Məhkəmə qərarları › İş №3(009)-1072/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1072/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1072/2025 16.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Bakı şəhər Səbail rayon prokurorluğundan daxil olmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhər Səbail rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 16 aprel 2025-ci il tarixli, 25-1-2-2/319-2232-1 nömrəli qərar müvafiq materiallarla birlikdə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüşdür. Törətdiyi əməldən peşmandır. bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxsdir. Odur ki, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin maddənin qeyd hissəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. İş materiallarında olan: 31 mart 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, fakta əsasən X1 ölməsi faktına görə Səbail rayon prokurorluğunda toplanmış 61-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 398 və 577-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün prokuror qarşısında məsələ qaldırılmışdır. 16 aprel 2025-ci il tarixli, 25-1-2-2/319-2232-1 nömrəli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Şəxs ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan, kirayə müqaviləsi bağlamadan Pakistan İslam Respublikası vətəndaşları Hasnat Maaz, Sheharyar Muhammedyar, X4 və X2 aylıq 450 manat pul qarşılığında kirayə verməklə 450 manat gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Fakta əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, AZ 1073 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq sahibinin adı Şəxsdır. 16 may 2025-ci il tarixli, CHDP**********89 nömrəli mədaxil qəbzindən görünür ki, Şəxs tərəfindən 451 (dörd yüz əlli bir) manat məbləğ dövlət büdcəsinə köçürülmüşdür. Şəxs tərəfindən məhkəməyə ünvanlanmış 16 may 2025-ci il tarixli ərizəsindən görünür ki, barəsində olan inzibati xətaya dair iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. “AZE MİS” Elktron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda qeyd olunanlardan görünür ki, Şəxs bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxsdir və inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş və müvafiq mədaxil qəbzini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməldə (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi mövcud deyil. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53.1.2, 105 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar