Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1048/2021 21.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 28 aprel 2021-ci il tarixli 00100-0393/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 10.03.2021-ci il tarixdə Türkiyə Respublikasından 34DP2580/34DP2579 nömrə nişanlı yük avtomaşınında daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********3725 sorğu nömrəli 11.03.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara 13.03.2021-ci il tarixdə “İpək Yolu” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı Şəxs MMC tərəfindən təqdim edilən **********3725 sorğu nömrəli 11.03.2021-ci il tarixli gömrük bəyannamasində bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan edilməyən, mal-müşayiət sənədlərində qeyd edilməyən 11 ədəd üzərində “Ersaş” yazısı olan köynək, 5 ədəd üzərində “Ersaş pen” yazısı olan qələm, 30 ədəd kataloq, 11 ədəd üzərində “Mono Block” yazısı olan profil, 1 ədəd üzərində “Ersaş pen” yazısı olan powerbank, 7 ədəd üzərində “Mono Block” yazısı olan yapışdırıcı qoruma bandı və 27 ədəd üzərində “Ersaş pen” yazısı olan dəftər yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan adları və sayları yuxarıda qeyd edilən malların qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/006-22/001969 nömrəli 29.03.2021-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1810 nömrəli 30.04.2021-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 11 ədəd üzərində “Ersaş” yazısı olan, qırmızı rəngli qısaqol köynəyin (futbolka) orta bazar giymətinin 55 manat, 5 ədəd üzərində “Ersaş pen” yazısı olan gələmin orta bazar Qiymətinin 5 manat, 30 ədəd pəncərə qapı profillərinin çertyoj əksi olan reklam xarakterli kataloqlar satış üçün nəzərdə tutulmadığından qjymətləndirilmədiyi, 11 ədəd üzərində "Mono Block” yazısı olan üçbucaq formalı reklam xarakterli profillər satış üçün nəzərdə tutulmadığından qiymətləndirilmədiyi, 1 ədəd üzərində “Ersaş pen” yazısı olan powerbankın orta bazar qiymətinin 20 manat, 7 ədəd üzərində “Mono Block” yazısı olan yapışdırıcı qoruma bandının orta bazar qiymətinin 10,50 manat və 27 ədəd üzərində “Ersaş pen” yazısı olan dəftərin orta bazar qiymətinin 32,40 manat, ekspertiza tədqiqatına təqdim edilmiş 7 adda əşyaların ümumilikdə 10.03.2021-ci il tarixə orta bazar qiymətinin 122,90 (yüz iyirmi iki manat doxsan qəpik) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən malların ümumilikdə orta bazar qiyməti 122,90 (yüz iyirmi iki manat doxsan qəpik) manat təşkil edir. Nəticədə Şəxs MMC tərəfindənAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat idarəsinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM- nin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İpək Yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Türkiyə Respublikasından "Şəxs" MMC nin ünvanına 34DP2580/34DP2579 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə gələn Bakı Baş Gömrük idarəsində **********3725 saylı GB ilə bəyan edilmiş yüklərə “İpək-Yolu” postunun 6-cı anbarında gömrük yoxlaması həyata keçirilmişdir.Baxış zamanı Gömrük orqanına bəyan olunmayan 11 ədəd köynək,5 ədəd qələm,30 ədəd kataloq,11 ədəd profil nümunə,1 ədəd powerbank,7 ədəd yapışdırıcı qoruma bandı, 27 ədəd not dəftəri aşkar edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə- əmtəəşunaslıq ekpertizasının 30 aprel 2021-ci il tarixli 9/1810 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş 7 adda əşyaların ümumilikdə 10.03.2021-ci il tarixə orta bazar qiyməti təxminən 122,90 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 18.03.2021-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, yoxlama zamanı 34DP2580/34DP2579 nömrə nişanlı avtomaşınla daxıl olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********3725 saylı GB-də baxış zamanı Gömrük orqanına bəyan olunmayan 11 ədəd köynək,5 ədəd qələm,30 ədəd kataloq,11 ədəd profil nümunə, 1 ədəd powerbank,7 ədəd yapışdırıcı qoruma bandı, 27 ədəd not dəftəri aşkar edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan gömrük orqanına bəyan edilməyən malların dəyərinin 40 faizi məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, məhkəmə hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC -dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 55, 114-115, 482.1 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində gömrük orqanına bəyan edilməyən malların dəyərinin 40 faizi məbləğdə, yəni 49.16 (qırx doqquz manat 16 qəpik) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Mərkəzi Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti veriləbilər. Hakim: Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1048/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1048/2021
21.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver