Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1017/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin direktoru X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1-ci və 482.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 28 aprel 2021-ci il tarixli 00100-0393/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs (VÖEN **********) Türkiyə Respublikasından Azərbaycan Respublikasına İHR**********55 nömrəli 19 fevral 2021-ci tarixli invoys sənədinin müşayiəti ilə 19TY888/19AAY106 nömrə nişanlı yük avtomobilə yüklənilmiş vəziyyətdə idxal etdiyi malları 23 fevral 2021-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********3988 nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda yerləşdirməkdən ötrü bəyan edərkən 4-cü mal mövqeyində 150(bir yüz əlli) kq çəkidə “Arsenic Metal” adlı 97,37 % (CAS 7440-38-2) arsen maddəsinin mənşə ölkəsi Çin Xalq Respublikası olduğu halda, Türkiyə Respublikası bəyan etməklə bu mal Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən tələb olunan gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında gömrük orqanın qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatları vermiş və faktiki olaraq yüklərin arasında olsa da, bəyannamə və mal müşayiət sənədlərində qeyd edilməyən orta bazar qiyməti az miqdarda, 500 (beş yüz) manat təşkil edən 25 (iyirmi beş) kq çəki kisələrdə qablaşdırılmış vəziyyətdə 20(iyirmi) kisə 500(beş yüz) kq çəkidə sodium nitrat (natrium nitrat) maddəsini bəyan etməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/024/006014 nömrəli 03 mart 2021-ci il tarixli raport, 34/013/010062 nömrəli 15 aprel 2021-ci il tarixli və 34/012/010566 nömrəli 21 aprel 2021ci il tarixli raportar, 02 mart 2021-ci il tarixli “yoxlama haqqında” protokol, **********3988 nömrəli Gömrük bəyannaməsi, mal müşayiət sənədləri, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1007, 3/510, 9/1384 nömrəli 09.04.2021-ci il tarixli ekspert rəyi, hüquqi şəxsin nümayəndəsinin izahatı və işdə olan digər sənədlər ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak etmiş protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin nümayəndəsi X4 protokolu müdafiə edərək, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin direktoru X7 oğlu izahatında bildirmişdir ki, 2 mart 2021-ci il tarixdə saat 10-da Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda Şəxs MMCnin adına gətirilən, BBGİ- də **********3988 sorğu nömrəli bəyannamə ilə bəyan edilən malların fiziki yoxlanışında nümayəndə kimi iştirak etmişdir. Mallar yoxlanıldıqda bəyannamənin dördüncü mal mövqeyində qeyd edilmiş 150(bir yüz əlli) kq çəkidə “Arsenic Metal” adlı arsen maddəsinin mənşə ölkəsi Türkiyə qeyd edilsə də, faktiki olaraq üzərindəki göstəricilərə görə Çin mənşəli olduğu aşkarlanmışdır. Bundan başqa mal müşayiət sənədləri və bəyannamədə qeyd olunmayan 1 paletdə 20(iyirmi) kisə hər biri 25(iyirmi beş) kq çəkidə olmaqla 500(beş yüz) kq Sodium Nitrat maddəsi aşkarlanmışdır. Aşkarlanan mallar “İpək yolu” gömrük postunun 1-ci anbarında saxlanca verilmişdir. 4-cü mal mövqeyində qeyd edilən və bəyannamədə qeyd edilməmiş sodium nitrat maddəsindən başqa digər mallar buraxılışa verilmişdir. Məhkəmənin qeyd edilən halları nəzərə almasını xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1 və 482.3-cü maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, 02 mart 2021-ci il tarixində Türkiyə Respublikasından “Şəxs“ MMC-nin ünvanına 19TY888/19AAY106 nömrəli avtomaşınla İHR**********55 saylı 19 fevral 2021 tarixli invoysla daxil olmuş və BBGİ-də **********3988 saylı 23 fevral 2021 tarixli GB ilə bəyan olunan yüklərə gömrük baxışı keçirildi. Baxış zamanı **********3988 saylı 23 fevral 2021 tarixli Gömrük Bəyannaməsinin 4 cü mal mövqeyində malın mənşə ölkəsi Türkiyə göstərilsədə Çin olduğu və bəyan olunmayan 500(beş yüz) kq Sodium Nitrat (25 kq kisələrdə 20 əd) aşkar olunmuşdur (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli 6/1007, 3/510, 9/1384 nömrəli Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadə olunmuş 2 adda malın 22 fevral 2021 -ci il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 1400(bir min dörd yüz) manat müəyyən edilmişdir. 500 (beş yüz) kq çəkidə “sodium nitrat (natrium nitrat)” maddəsinin ümumi orta bazar qiyməti 500 (beş yüz) manat, 150(bir yüz əlli) kq “arsenic metal" (CAS 7440-38-2) maddəsinin ümumi orta bazar qiyməti isə 900(doqquz yüz) manat təşkil edir. Ekspetiza tədqiqatının dəyəri 285.98 (iki yüz səksən beş manat, doxsan səkkiz qəpik) manatdır. İş materiallarında olan Gömrük Prosedurları və Ödənişləri şöbəsinin raportundan görünür ki, Şəxs tərəfindən Bakı Baş Gömrük İdarəsində 23 fevral 2021-ci il tarixli **********3988 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edillmiş mallara görə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1007, 3/510, 9/1384 nömrəli 09 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən əlavə gömrük ödənişləri tələb olunmur, “sodium nitrat (natrium nitrat)” malı isə “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2016-cı il tarixli, 231 saylı qərarının fitosanitar nəzarətinə aid mallar siyahısına aid edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1-ci və 482.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 482.3-cü maddəsinə əsasən, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin məcəllənin 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Beləliklə, həm iş materialları, həm də Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 482.1-ci və 482.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1-ci və 482.3-cü maddələri ilə təqsirli bilinərək onun barəsində İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 285.98 (iki yüz səksən beş manat, doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti Şəxs MMC -dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 55, 114-117 və 482.2-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.3cü maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 285.98 (iki yüz səksən beş manat, doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1017/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1017/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver