Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-981/2025 07.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elmixan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Füzuli rayonu, Arayatılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu, Arayatılı kəndində qeydiyyatda olan, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən, nömrəsiz evdə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 07 fevral 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-5442/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən hər uşaq üçün hər ay 193 manat olmaqla, ümumilikdə 386 manat alimentin X2 xeyrinə ödənilməsini icra etməyərək ümumilikdə 3302 manat aliment borcunu ödəməməklə icra sənədinin icrasından yayınmışdır. Bununla da Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Şəxs dekabr ayında 350 manat, yanvar ayında 150 manat, fevral ayında 50 manat ödəniş etmişdir. Əvvəlki aylar da ödəniş etmişdir. Sadəcə aylıq ödənişləri tam etmədiyi üçün 3302 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, aliment borcunu ödəməkdən yayınmamışdır. Bu günə qədər hər ay alimenti ödəmişdir. Yığılmış borc alimentin mediasiyada razılıq əldə etdikləri vaxtdan hesablandığından yaranan borcdur. İcra məmuruna ödəniş sənədlərini də təqdim etmişdir. Son aylar işdə əmək haqqının verilməsi gecikdirildiyindən o, aylıq ödənişləri tam həyata keçirə bilməmişdir. İmkanı çatdığı həddə ödəniş etmişdir. Uşaqları ilə görüşür. Maddi imkanı çatdığı həddə onların tələbatlarını ödəyir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2(012)- 5442/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, ərizə təmin edilmiş və X9 ilə X5 arasında bağlanmış 17 iyun 2022-ci il tarixli 00960 saylı barışıq sazişinin 2.2 və 2.3-cü bəndlərinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 analarının himayəsinə verilməsi və uşaqların saxlanması üçün müəyyən edilmiş, hər ay hər bir uşaq üçün 193 manat olmaqla, ümumilikdə, cəmi 386 manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən hesablanmaqla ödənilməsi barədə barışıq sazişinin şərti məhkəmə qaydasında təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş və Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)-3057/2024 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tərəfindən X6 məxsus hesaba müxtəlif tarixlərdə aylıq ödəniş olaraq iyun ayında 350 manat, iyul ayında 400 manat, avqust ayında 400 manat, sentyabr ayında 400 manat, oktyabr ayında 200 manat, noyabr ayında 200 manat olmaqla ödənişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq yayınması öz təsdiqini tapmamışdır. Məhkəmə Şəxs ödənişlər etməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsi müəyyən olunmamışdır. Şəxs aliment üzrə borc məbləğini tam ödəyə bilməməsinə baxmayaraq hissə-hissə də olsa hər ay mütəmadi olaraq ödənişlər edərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-981/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-981/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver