadisənin baş verdiyi vaxt yalnız bir təsisçidən ibarət olmuş, hər hansı işçisi olmamışdır. İnzibati xəta haqqında protokolda göstərildiyi kimi bir aktiv əmək müqaviləsi elə təsisçinin özü ilə bağlanmış əmək müqaviləsi, yəni Nümayəndə əmək müqaviləsi olmuşdur. Yalnız bir təsisçidən ibarət olan MMC-nin vəzifəli şəxsi sayılan təsisçisinin özü barəsində qəsdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozaraq istehsalatda baş vermiş bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsini bağlamaması, özünü sığortalamaması ağlabatan və məntiqli deyildir və bu hərəkətlərin qəsdən törədilməsini təsdiq edən hər hansı sübut iş materiallarında olmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəməyə təqdim ediliş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”ndən və onun qoşmasından görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC ilə Qala Həyat Sığorta şirkəti arasında bu məzmunda müqavilə bağlanılaraq 40.8 manat sığorta məbləği ödənilmişdir. Bu hal da Şəxs MMC-nin həmin hərəkətləri qəsdən törətməməsini təsdiq edən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMCnin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbləri pozularaq işçilərin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilmədən hüquqi şəxs Şəxs MMC-nin barəsində əsassız olaraq 28 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar