Məhkəmə qərarları › İş №3(009)-1004/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1004/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1004/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 aprel 2021-ci il tarixli, 00100-0444/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17.03.2021-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Blanket dispozisiyalı həmin inzibati xətanın obyektiv cəhəti malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsindən ibarət olmaqla hərəkətsizliklə törədilə bilər. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Nəzərə alsaq ki, Şəxs MMC qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi hüquqi ünvanında müvafiq tədbir görməməklə, yəni mallara dair gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada səlahiyyətli gömrük orqanına bəyannamə təqdim etməməklə hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanında baş vermişdir. İş materiallarında olan vergi ödəyiçilərinin məlumatları haqqında çıxarışdan görünür ki, “xxxx” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ev 55 -dir. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Səbail rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110, 112.4 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 28 aprel 2021-ci il tarixli, 00100-0444/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar