Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1041/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində inzibati xətaya dair qərar qəbul edilmişdir. Belə ki, istifadəsində olan Mercedes Benz E320 markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilinin idarə olunması ilə bağlı barəsində yuxarıda qeyd edilmiş inzibati xətanın törədilməsinə dair qərarlar qəbul edilmişdir. Sözügedən qərar ona təqdim edilməmiş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış elektron kabinetimə (ASANPAY) yerləşdirilməmişdir. Belə ki, o, avtomobilini özgəninkiləşdirmək istəyərkən ona məlum olmuşdur ki, adına cərimə vardır və DYP avtomobili özgəninkiləşdirməzdən öncə sözügedən cərimələrin ödənilməsini tələb edir. Bildirir ki, nə sözügedən qərar, nə də müvafiq protokol ona rəsmi qaydada təqdim edilməmiş, nə də elektron kabinetə yerləşdirilməmişdir. Qeyd edilən məsələ ilə bağlı BNA-ya müraciət etmiş və qərarın ləğv edilməsini xahiş etmişdir. BNA isə ona cavab vermədən qeyd edilən qərarların üzərindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq (bəzilərində hətta 3 il) qəran yaxın vaxtlarda elektron kabinetə yerləşdirmişdir. Odur ki, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana və şikayət verən şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin və şikayət verən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 22:02-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi - Ə.Ağaoğlu küçəsində Mercedes Benz E320 markalı, ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X3 tərəfindən dayanma durma qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 20 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 22:02-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi - Ə.Ağaoğlu küçəsində Mercedes Benz E320 markalı, ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayanma durma qaydalarını pozması foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, məhz həmin ərazidə olan kamera (kameranın nömrəsi: F8:4D:FC:33:EC:30) vasitəsilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Göründüyü kimi xüsusi texniki vasitədən istifadə edilmişdirsə, həmin xəta məhz həmin xüsusi texniki vasitənin göstəriciləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; Azərbaycan Respublikası İXM-in 124.6-cı maddəsinə görə, bu Məcəllənin 346.1, 346.2, 346- 1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bundan başqa iş materiallarında olan fotoşəkillərdən dayanma və durmanı qadağan edən qadağan nişanlarının olub-olmaması, olduğu təqdirdə avtomobilin həmin “dayanma qadağandır” nişanından hansı məsafədə dayandığı ilə bağlı ölçülər göstərilməmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda, X2 əməlində Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları pozulmaqla sənədləşdirildiyindən sübuta yetirilmir. Göründüyü kimi şikayətçinin təqsirli bilindiyi və barəsində inzibati tənbeh tətbiq edildiyi İXMnin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın “İnzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edilən İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmamışdır. Lakin iş üzrə görünür ki, İXM-nin 122.1-ci maddəsinin müəyyən etdiyi qaydalar pozulmaqla, həmin qaydalardan kənara çıxılmaqla, şəxs barəsində İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İXMnin 122.1-ci maddəsindəki qaydalarla əldə edilmiş sübut, İXM-nin 346.1-ci maddəsindəki inzibati xətanın törədilib-törədilməməsində şəxsin əlehinə istifadə edilə bilməz. Bununla da şəxs barəsində inzibati tənbehvermə qərarı qəbul edilərkən onun təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Təqsir qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Qanunda nəzərdə tutulmamış qaydada şəxsin təqsiri sübuta yetirilə bilməz. Azərbaycan Respublikasının İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından şikayət təmin edilməli və Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 53, 76, 84, 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X1 barəsində Bakı Nəqliyyat Agentliyinin xx.xx.2021-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1041/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1041/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver