Məhkəmə qərarları › İş №3(009)-1064/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1064/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1064/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 24847472 nömrəli inzibati tənbehvermə barədə qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 24847472 nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandılmışdır ki, Azərbaycan Respublikası DİN BDYPİ-si, heç bir hüquqi əsas olmadan xx.xx.2024-ci il tarixində gecə saat 08:00-da 050 *** ** ** nömrəli telofonuna SMS gəlmişdir. Həmin məlumat: “X3. Sizin EQ 24847472 protokol uzre xx.xx.2024 tarixinden etibaren icra qerari quvveye minib. www.asanpay.az, tel: 108.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq yaşadığı ünvanda yolu tam kənar hissəsində aylarla işlədə bilmədiyi “Renault” markalı ** VP *** nömrə nişanlı əmlakın hərəkətdə olmaya-olmaya, hətta sahibsiz olduğu vəziyyətdə Azərbaycan Respublikası Daxili ı̇ şlər Nazirli Baş dövlət Yol Polisi idarəsinin, Səbail Rayon Şöbəsinin inspektorları tərəfindən foto araşdırma yolu ilə 339.1-1-ci maddəsi üzrə EQ 24847472 protokol xx.xx.2024 tarixində tətbiq edib qaçmışlar. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi Azərbaycan Respublikasinin Cinayat Məcəllasinin 113-114-cü maddəsi üzrə cinayət hadisəsi baş vermişdir. Bu göstərilən faktla Bağlı 102 Polis xidmətina xx.xx.2024-CÜ X5 8: 40-da Malumat verərək.həmin faktla bağlı əməliyyatçıların gəlib araşdırma aparmasini və cinayət hadisəsinin səbəbkarlari barədə tədbir görülməsini tələb etmişdir. Bütün bu göstərilənlərə əsasən Asanpay.az, 108 Çağri mərkəzi cinayət hadisəsini yeniləyərak həmin günə olan xx.xx.2024-cü il protokol üzrə yalan məlumat yayaraq Azərbaycan Respublikasi İXM-sinin V bölmə, Fəsil 18-in 138,138.1,138.1.1,138.1.2,138.1.3,126.1,130.1-ci maddələrinin tələblərini pozaraq qanuni qüvvəyə minməyən məlumat əsasında icra qərarı qüvvəyə minməsi barədə bildiriş göndərməklə yanaşı, qanuna zidd ödənişi qəbul etmək üçün bank hesabını aktivləşdirməsidir. Çox saylı şikayətləri üzrə qərar və qərardadlar olmasına baxmayaraq. Mənim sürücülük vəsiqəmin dəyişdirilməsindən qanuna zidd olaraq imtina edilməsi nəticəsində. Bu aşağıda göstərilən pul məbləğlərini ödəməli olmuşam. DİN BDYPİ tərəfindən qanuna zidd yollarla aldığı 2000 manat pul vəsaitinin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək göstərmişdir ki, protokollar qanunsuz tərtib olunmuşdur. Qərar vaxtında yüklənməmişdir. Qanuni qüvvəyə minməsi 20 gündən sonra baş vermişdir. Sürücülük vəsiqəsini istifadə etmək və dəyişmək üçün cərimələri ödəmişdir. Həmin nəqliyyat vasitəsini illərdir istifadə etmir. Sürücülük vəsiqəsini dəyişə bilmir. Ödədiyi pulların geri qaytarılmasını istəyir. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 24847472 nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Baş Dövlət Yol Polisi İdarəsinin göndərilməlidir. Belə ki, iş materillarında olan xx.xx.2024-cü il tarixli EQ seriyalı 24847472 nömrəli inzibati tənbehvermə barədə qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Lomonosov, 10q ərazisində “Renault RVİ F BA02A7 yük” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Renault RVİ F BA02A7 yük” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunvericilikdə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmişdir və inzibati tənbehvermə barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X2 barəsində aparılan inzibati iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üçün əhəmiyyət kəsb edən hallar diqqətlə araşdırılmamış və inzibati xəta haqqında protokolda göstərilməmişdir. Bundan əlavə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən X1 iştirakının təmin edilib-edilməməsi iş materialları ilə sübuta yetirilmədiyindən belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Göründüyü kimi işə baxarkən nəqliyyat vasitəsinin X2 tərəfindən idarə edilməsi, habelə inzibati xətanın X2 tərəfindən törədilib-törədilməməsi araşdırılmamışdır. Bu səbəbdən istinad edilən inzibati xətanın mövcud olub-olmamasını aydınlaşdırmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 24847472 nömrəli inzibati tənbehvermə barədə qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 24847472 nömrəli inzibati tənbehvermə barədə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ seriyalı 24847472 nömrəli inzibati tənbehvermə barədə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar