Məhkəmə qərarları › İş №3(008)-957/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-957/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-957/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun qanuni nümayəndəsi X1 iştirakı ilə, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən Şəxs barəsində 29 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Rasim Hümmətov tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən Balaxanı qəsəbəsi Fazenda yaşayış massivində yaşayan Əhəd adlı şəxs instagram sosial şəbəkəsi vasitəsilə protexniki maddələrin satışı ilə xx.xx.2023-cü il tarixdə məşğul olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, bir həftə bundan əvvəl bir blok protexniki maddə rayondan almışdır. Bir blokun altı paçkasını istifadə etmiş, dörd paçkası qalmışdır. Onunla sosial şəbəkə üzərində bir xanım ondan almaq üçün danışıq aparsa da satmamış, polis əməkdaşı onu məhəllədən bölməyə aparmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi-nin sahə inspektoru, polis leytenantı Rasim Hümmətov tərəfindən tərtib olunmuş 29 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qasımov X2 qəsəbəsi Fazenda yaşayış massivində instagram sosial şəbəkəsi vasitəsilə xx.xx.2023-cü il tarixdə protexniki maddələrin satışı ilə məşğul olma inzibati xətasını törətdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Şəxs məxsus 04 qutu K0201 kodlu Petards markalı protexniki partlayıcı vasitə aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 442ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi-nin sahə inspektoru, polis leytenantı Rasim Hümmətov oğlu tərəfindən tərtib olunmuş 29 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Qasımov X2 qəsəbəsi Fazenda yaşayış massivində instagram sosial şəbəkəsi vasitəsilə xx.xx.2023-cü il tarixdə protexniki maddələrin satışı ilə məşğul olması göstərilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair heç bir tutarlı və mötəbər sübut olmadan, onun üzərindən aşkar edilmiş 04 qutu K0201 kodlu Petards markalı protexniki partlayıcı vasitənin dövriyyəsinin qadağan olub-olmaması araşdırılmadan, tərəfindən satılması qadağan olunmuş malın satılması qənaətinə gəlinərək barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda 29 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs instagram sosial şəbəkəsi vasitəsilə xx.xx.2023-cü il tarixdə protexniki maddələrin satışı ilə məşğul olması qeyd edilsə də, bunu sübut edən hər hansı sənəd inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. İş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatı alınarkən və barəsində protokol tərtib edilərkən onun qanuni nümayəndəsinin iştirakı təmin edilməmiş, bununla da o, özünü müdafiə etmək hüququndan istifadə edə bilməmişdir. Həmçinin, məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan orqan tərəfindən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 45ci bəndinə görə İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol malların istehsalına münasibətdə (qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehsalı istisna olmaqla) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi adından – bu Siyahının 40-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər; qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin satılması, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan edilmiş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) istisna olmaqla malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər; qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehsalına və ya satılmasına, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi adından – bu Siyahının 18-1-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər tərtib edirlər. Həmin Siyahının 8.1-ci bəndinə əsasən bu vəzifəli şəxslərə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – iqtisadiyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi aiddirlər. Yuxarıda göstərilən fərmanın müddəalarından məlum olur ki, İnzibati Xətalar Məcəlləsi 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi tərəfindən deyil, məhz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yuxarıda sadalanan vəzifəli şəxslərindən biri tərəfindən tərtib edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar