Məhkəmə qərarları › İş №3(009)-100/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-100/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-100/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X6, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsinin 02 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsinin 02 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 02.11.2021-ci il tarixdə saat 12:07 –də Neftçilər prospekti Azneft dairəsi istiqamətində hərəkət edərkən polis əməkdaşı onu saxlayaraq guya yolayrıcı keçmə qaydalarını pozduğu üçün onun barəsində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Polis əməkdaşındanvideo və foto təqdim etməsini xahiş etsə də, buna məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X9 şikayətini müdafiə edərək gəstərmişdir ki, polis əməkdaşı tərəfindən sadəcə yolayrıcı keçmə qaydalarını pozduğu bildirilmiş və protokol ona təqdim edilməmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsinə elektron müraciət etmiş, lakin heç bir cavab verilməmişdir. Daha sonra Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsinə getmiş və məlumat əldə etmiş, ona müraciətinə cavab olaraq məktub məhz orada verilmişdir. Polis inspektoru avtomobilə yaxınlaşaraq maşının nömrəsini yazaraq getmişdir. Orada xeyli dayanmış, polis əməkdaşı bir daha yaxınlaşaraq maşının içərisinə baxaraq geri qayıtmışdır.Azneft dairəsinə çatan zaman onunla eyni istiqamətdə hərəkət edən maşınlarla birlikdə dayanmış, Azneft dairəsi boşaldıqdan sonra digər avtomobillər kimi hərəkətinə davam etmişdir. onun arxasınca operativ nəqliyyat vasitəsi hərəkət etdiyindən avtomobili biraz qabağa verərək sağa çəkmişdir və operativ nəqliyyat vasitəsi onu ötmüşdür. Dairədə olan nəqliyyat vasitələrinə heç birinə maneə yaratmayıb. Qeyd olunanları nəzərə alınmasını, Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsinin 02 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Qanuni nümayəndə şikayətə etiraz edərək göstərmişdir ki, şəxs saxlanılarkən narazılığını bildirməmiş və barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Bundan 15 gün sonra X9 Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsinə müraciət etmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsinə müraciət edilərkən şikayət üçün müddət ötürülmüşdür. Lakin hadisə araşdırılaraq məktubla X3na rəsmi cavab verilir. Daha sonra X9 07.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək yenidən qanunvericiliklə bağlı müəyyən edilmiş müddəti ötürmüş və müddətin bərpasına dair iş materiallarına vəsatət əlavə olunmamışdır. İşin halları ilə bağlı həmçinin bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinin tələbinə görə şəxs xətanın mövcudluğu ilə razılaşdığı halda onun barəsində qərar qəbul olunur. Belə ki, iznibati xəta hadisəsi törədilərkən hər hansı mübahisəli hal olmaymış və şəxs barəsində inzibati tənbehvermə barədə qərar qəbul olunmuşdur. Həmin qərardan görünür ki, xəta xüsusi texniki vasitə ilə aşkar olunmamış, vizual olaraq aşkar olunmuşdur. Yol hərəkəti haqqında qanunun tələblərinə əsasən yol hərəkəti üstünlüyü ilə hərəkətdə olan dairəvi hərəkət təşkil olunmuş yol ayrıcında nəqliyyat vasitələrinə yol verilməlidir. Şəxs tərəfindən məhz bu inzibati xəta törədilmiş, inspektor tərəfindən saxlanılaraq törətdiyi xəta izah edilmişdir. X2 zaman hər hansı mübahisəli vəziyyət yaranmamış bu səbəbdən barəsində inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Şəxsin əməlində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan əməl öz təsdiqini tapdığından, inzibati tənbeh vermə haqında qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin X17 İdarəsinə bilavasitə tabe olan YPX alayının Müşayiət eskort bölüyü yol patrul xidməti inspektoru X7 izahatında göstərmişdir ki, 02.11.2021-ci il tarixdə olduğu kimi dislokasiya ərazisində, Neftçilər prospekti Azneft dairəsində nəqliyyat axını çox olduğu üçün əksər hallarda həmin ərazidə dayanırlar. Şəxsin inzibati xəta törətməsi vizual olaraq aşkar edilmişdir. X3 nizamlanmayan yol ayrıcında üstünlüyə malik olan nəqliyyat vasitəsinə yol verməmişdir. Belə ki, Bayıl istiqamətindən Azneft istiqamətində hərəkətdə olan Opel Zafira markal avtomobil Azneft dairəsinə daxil olan nəqliyyat vasitəsinə yol verməmişdir. Hərəkət üstünlüyünə mali olan nəqliyyat vasitəsi Niyazi küçəsi istiqamətindən Azneft dairəsinə daxil olmuş avtomobilə yol vermədiyi üçün vətəndaş X1, özünü təqdim etmiş və saxlama səbəbini izah etmişdir. Sənədləri təqdim etməsini xahiş etmiş, sürücü tərəfindən sənədlər təqdim edildikdən sonra bort-kompüter vasitəsi ilə sənədləri yoxlamış, iznibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, protokol tərtib ediləndən sonra 10 dəqiqəyə yaxın müddət ərzində sürücü hərəkətinə davam etməmiş, gözləmişdir. Buna görə də avtomobilə təkrarən yaxınlaşmasına səbəb sürücünün hansısa probleminin olub-olmamasını aydınlaşdırmaq olduğunu bildirmişdir. Həmçinin sürücü saxlanılan zaman ailə vəziyyəti ilə bağlı probleminin olduğunu bildirmiş, həmçinin hər hansı narazılıq, mübahisəli halın olmasını bildirilməmişdir. Bununla bağlı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Protokol tərtib edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Sürücü X4 dairəsinə daxil olarkən dairədə nəqliyyat vasitəsi olmuşdur və o həmin nəqliyyat vasitəsinin hərəkətinə maneəçilik yaratmış, nəqliyyat vasitəsi hərəkətini sürətini azaltmış və tormozlama aparmışdır. Məhkəmə tərəflərin və şahidin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Bakı şəhər Baş Polis İdarəsinin X16 İdarəsinin 02 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab edilməlidir. Belə ki, işə əlavə edilmiş 02 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 02.11.2021-ci il tarixdə, saat 12:07-də radələrində Bakı şəhəri Neftçilər prospekti, Azneft dairəsində "Opel Zafira minik" markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X17 İdarəsinin 15.12.2021-ci il tarixli məktubuna əsasən DİN Baş DYP İdarəsinə ünvanlanmış şikayət araşdırılmış, araşdırma zamanı 02.11.2021-ci il tarixdə "Opel Zafira minik" markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Neftçilər prospekti, Azneft dairəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun tələblərini pozmaqla hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitəsinə yol verməyərək yol ayrıcını keçmə qaydasını pozduğuna görə YPX əməkdaşı tərəfindən saxlanılaraq İXM 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edildiyi, həmçinin YPX əməkdaşı tərəfindən hüquqa zidd hərəkətlərə yol verməsi halının müəyyən olunmadığı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş DİN-nin DYP WEB Portalından çıxarışa əsasən 02 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 02.11.2021-ci il tarixdə, saat 12:07-də radələrində Bakı şəhəri Neftçilər prospekti, Azneft dairəsində "Opel Zafira minik" markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X9 02.11.2021-ci il tarixdə, saat 12:07-də radələrində Bakı şəhəri Neftçilər prospekti, Azneft dairəsində "Opel Zafira minik" markalı **-CU- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarının tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 02 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla, şahid izahatı ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta vizual olaraq aşkar edilmiş, inzibati tənbeh vermə haqqında protokol tərtib edilərkən şikayətçi tərəfindən hər hansı etiraz bildirilmədiyindən onun iştirakı ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X6 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 15-ci bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanunun 77-ci 1-ci bəndinə əsasən Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Beləliklə, məhkəmə X6 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər X15 02 noyabr 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. İnzibati xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdən biri inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X9 avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X16 İdarəsinin 02 noyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X6 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X16 İdarəsinin 02 noyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar