Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1015/2023 22.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail Rayonu, 41-ci PB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunan, işləməyən, Gəncə şəhəri, Kəpəz rayonu, Vaqif küçəsi, Dalan 3 ev 5 qeydiyyatda olan və ünvan 1 ünvanında kirayə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Səbail rayon Badamdar qəsəbəsində Şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin Səbail Rayonu, 41-ci PB-nin sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs üzərindən çəkisi 0,200 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hərdən narkotik vasitə olan “nəşə” kimi tanıdığı marixuana qəbul edir. Təxminən 10 gün əvvəl Yasamal rayonu ərazisində olan zaman oradan tanımadığı şəxsdən 10 (on) manat verib özü istifadə etmək üçün bir baş “nəşə” almışdır. O, həmin nəşəni (marixuana) istifadə etmək üçün üzərində saxlamış, lakin bu günə kimi istifadə etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 18.00 radələrində Badamdar qəsəbəsi M.Müşfıq küçəsi 2 ünvanında olan zaman polis əməkdaşları onu saxladıqda üzərində nəşə olduğunu etiraf etmişdir. Bundan sonra onu 41-ci PB-nə içərisində narkotik vasitə olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Əməlindən peşmandır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan məhkəmə bioloji ekspertizasının 22 may 2023-cü il tarixli 7/747 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd üzərində “Winston” yazılan siqaretdə təmiz çəkisi 0,200 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarında olan “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 22 may 2023-cü il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin 41-ci PB-si tərəfindən 0,200 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,150 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 22 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin aidiyyəti əməkdaşına verilməsi qərara alınmışdır. Həmin qərardan görünür k, vətəndaş Şəxs təqdim etdiyi 0,150 qram çəkidə marixuana 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Səbail RPİ- nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İş üzrə maddi sübut olan Səbail RPİ- nin maddi sübutların saxlanma otağında 0,150 qram çəkidə marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 22 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Vətəndaş Şəxs təqdim etdiyi 01 (bir) ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Səbail RPİ- nin maddi sübutların saxlanma otağına təhvil verilmiş 0,150 qram çəkidə marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1015/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1015/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver