Məhkəmə qərarları › İş №3(009)-1075/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1075/2022

22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1075/2022 22.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon DYPŞ tərəfindən tərtib olunmuş 21 may 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:10-da idarə etdiyi “X3 minik markalı ** VO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Neftçilər prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, o, 2018-ci ildən “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edir. Bolt taksi şirkətində sürücü vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 22:10 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius minik” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu Bayıl qəsəbəsindən qadın müştərini avtomobilə mindirib Səbail rayonu Z.Əliyeva küçəsinə gələrkən Səbail rayonu Neftçilər prospekti ilə üzü Dəniz vağzalı istiqamətində gəlib Neftçilər prospekti ilə S.Vurğun küçəsinin kəsişməsindən təxminən 30-40 km/saat sürətlə S.Vurğun küçəsinə dönən zaman anidən yolun sol tərəfindən sağ tərəfinə keçən bir qadını yolun ortasında görən kimi avtomaşını yolun hərəkət hissəsində yolun ortasında üzü Z.Əliyeva küçəsində saxlamaq istəsə də, maneədən yayına bilməyib həmin qadını avtomobilin sağ qabaq qanadının tini ilə dəyib yerə yıxmışdır. O dərhal avtomobili saxlayıb düşüb həmin qadına köməklik etmiş və öz avtomobilinə mindirib xəstəxanaya aparmaq istəmişdir. Lakin həmin qadın ona xəstəxanaya getmək istəmədiyini demişdir. O və onun avtomobilində olan müştəri qadın tez xanımın başından xəsarət olan yerinə buz parçası qoymuşlar. Sonra həmin qadını sağ salamat öz avtomobili ilə evlərinə aparıb qoyub sonra getmişdir. Hadisədən sonra məlum olmuşdur ki, həmin piyada Zərərçəkmiş şəxsdır. Avtomobili idarə etmək üçün sürücülük hüququ vardır. Hadisə Səbail rayonu, Neftçilər prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində S.Vurğun küşəsi ilə yolun hərəkət hissəsində üzü Z.Əliyeva küçəsi istiqamətinə gələn zaman yolun ortasında baş vermişdir. O avtomobili saatda 30-40 km/ sürətlə hərəkət etdirmişdir.O təhlükəni təxminən 1 metrlikdən hiss etmiş, dərhal avtomobilini sol tərəfə çəkərək əyləci basmış, lakin məsafə az olduğu üçün təhlükədən yayına bilməmişdi. Həmin zaman spirtli içki qəbul etməmişdir. Hadisədən əvvəl idarə etdiyi avtomaşın texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışdığını, onun heç bir şikayət və tələbinin olmamasının, ona dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödənilməsinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildimişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 22:10 radələrində o yaşadığı Lökbatan qəsəbəsinə getmək istərkən, Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti ilə gedib Sahil metrosuna gedərkən, Neftçilər prospektində yerləşən Tarix Muzeyinin qarşısından keçib Neftçilər prospekti ilə S.Vurğun küçəsini kəsişməsindən keçən zaman anidən onun sağ tərəfindən gələn dövlət nömrə nişanını və markasını bilmədiyi avtomobil onun sağ tərəfindən vurub yerə yıxmışdır. Hadisədən sonra sürücü avtomobildə olan qadınla birlikdə onu qadının işlədiyi yerə aparmışlar, qadın onun başında olan zədəsinin üzərinə buz parçası qoymuşdur. Sürücüyə bildirmişdir ki, onu hər hansı bir xəstəxanaya aparıb müayinə etdirsin. Sürücü ona xəstəxanaya getsələr hadisə barədə həkimlər polisə məlumat verəcək. Onun üçün onu xəstəxanaya aparmamışdır. Evə gəldikdən sonra ağrıları olduğundan TTYS-na zəng vurmuş və həkimlər gəlib onu müayinə etdikdən sonra çıxıb getmişlər. Hadisə zamanı tək olub, yanında heç kim olmayıb, təhlükəni o yolun sol tərəfindən sağ tərəfinə keçən zaman yolun ortasında olan vaxt onu vurmağına 2-3 qalmış avtomobilin sağ tərəfindən gələn zaman hiss etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Səbail RPİnin DYPŞ-yə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə verilməsi haqqında 30 aprel 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Səbail RPİ-nin DYPŞ-si vasitəsi ilə Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizanın 226 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alın nahiyəsinin sağ yarısının hematoması və sıyrığı, sol diz oynağı nahiyəsinin və sağ baldırın aşağı 1/3-nin ön səthlərinin qançırları, eləcə də, sağ baldırın yuxarı 1/3-nin ön bayır səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi, o cümlədən piyadanın hərəkətdə olan avtomaşınının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. İş materiallarında olan zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:10 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius ” minik markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu Neftçilər prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində ehtiyatsızlıq edib piyada qismində yolu keçən Zərərçəkmiş şəxs vuraraq sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakterizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar