Məhkəmə qərarları › İş №3(009)-1070/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1070/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1070/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 30 may 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixində, saat 15:30-da Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti ilə üzü Azneft dairəsinə doğru idarə etdiyi İSUZU CİTİPORT Avtobus markalı 99JV232 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, 14 fevral 2022-ci il tarixdə,saat 14 radələrində yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan, "xxxx" MMC-yə məxsus olan, 18 nömrəli, “İsuzu Citiport” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə təyin olunmuş marşrut xətti üzrə işə başlamış, dördüncü dövrədə olduğu zaman, saat 15:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ilə üzü Azneft dairəsi istiqamətində təxminən 20-30 km/saat sürətlə,yolun sağ tərəfində yerləşən “Anar-optik” mağazasının qarşı hissədə hərəkətdə olarkən,nəqliyyat vasitəsi qəflətən DYPX-nin əməkdaşları tərəfindən saxlanıldığı üçün işarə etdikdə, o, idarə etdiyi avtobusunun tormoz əyləcindən istifadə etmiş, bu zaman avtobusun salonunda sərnişin qismində əyləşmiş, tanımadığı orta yaşlı bir nəfər qadın müvazinətini saxlaya bilməməsi səbəbindən əyləşdiyi yerdən yerə yıxılıb xəsarət almışdır. O, avtobusu tamamilə saxlayaraq həmin qadına köməklik etmək üçün yaxınlaşmaq istəsə də, DYPX əməkdaşları həmin yerdə avtobusun saxlamasına icazə vermədiyi üçün məcburiyyət qarşısında qalaraq növbəti avtobus dayanacağına qədər hərəkətinə davam etmişdir. Həmin avtobus dayanacağında yıxılaraq xəsarət alan qadın heç nə olmamış kimi dayanacaqda avtobusu tərk etdiyi üçün öz yoluna davam etmiş və sonradan hadisə ilə bağlı yalnız dispetçerə məlumat vermiş, hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə zamanı avtobusda olan digər sərnişinlərdən heç kəsin xəsarət almadığını bildirmişdir. Özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 05 may 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tədbir görülməsindən ötrü qərarın surəti Bakı şəhəri, Səbail RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 05 may 2022-ci il tarixli qərardan görünür ki, məhkəmə-tibb ekspertizasının 12 mart 2022-ci il tarixli, 113 №-li rəyinə əsasən X1 almış olduğu xəsarətlər-sol mil sümüyünün tipik yerinin yerini dəyişmiş və sağ bazunun boynunun qabarının qapalı sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixində hərəkətdə olan avtobusun salonunda yıxılma nəticəsində əmələ gələ bilərdilər,dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Həmin qərardan görünür ki, 05 may 2022-ci il tarixdə,X2 Bakı şəhəri, Səbail RPİ-nin İŞ-yə ərizə təqdim edərək, sürücü Şəxs təqsirkarı olduğu yol nəqliyyat hadisəsi nəticəsində az ağır dərəcəli bədən xəsarəti alsa da, sürücüyə qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, sürücü Şəxs barəsində aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Materiala əlavə edilmiş 05 may 2022-cu il tarixdə, sürücü Şəxs Bakı şəhəri,Səbail RPİ-nin İŞ-nə ərizə təqdim edərək,təqsirkarı olduğu yol nəqliyyat hadisəsi nəticəsində az ağır bədən xəsarəti almış X2 ilə barışdığını,sonuncunun ona qarşı heç bir şikayəti,tələb və iddiası olmadığından, aparılan araşdırma üzrə barəsində bəraətveriçi əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32, 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar