Məhkəmə qərarları › İş №3(008)-910/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-910/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-910/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Səfərlinin katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X4, Zərərçəkmiş şəxsin müdafiəçisi Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibat xəta haqqında MN ******* saylı, 09 fevral 2023-cü il tarixli protokola əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-4874/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi evinin və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan 3-cü kvartal, sahə 10 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə iddiaçı tərəfindən çəkilmiş 29.290,15 manat məbləğində xərcin əvəzi cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən yayınaraq icra məmurunun qanuni tələblərinə tabe olmamış və onun 29.290,15 manat borcu ödənilməmiş qalmışdır. Bununla da, borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Şəxs məhkəmə qətnaməsi üzrə heç bir ödəniş etməmişdir. O, hazırda işləmədiyindən borcu ödəyə bilmədiyini bildirir. Bununla yanaşı, hazırki iş üzrə tələbkar onun keçmiş əridir. Sabunçu Rayon Məhkəməsində başqa hakimin icraatında X4 alimenti tam ödəmədiyindən yaranmış borcu ilə əlaqədar AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş olmuş və bu gün məhkəmə iclasında Şəxs məhkəmə iclasında ödənilməmiş 9000 manat məbləğində aliment borcunu tələb etmədiyini, bunun müqabilində X6 da 29.290,15 manat borcun 9000 hissəsini tələb etmədiyini və sildiyini bildirmişdir. Lakin buna baxmayaraq hər bir halda Şəxs tələbkara 20.290,15 qəpik borcu qalmaqdadır və o, həmin borcu ödəyə bilməyəcəyini bildirir. Bu səbəbdən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği ödəməyə maddi imkanı yoxdur. O, yalnız belə razılığa gələ bilər ki, o, tələbkarı üç uşağının 18 yaşına çatanadək alimenti ödəməkdən azad etsin və alimenti tələb etməsin, tələbkar isə ondan 20.290,15 manat borcu tələb etməsin və onun tələbkarın evindən qeydiyyatdan çıxması üçün ona əlavə olaraq tələbkar ona 1000 manat pul versin. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 öz izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən heç bir ödəniş edilmədiyini bildirərək icra sənədi üzrə yaranmış borcun tam məbləğdə ödənilməsini tələb etmişdir. O, Şəxs hazırda etdiyi təklifə bu şərtlə razı olar ki, Şəxs onun evindən qeydiyyatdan çıxsın. Belə ki, Şəxs iki evi var. Həmin evlərdən birini sataraq onun müvafiq borcu ödəməm imkanı olduğu halda o, bunu etmir və bu hal onun məhz üzürsüz səbəbdən icra sənədi üzrə ödənişi həyata keçirməməsinin göstəricisidir. Sədrlik edənin zərərçəkmiş şəxsin bildirdikləri ilə bağlı sualına cavab olaraq Şəxs zərərçəkmiş şəxsin dediyi evlərdən birinin vaxtı ilə onun anasına məxsus olduğunu, hazırda isə ona verildiyini, digər evin isə zərərçəkmiş şəxslə birgə əldə edilməsinə baxmayaraq uşaqlarının təminatı olduğunu, evlərdən birini sataraq gələcəkdə borcu ödəyə biləcəyini, lakin evi ucuz deyil, nisbətən baha qiymətə satmaq istədiyindən hazırda evi satmadığını, tutulsa belə borcu yaxın zamanda ödəməyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-4874/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi evinin və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan 3-cü kvartal, sahə 10 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə iddiaçı tərəfindən çəkilmiş 29.290,15 manat məbləğində xərcin əvəzi cavabdeh Şəxs tutularaq, iddiaçı X5 ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 09 sentyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlə birlikdə Şəxs tərəfindən qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmiş və bu xəbərdarlıqlar müvafiq olaraq onun tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixli izahatında icra sənədinin icrasından xəbərdar olduğunu, lakin maddi imkansızlığı ilə əlaqədar ödəyə bilmədiyini qeyd etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 3(008)- 6652/2022 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzürsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Belə ki,məhkəmə iclasında Şəxs rəsmi işləməməsi müəyyən edilsə də, onun sataraq borcun ödənilməsini təmin edən əmlakının olması (həmin ev sənədsiz olsa da, onu satmaq imkanının mümkün olması nəzərə alınmaqla) öz təsdiqini tapmış və məhkəmə iclasında Şəxs həmin əmlakı, yəni anasından ona qalmış evi ucuz qiymətə satmaq istəmədiyindən satmadığını bildirməsi onun məhkəmə qətnaməsini icra etmək imkanı olduğu halda heç bir üzürlü səbəb olmadan, sadəcə həmin evi öz istədiyi qiymətə satmaq niyyətinin olması səbəbindən icra etməməsinə və bununla da icra məmurunun qanuni tələblərini heç bir üzürlü səbəb olmadan icra etmədiyinə dəlalət edir. Bununla yanaşı, zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs ilə kompramisə gələrək borcu tələb etməmək barədə razılığa gəlsə də, bu zaman Şəxs onun zərərçəkmiş şəxsin evindən qeydiyyat çıxarılaraq öz yaşadığı evə qeydiyyata alınması üçün zərərçəkmiş şəxsdən əlavə olaraq pul tələb etməsi, bunu etmədiyi təqdirdə zərərçəkmiş şəxslə razılığa gəlməyəcəyini və borc məbləğini isə yalnız özünün müəyyyən etdiyi qiymətə evi sata bildikdən sonra ödəyə biləcəyini bildirməsi Şəxs məhkəmə qətnaməsini ciddiyə almamasının və Dövlət adından çıxarılmış məhkəmə aktına laqeyd yanaşmasının göstəricisidir. Bununla da, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğinin məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, alimentin ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində üç övladının olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar