Məhkəmə qərarları › İş №3(008)-985/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-985/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-985/2025 07.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Məhkəmə iclas katibi Şahbazlı Aynur Qılınc qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi, polis polkovnik leytenantı Yunis Ələsgərovun, Ərizəçi Qurbanov Kənan Natiq oğlunun, Tərcüməçi Həsənova Nigar Zabit qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yeqorovna Katerina Yuriyevnanın iştirakları ilə 19.12.1995-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 241 ünvanında yaşayan - Yeqorovna Katerina Yuriyevna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən Rusiya Federasiyasının vətəndaşı Yeqorovna Katerina Yuriyevna barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 07 fevral 2025-ci il tarixli MN 0311720 saylı Qərardadla Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis kapitanı izahatında göstərmişdir ki, Yeqorovna Katerina Yuriyevna sərxoş olduğundan və xırda xuliqanlıq hərəkətləri etdiyi üçün 07.02.2025-ci il tarixdə, saat 08:28 radələrində taksi sürücüsü Qurbanov Kənan Natiq oğlu tərəfindən Yol Patrul Xidmətinin əməkdaşlarına təhvil verilmiş və onların xidməti maşını ilə 12-ci polis şöbəsinə gətirilmiş, gətirilərkən və polis şöbəsində olarkən polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmamış və şöbənin normal iş rejimini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yeqorovna Katerina Yuriyevna özünü təqsirli bilərək həmin qeyri-adekvat hərəkətləri sərxoş olduğu üçün etdiyini, səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, polis şöbəsində fiziki təzyiqə məruz qaldığını bildirməklə üzündə, biləyində olan qançırları göstərmişdir. Polis şöbəsində izahatı alınmış Qurbanov Kənan Natiq oğlu məhkəmə iclasında çıxış edərək, 07.02.2025-ci il tarixdə Yeqorovna Katerina Yuriyevnanın sərnişin kimi onun taksisinə minərək, Dilarə Əliyeva küçəsinə aparmasını xahiş etmiş və daha sonra içki içərək sərxoş olduğundan maşının pəncərisini açaraq yoldan keçən digər şəxslərə qarşı nalayiq ifadələr işlətmiş, özünü avtomobildən atmağa çalışmış və onun avtomobili idarə etməsinə mane olmuşdur. Buna görə də o, DİN 102 xidmətinə zəng vuraraq bu hallar barədə məlumat vermiş və Yeqorovna Katerina Yuriyevnanı Ramanı qəsəbəsindən keçərkən Yol Patrul Xidmətinin əməkdaşlarını gördükdə onlara təhvil vermişdir, onlar da xidməti maşınlarına əyləşdirərərk 12-ci polis şöbəsinə aparmışlar. Yeqorovna Katerina Yuriyevna polis şöbəsində də qeyri-adekvat hərəkətlər edərək oradakı bütün polis əməkdaşlarını təpiklə vursa da, polislər onun xanım olmasını və sərxoşluğunu nəzərə alaraq onu zərərsizləşdirmirdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş 07 fevral 2025-ci il tarixli MN seriyalı 1974113 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Yeqorovna Katerina Yuriyevna 07 fevral 2025-ci il tarixdə xırda xuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan 07.02.2025-ci il tarixli Aktdan görünür ki, Rusiya Federasiyası vətəndaşı, 19.12.1995-ci il təvəllüdlü Yeqorovna Katerina Yuriyevna Polis şöbəsində olarkən növbətçi hissənin iş rejimini pozmuş və polis şöbəsinin əməkdaşlarını rus dilində söyüşlə təhqir edərək, əl qol hərəkətləri ataraq onları vurmuş, sərxoş olduğuna görə dəfələrlə yerə yıxılmış, özünü yerdə sürüyərək özünə xəsarət yetirmiş və onları hədələyərək onlar barədə Rusiya Səfirliyinə şikayət edəcəyini bildirmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında 07.02.2025-ci il tarixli protokoldan görünür ki, Yeqorovna Katerina Yuriyevna orta dərəcədə sərxoş olmuşdur. Sədrlik edənin sualına cavab olaraq Yeqorovna Katerina Yuriyevnanın polis şöbəsində də tərcüməçi ilə təmin olunduğu bildirilmişdir. Şəxsin üzündə və biləyində olan xəsarətlərin hansı şəraitdə alınması ilə bağlı isə polis kapitanı Yunis Ələsgərov həmin xəsarətlərin hansı şəraitdə alınmasını özü şəxsən görməsə də digər polis əməkdaşlarının Yeqorovna Katerina Yuriyevnanın özünün özünə xəsarət yetiriyini bildirdiyini demişdir. Yeqorovna Katerina Yuriyevna isə sərxoş olduğuna görə tam xatırlaya bilməsə də bu xəsarətləri ona yetirən şəxsin polis şöbəsində rəhbər vəzifə tutan biri olduğunu və onun otağında yetirildiyini, polis əməkdaşlarının xəsarətlərin özü tərəfindən yetirilməsi ilə bağlı söylədiklərinin isə yalandan ibarət olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Yeqorovna Katerina Yuriyevna 07 fevral 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, həmçinin xırda xuliqanlıq etmişdir. Bununla da, Yeqorovna Katerina Yuriyevna İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Yeqorovna Katerina Yuriyevna İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Yeqorovna Katerina Yuriyevna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Yeqorovna Katerina Yuriyevna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-ci maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Yeqorovna Katerina Yuriyevnanın həmin xəsarətləri hansı şəraitdə alması ilə bağlı araşdırma aparılması üçün Sabunçu Rayon Prokurorluğuna məktub göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar