Məhkəmə qərarları › İş №3(009)-1047/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1047/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1047/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X4 qızının katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Sezgin Delinin, tərcüməçi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN ******* saylı, 17 may 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, “Park Bulvar” TM, “Derimod” mağazasında xx.xx.2023-cü il tarixdə, saat 15:04-də satılmış ayaqqabının dəyişdirilməsi və ya geri qaytarılması qaydalarını pozmuşdur. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X5, protokolu müdafiə edərək, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Sezgin Deli müştəri qəbzi tədim etmədiyindən malın geri qaytarılmasının mümkün olmadığını bildirərək, Şəxs MMC barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 19 aprel 2023-ci il tarixli 3-21- 1/2-6815/2023 nömrəli vətəndaş müraciəti haqqında məktubundan görünür ki, qaldırılan məsələyə zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə baxıb qanunamüvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatın beş iş günündən gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş etmişdir. xx.xx.2023-cü il tarixli satış çekindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, “Park Bulvar” TM, “Derimod” mağazasından 113 manat 40 qəpik məbləğində bir ədəd məhsul alınmışdır. xx.xx.2023-cü il tarixli qaimədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu Şəxs MMC-nin məsul şəxsi “Cavadxan” adlı şəxs tərəfindən xx.xx.2023cü il tarixdə qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarınına əməl edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinin tərkibi var və ona cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar