Məhkəmə qərarları › İş №3(009)-103/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-103/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-103/2022 21.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 26 dekabr 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04.10.2021-ci il tarixində, saat 18:30-da Bakı şəhəri, X9 idarə etdiyi VAZ 21074 MİNİK markalı 51BF861 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz 21074”markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində, 2-ci Salyan döngəsindən bir tərəfli və Bakı şəhəri istiqamətdə olan Yeni Salyan şossesinə çıxıb düzünə hərəkət edərək,avtomobilini sürətini saatda 60km. həddinə çatdıraraq, sağ tərəfdən gələn nəqliyyat axının qarşısından keçmək istədiyi zaman, sağından Salyan istiqamətdə düzünə hərəkət edən “BMW” markalı ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sağ qanad hissəsi ilə toqquşmuş, nəticədə avtomobildə olan sərnişin, arxa oturacaqda əyləşmiş tanışı Almaz Hacıyeva və yol kənarında piyada hərəkət edən tanımadığı qadın xəsarət almışdır. Hadisə vaxtı idarə etdiyi avtomobil texniki cəhətdən tam saz olmaqla sürəti saatda 60km olmuş, hadisə günü heç bir spirtli içki qəbul etməmiş, hadisə anında tormoz əyləcindən istifadə etməmişdir. Özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİ-nin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 30 noyabr 2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsindən ötrü qərarın surəti Bakı şəhəri, Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 30 noyabr 2021-ci il tarixli qərardan görünür ki, 15 noyabr 2021-ci il tarixli 8/2644 №-li rəyində təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ 21074 markalı, 51BF861 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 6-ci hissəsinin 18-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə BMW 530İ markalı, 99GZ300 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Materiala əlavə edilmiş 13 oktyabr 2021-ci il tarixli müşahidə kamerasının görüntüləri əks olunmuş diskə baxış protokoldan görünür ki, sürücü X3 idarə etdiyi “BMW 530 İ” markalı ** GZ *** dövlət qeydiyyat nişanlı avtomobil Salyan-Bakı şossesi ilə 2-ci hərəkət zolaqı ilə hərəkətdə olarkən,həmin şossenin 2-ci Salyan döngəsinin yol kəsişməsində,sol tərəfdən şosseni düzünə keçmək üçün çıxmış sürücü Şəxs idarə etdiyi “Vaz 21074” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanad hissəsi toqquşmuşdur. Material üzrə alınmış məhkəmə-tibb ekspertizasının 13 oktyabr 2021-ci il tarixli 669 Nə-li rəyindən görünür ki,vət.X4 almış olduğu xəsarətlər-sağ gözdə görmənin zəifləməsi (OD=0,01) ilə müşayiət olunan sağ gözün buynuz qişasının dəlib-keçən yaralanması, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası,alın nahiyəsinin və sağ əlin arxa səthinin sıyrıqları bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 04.10.2021-ci il tarixli yol nəqliyyat hadisəsi,o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər.Vət.A.C.Hacıyevanın almış olduğu xəsarətlərin sağlamlığa zərərvurma dərəcəsi onun müalicəsi tam başa çatdıqdan və hadisədən 120 gün sonra (04 fevral 2022-ci il tarixindən sonra) təkrar həkim-oftalmoloq tərəfindən sağ gözün müayinəsi aparıldıqdan sonra təyin edilə bilər. Material üzrə alınmış məhkəmə-tibb ekspertizasının 16 oktyabr 2021-ci il tarixli 20 Nə-li rəyindən görünür ki, vətandaş X1 adına Bakı şəhər Təcili və X5 Stansiyasının 19 saylı bölməsinin tərtib etdiyi tibbi sənəddən görünür ki, onun adına 04.10.2021-ci il tarixdə saat 18:34 radələrində çağırış olmuş, hadisə yerinə gələn həkim onu müayinə etdikdən sonra “Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi. Sağ aşağı ətrafın küt travması” diaqnozu qoyaraq, müvafiq ilkin tibbi yardım göstərmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni,04.10.2021 -ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32, 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar