Məhkəmə qərarları › İş №3(008)-9/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-9/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-9/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qıznın sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X10, Qərardan şikayət vermiş şəxs X8 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X19 tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X8 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X15 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X19 tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dçair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o 2024-cü ilin aprel ayından “Respublika Narkoloji Mərkəz” X20 baş direktor vəzifələrini müvəqqəti olaraq icra edir. “Respublika Narkoloji Mərkəz” PHŞ-də çalışan İsmayılova Mehparə barədə müvafiq sənədlərin təqdim olunması xahiş edilmişdir. Tərəflərindən sözügedən sənədlər təqdim edilmişdir. Bundan sonra isə izahatının alınması üçün müvafiq quruma dəvət olunmuşdur. Müvafiq quruma gedərək sözügedən işçinin şikayəti barədə izahat versə də izahatı nəzərə alınmayaraq X18 xidməti Bakı şəhər İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sözügedən protokolda qeyd edilmişdir ki, “X4 aid 2023-cü il ilin avqust ayından 2024-cü ilin sentyabra qədər aylar üzə iş vaxtının uçotu cədvəllərindən onun əmək müqaviləsində nəzərdə tutulduğundan artıq iş saatlarından artıq vaxtda işlərin görülməsinə cəlb edildiyi və müvafiq ödənişlərin ödənilmədiyi məlum olmuşdur”. Bundan başqa, “Respublika Narkoloji Mərkəz” PHŞ-də həkim-rezident kimi fəaliyyət göstərən X5 tərəfindən 142 çağrı mərkəzinə zəng vurularaq əmək hüquqlarının pozulması qeyd edilmişdir. Belə ki, o müraciətində bildirmişdir ki, “Mərkəz tərəfindən onun 2024-cü ilin iyul və avqust ayları üzrə əmək haqqısı ödənilmir”. X18 Bakı şəhər İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və İXM-nin 192.4-cü maddəsindəki pozuntunu törətdiyinə görə 700 manat cərimə olunmuşdur. Barəsində işin faktiki halları tam araşdırılmadan əsassız və qanunsuz olaraq inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Belə ki, 2024-cü ilin aprel ayından etibarən AR Səhiyyə Nazirliyinin göstərişinə əsasən, o “Respublika Narkoloji Mərkəz” X20 baş direktor vəzifələrini müvəqqəti olaraq icra edir. X6 2022-ci ildən Mərkəzdə fəaliyyət göstərir. O, öz ərizəsi əsasında 2022-ci il tarixindən könüllü olaraq öz ərizəsinə əsasən 0,5 ştat vahidini əlavə götürərək 1,5 ştat vahidi üzrə işləmişdir. Bunun səbəbi isə əlavə əmək haqqı qazanmaq olmuşdur. Bu müddət ərzində isə onun əmək haqqı tam şəkildə ödənilmişdir. X1 tərəfindən edilən şikayətə görə tərtib olunan xx.xx.2024-cü il tarixli, MN2122464 nömrəli inzibati xəta haqqında protokol olmuşdur. Bildirmişdir ki, həkim-rezidentlərin maliyyələşməsi AR Elm və Təhsil Nazirliyi tərəfindən aparılır. Ötən müddət ərzində sözügedən qurum tərəfindən həkim-rezidentlərin əmək haqqları mütəmadi qaydada verilməmişdir. Həkim-rezidentlər özləri müvafiq qurumlara o cümlədən Maliyyə Nazirliyinə bununla bağlı müraciət etsə də onların müraciəti cavabsız qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən barəsində olan inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi və inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X15 şikayətin məzmununa uyğun izahat verərək 2024-cü ilin aprel ayından direktor vəzifəsini müvəqqəti icra etməsi halı nəzərə alınmadan ondan öncəki direktorun dövründə olan hallarla bağlı da onun məsuliyyətə cəlb olunduğunu bildirmişdir. Bundan başqa, barəsində inzibati tənbeh tətbiq olunarkən həkimrezidentlərin maliyyələşməsini AR Elm və Təhsil Nazirliyinin həyata keçirilməsi nəzərə alınmamış və heç bir təqsiri olmadan ona inzibati tənbeh tətbiq olunmuşdur. Məhkəmə iclasında iştirak edən “Respublika Narkoloji Mərkəz” X21 mühasibi çıxış edərək bildirmişdir ki, X7 1,5 aklad işləmiş və işlədiyi bütün vaxt üçün əmək haqqını tam şəkildə almışdır. X2 1,5 aklad işləməsi əsasını isə onunla bağlanılmış əmək müqaviləsi və onun əlavələri tənzimləmişdir. Həftədə 36 saat iş saatıdır, 1,5 aklad olanda 9 saat edir. Normaya uyğun işləyib, 234 saatı tamamlayır, haqqı ödənilmədən 1 saat belə işləməyib. Həkim-rezident X3 əmək haqqının gecikdirilməsi ilə bağlı isə deyə bilərəm ki, bütün həkim rezidentlərin əmək haqqları Elm və Təhsil Nazirliyi tərəfindən ödənilir və bizə ödəniş edilən kimi biz də müvafiq qaydada ödənişi həyata keçiririk. Bununla əlaqədar Elm və Təhsil Nazirliyinin həkim-rezidentlərin əmək haqqlarını bizə ödədiyi və bizim həmin ödənişləri gecikdirmədən həkim-rezidentlərin əmək haqqı ödənişinə yönəltdiyimizə dair təsdiqedici Arayış Məhkəməyə təqdim olunur. Məhkəmə iclasında çıxış edən Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X16 çıxış edərək bildirmişdir ki, işəgötürən qismində “Respublika Narkoloji Mərkəz” PHŞ çıxış etdiyindən həkim-rezidentlərin əmək haqqının gecikdirilməsində də baş direktor X15 təqsirli bilinmişdir. X7 isə iş vaxtından artıq işlədildiyinə görə 2 qat əmək haqqı ödənilməli idi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X19 tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2024-cü il tarixli, 3-28/3-1-122/2024 saylı Əmrindən görünür ki, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu X11 Mərkəzin Baş Direktoru vəzifəsi üzrə əmək funksiyasının icrasının həvalə edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji PHŞ-nın 10 oktyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, həkim-rezidentlərin əmək haqqları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən maliyyələşsə də, 2023-cü il maliyyəsi üçün nəzərdə tutulan vəsait dekabr ayının sonunda açıldığından 3 aylıq ödənişlər 29 dekabr 2023-cü il tarixində edilmişdir. Növbəti 2024-cü il üçün maliyyə vəsaiti fevral ayında açıldığından yanvar ayının ödənişi 19 fevral 2024-cü il tarixdə, fevral ayının ödənişi isə 28 fevral tarixində olmuşdur. İİ rübün vəsaiti aprel ayının sonunda açıldığı üçün 03 may 2024-cü il tarixində mart və aprel aylarının əmək haqqısı ödənilmiş, lakin həmin rüb üçün nəzərdə tutulan maliyyə vəsaiti may və iyun ayları üçün müəyyən edilən əmək haqqına və vergilərə ödəniş üçün kifayət etməmişdir. İİİ və İV rübün vəsaitləri də daxil olmaqla 2024-cü ilin 9 ayı üçün əmək haqqı hesablanıb ödənilmiş, lakin İV rüb, yəni oktyabr-dekabr ayları üçün nəzədə tutulmuş vəsait əmək haqqını ödəmək üçün kifayət olmamışdır. Bütün bunları nəzərə alaraq, Səhiyyə Nairliyi və Təhsil Nazirliyi ilə əlaqə saxlanılmış və 1 rezident üçün nəzərdə tutulan illik təhsil haqqının 5600,0 manat vəsaitin kifayət olmadıqı haqqında məlumat verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nın 27 yanvar 2025-ci il tarixli xx/xx-1203 saylı arayışından görünür ki:

1. 2023 və 2024-cü il tarixləri ərzində Respublika Narkoloji Mərkəzinə rezidentura keçmək üçün işləməyə göndərilmiş həkim-rezidentlərin əmək haqqları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən maliyələşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 120 nömrəli qərarına əsasən 1 rezident üçün illik təhsil haqqı 5600 manat təşkil etsə də, bu məbləğ 1 rezidentin illik xərcləri üçün kifayət olmamış, hətta 2023-cü il üçün vergilər mərkəzin vəsaiti hesabına ödənilmişdir.

2. 2023-cü il üçün nəzərdə tutulan maliyyə vəsaiti AR Elm və Təhsil Nazirliyi tərəfindən 19 dekabr 2023-cü il tarixində 15400,0 manat vəsait açılmış və 29 dekabr 2023cü il tarixdə oktyabr, noyabr və dekabr ayları üçün ödəniş edilmişdir.

3. 2024-cü il 13 fevral 2024-cü il 16935,01 manat məbləğində maliyyə vəsaiti tələb olunmuş olsa 11200,0 manat vəsait açılmış, 23 fevral 2024-cü il tarixində yanvar ayı üçün, 01 mart 2024-cü il tarixində isə fevral ayı üçün ödənişlər edilmiş, lakin İ rüb üçün ayrılmış vəsait mart ayı üçün ödəniş etməyə çatmamışdır.

4. İİ rübün maliyyəsi üçün 15292,84 manat tələb olunmuş olsa da 11200,0 manat məbləğində vəsait 19 mart 2024-cü il tarixində daxil olmuş, 06 may 2024-cü il tarixində mart və aprel ayı üçün ödənişlər edilmişdir. Mart ayı üçün ödənişlərin gecikmə səbəbi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən keçirilən əməliyyatı olmuşdur.

5. İİİ rübün maliyyəsi üçün 10987,04 manat tələb olunmuş olsa da 11200,0 manat vəsait 07 iyun 2024-cü tarixdə daxil olmuş, 05 iyul 2024-cü il tarixdə may-iyun ayları üçün ödəniş edilmişdir.

6. İV rübün maliyyəsi üçün 21414,14 manat tələb olunmuş olsa da 11200,0 manat vəsait 25 sentyabr 2024-cü il tarixdə daxil olmuş, 03 oktyabr 2024-cü il tarixdə avqust və sentyabr ayları üçün ödəniş edilmişdir.

7. 2024-cü ilin əlavəsi və yeni rezidentlərin X-Xİİ ayları üçün nəzərdə tutulan 18417,0 manat vəsait 18 dekabr 2024-cü il tarixdə daxil olmuş və 25 dekabr 2024-cü il tarixdə oktyabr və noyabr ayları üçün ödəniş edilmiş, 28 dekabr 2024-cü il tarixdə isə dekabr ayı üçün ödəniş edilməmişdir.

8. Ümumilikdə, 2024-cü il üçün tələb olunan maliyyə vəsaiti 64629,03 manat olsa da, sadəcə olaraq 63217,0 manat vəsait daxil olmuşdur.

9. Bütün bu çatışmazlıqlar barədə rezidentlərin hər birinə bildirilmiş və ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4.-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından da göründüyü kimi məsuliyyətin yaranması üçün işəgötürən tərəfindən qanun pozuntusuna yol verilməlidir. Amma inzibati xəta haqqında materialdan barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş X8 tam olaraq hansı qanun pozuntusuna yol verdiyi sübuta yetirilmir. Belə ki, iş materiallarından görünür ki, şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən X8 Mərkəzin Baş Direktoru vəzifəsinə xx.xx.2024-cü il tarixdən təyin olunduğu və həkim rezidentlərin əmək haqqlarının Elm və təhsil Nazirliyi tərəfindən həyata keçirildiyi nəzərə alınmamışdır. İş materiallarından müəyyən edilmişdir ki, X17 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, eləcə də X8 şikayətində göstərdiyi dəlillər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində inzibati tənbeh qərarı qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük inzibati tənbeh qərarını qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X8 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X15 barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də X15 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X19 tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X19 tərəfindən qəbul edilmiş 28 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər.

Hakim Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar