Məhkəmə qərarları › İş №3(009)-1045/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1045/2021

16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1045/2021 16.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 30 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ DYPİ-nin 30 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 30 aprel 2021-ci il tarixdə saat 20 radələrində mülkiyyətində olan “VAZ 21011” markalı, 26-B2-036 d.q.n. avtomobili ilə Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar, şossesində üzü şəhər istiqamətində hərəkət edib yolun ortası qırıq-xətt olduğundan qarşıdan gələn avtomobillərə yol verdikdən sonra S.İbrahimxəlilov küçəsinə dönmüşdür. Lakin, Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru, polis leytenantı X5 avtomobilini saxlatdırıb qayda pozduğunu, yəni qoşa xətt üzərində döndüyünü bildirib barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2-ci maddəsi ilə İXP ******* saylı, 30 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol tərtib etmişdir. Lakin, “A,B,C,D” dərəcələri olmaqla peşakar sürücü olaraq yol hərəkəti qaydalarını bildiyi və həmişə riayət etdiyini inspektora bildirib onunla razılaşmayıb yuxarı orqana şikayət etmək üçün “xəta” protokolun surətini istəmiş, o isə protokolun surətini vermədən, “Asanpay”da kabinetinin olması barədə ondan məlumat alıb ərazidən getmişdir. Bir neçə dəqiqə sonra ona təqdim edilməyən xəta protokolu əsasında cərimə qərarının çıxarılması barədə telefonuna “SMS” məlumat daxil olmuşdur. Hesab edir ki, inspektorun hərəkəti nə Qanuna, nə də hər hansı bir təlimata uyğun deyildir. Dönmə etdiyi yolun həmin hissəsində dönməni qadağan edən hər hansı bir yol nişanı yoxdur, əksinə yerdə qırıq-xətt olduğundan orada digər avtomobillər də dönmə etmişlər. Bundan başqa, inspektordan hər hansı bir “qayda pozuntusu” ilə bağlı yerində fotoşəkil və ya videogörüniü (sübut) təqdim etməyi xahiş etsə də o, belə bir sübutun olmadığını bildirmişdir. Eyni zamanda bu işin ilk mötəbər və hüquqi sənədi olan “inzibati xəta protokolu” ilə tanış olduqda onun İXM-nin 100.4-cü maddəsinin pozulması ilə tərtib edildiyi məlum olmuşdur. Belə ki, həmin maddəyə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnspektor inzibati protokolu nə özü imzalamış, nə də ona imzalamağı təklif etmiş, eləcə də protokolun məzmunu ilə bağlı mülahizələrini təqdim etmək, onu imzalamaqdan imtina etməyi barədə protokolda qeydlər aparmaq hüququnu izah etməmiş, bununla da ona qanunsuz protokol yazmaqla yanaşı Qanunun bu tələbini də pozmuşdur. İXM-nin 75.0.7-ci maddəsinə görə işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait araşdırılmalı və məhkəmə tərəfindən buna düzgün və ədalətli qiymət verilməlidir. Bu səbəblərə və şəraitə isə yollarda nişanlanma və xətlənmənin lazımi qaydada və vaxtında yeniləmə-bərpa işlərinin aparılmaması aiddir. Bu kimi məsələlərin aidiyyəti qurum (DYPİ) tərəfindən həll edilməməsi hüquqi dövlətin ümumi prinsiplərinə (Qanunçuluq, bərabərlik) zidd olmaqla vətəndaşların hüquqlarının qorunmasına maneələr yaradır və mübahisələrə səbəb olur. Həmçinin, hazırkı işdə Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru X5 vəzifəli şəxs olmaqla inzibati icraatın aparılması qaydasını da pozmuşdur. Belə ki, xəta ilə razılaşmadığı halda inspektor “xəta protokolu”nu təqdim etməmişdir. Bakı şəhəri DYPİ-nə gedib şifahi müraciət etdikdən sonra 03 may 2021-ci il tarixdə inzibati xəta protokolu, 04 may 2021-ci il tarixdə isə inzibati xəta qərarı əldə etmişdir. Hesab edir ki, Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru X3 qəbul etdiyi 30.04.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı onun təqsirliliyinə dair hər hansı təkzibedilməz sübuta əsaslanmadığından ləğv edilməli, 3 bal və cərimə sistemdən silinərək inzibati işin icraatına xitam verilməli və İXM-nin 596.1-ci maddəsinin tələblərini pozmuş Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru X5 həmin maddə ilə təqsirli bilinib cərimə edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayəti müdafiə edərək şikayət ərizəsinə uyğun izahat verərək şikayət təmin edilməsini, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin YPX baş inspektoru X3 qəbul etdiyi 30 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, 3(üç) bal və cərimənin sistemdən silinərək inzibati işin icraatına xitam verilməsini, Bakı şəhəri DYPİ-nin YPX baş inspektoru X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 596.1-ci maddəsinin tələbinin pozulmasında təqsirli bilinərək həmin maddə ilə cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 30 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 30 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 30 .04.2021-ci il tarixdə, saat 19:53-də Bakı şəhəri, Sahib İbrahimxəlilov, 1a ünvanında Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 30 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 30 .04.2021-ci il tarixdə, saat 19:53-də Bakı şəhəri, Sahib İbrahimxəlilov, 1a ünvanında Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhər BPİ DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokolda işin baxılma yeri, hər-hansı texniki vasitədən istifadə edilibedilməməsi barədə qeyd aparılmaması, eləcə də inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilərkən şikayətçi X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər BPİ DYPİ-nin 30 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 30 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması, mövcud ziddiyyətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər BPİ DYPİ-nin 30 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 30 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ DYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin 30 aprel 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 30 aprel 2021-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar