Məhkəmə qərarları › İş №3(009)-1000/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1000/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1000/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 04 iyun 2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasının “X4 İTH. Ve İHR, LTD. ŞTİ” şirkətindən 47KJ560/47KT623 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3719 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara xx.xx.2022-ci il tarixdə “Xocəsən" gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı Şəxs MMC tərəfindən gömrük orqanına təqdim edilmiş **********3719 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində göstərilən “keçiboynuzu” yükünün netto çəkisi 3561,60 kq bəyan olunduğu halda, malların ayrılmaz hissəsi olan Qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından sözügedən yükün netto çəkisinin 3561,60 kq deyil, 5673,60 kg olduğu, yəni yükün netto çəkisinin 2112,00 kq artıq olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 fevral 2015-ci il tarixli 100/026 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasının Metodologiyasına əsasən malların miqdar uçotu beynəlxalq ticarət statistikasının əsas göstəricilərindən biridir və onların fiziki xarakteristikasını əks etdirir. Əsas miqdar ölçüsü malın çəkisi hesab olunur və gömrük bəyannaməsində göstərilən netto çəki əsasında kiloqramla ifadə olunur. Gömrük statistikasında malların miqdar uçotunun aparılması üçün XİFMN-də göstərilən standart migdar uçotu vahidləri tətbig olunur. Bu Metodologiyanın tələblərinin 13.4-cü bəndinə əsasən malın netto çəkisi dedikdə Qablaşdırılmış halda daşınan mallar üçün ilkin Qablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına gədər onun ayrılmaz hissəsi olan Qablaşdırma, məsələn, şüşə Qablarda içkilər, ətir, dərman vasitələri, qutuda sigaret, çay və s.) nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə Qablaşdırma nəzərə alınmadan malın çəkisi nəzərdə tutulur. Aparılan araşdırma zamanı "xxxx" MMC tərəfindən **********3719 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində bəyan edilən “keçiboynuzu” yükünün netto çəkisinin 2112,00 artıq olduğu (malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alındığından) təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təgdirdə Şəxs MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhgiqat İdarəsinin Təhgiqat şöbəsinə məlumat verilməsi üçün Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinə 34/013/010933 saylı xx.xx.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq şöbəyə daxil olmuş 34/012/011519 saylı xx.xx.2022-ci il tarixli raporta əsasən “keçiboynuzu” yükünün netto çəkisinin 3561,60 kq deyil, 5673,60 kq olduğu, yəni 2112,00 kq artıq olduğu halda **********3719 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 1454,11 manat, ƏDV üzrə 2006,68 manat olmaqla ümumilikdə 3460,79 manat təşkil edəcəkdir. Beləliklə də, "Comfortable Aqro Service” MMC **********3719 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 3460,79 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Şəxs MMC müxtəlif ölkələrdən gida məhsullarının idxalını, sonradan həmin malların daxili bazarda topdan satışını həyata keçirir, xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasının “X5 İTH. Ve İHR. LTD. ŞTİ” şirkətindən 47KJ560/47KT623 nömrə nişanlı yük avtomaşınında qida məhsulları yükü daxil olmuş, sözügedən mallar Bakı Bas Gömrük İdarəsində **********3719 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, malların gömrük rəsmiləşdirilməsi həyata keçirilən zaman gömrük ödənişləri ödənildikdən sonra sənəd məmuru tərəfindən gömrük bəyannaməsi emal edilmiş, sonradan gömrük bəyannaməsi buraxılışa verilmiş, qeyd edilən mallar "xxxx" MMC tərəfindən sifariş edilmiş, MMC-yə məxsusdur, idxal edilən mallar Şəxs MMC və Türkiyə Respublikasının “X4 İTH. Ve İHR, LTD. STİ” şirkəti arasında bağlanmış 08/05 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə əsasında sifariş edilmiş, idxal edilmiş mallara görə qarşı tərəfə ödənişlər həyata keçirilməmiş, belə ki, ödənişlər müqavilənin imzalandığı tarixdən 120 gün sonra həyata keçiriləcəkdir, şirkət tərəfindən idxal edilmiş mallar göndərilmiş sənədlər əsasında rəsmiləşdirilmiş və həmin mallara dair **********3719 sorğu nömrəli xx.xx.2022ci il tarixli gömrük bəyannaməsi tərtib edilmiş, göndərilmiş mal-müşayiət sənədlərində “keçiboynuzu" yükünün netto çəkisi 3561,60 kq göstərildiyindən qeyd edilən çəki bəyannamədə öz əksini tapmış və malların netto çəkisi gömrük orqanına 3561,60 kq bəyan edilmiş, mallara “Xocəsən” gömrük postunda gömrük yoxlaması həyata keçirilərkən 2112,00 kq artıq çəki aşkar edilmiş, həmin çəki “keçiboynuzu” yükünün netto çəkisi deyil, qablaşdırmasının çəkisidir, yəni brutto çəkisidir, bu səbəbdən də şirkət tərəfindən gömrük orqanına təqdim edilmiş bəyannamədə həmin çəki netto çəkidə qeyd edilməmiş, "xxxx" MMC tərəfindən 470 qutu netto çəkisi 3561,60 kq olan “keçiboynuzu” yükü sifariş edilmiş, 47KJ560/47KT623 nömrə nişanlı yük avtomaşınında 470 qutu netto çəkisi 3561,60 kq olan “keçiboynuzu” yükünün göndərilməsi nəzərdə tutulmuş, sözügedən mallara “Xocəsən” gömrük postunda gömrük yoxlaması həyata keçirilərkən 47KJ560/47KT623 nömrə nişanlı yük avtomaşınında olan "keçiboynuzu” yükünün həqiqətən də 470 qutudan ibarət olduğu müəyyən edilmiş, beləliklə də, nəqliyyat vasitəsində olan malların qutu sayısı, yer sayısı mal-müşayiət sənədlərində göstərilənlərlə uyğunluq təşkil etmişdir. İnzibati xəta hadisəsi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Xocəsən” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Türkiyədən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Leyla Məmmədbəyova ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 47KJ560/47KT623 nömrə nişanlı yük nəqliyyat vasitəsində idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********3719 nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə xx.xx.2022-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinin “Xocasən” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı gömrük bəyannaməsinin 2-ci mal mövqeyində göstərilən “keçiboynuzu” yükünün brutto çəkisinin 5860 kq, netto çəkisinin 3561 kq bəyan olunduğu halda, malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından “keçiboynuzu” yükünün netto çəkisinin 2112 kq artıq olduğu aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov ŞTQ, Leyla Məmmədbəyova ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyədən 47KJ560/47KT623 nömrə nişanlı yük "nəqliyyat vasitəsi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3719 nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı gömrük bəyannaməsinin 2-ci mal mövqeyində göstərilən “keçiboynuzu” yükünün brutto çəkisinin 5860 kq, netto çəkisinin 3561 kq bəyan olunduğu halda, malların ayrılmaz hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından keçiboynuzu yükünün netto çəkisinin 2112 kq artıq olduğu aşkar edilmişdir. Gömrük yoxlaması həyata keçirildikdən sonra mallar “Xocasən” gömrük costunun ərazisində olan anbara yerləşdirilərək gömrük nəzarəti altında saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin rəis müavini tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin adına 47KJ560/47KT623 nömrəli yük nəqliyyat vasitəsində ********************282/1-2-3-4-5-6-7-8-9-10-111 nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********3719 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş “keçiboynuzu özü” yükünün netto çəkisinin 3561.60 kq deyil, 5673.60 kq olduğu, yəni 2112 kq artıq olduğu halda əlavə olaraq 1454.11 manat idxal rüsumu, 2006.68 manat əlavə dəyər vergisi, ümumilikdə 3460.79 manat gömrük borcu yaranır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzbati xəta hadisəsi olmadığından Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş izrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda-ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1.Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2.Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, **********3719 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə göndərilmiş mal-müşayiət sənədlərində nəqliyyat vasitəsində olan malların qutu sayısı, yer sayısı mal-müşayiət sənədlərində göstərilənlərlə uyğunluq təşkil etmiş, hər hansı uyğunsuzluq müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən hesab edir ki, inzibati xəta hadisəsi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (04 iyun 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar