Məhkəmə qərarları › İş №3(009)-108/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-108/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-108/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və toplanmış materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 dekabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Səbail RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 13 dekabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində protokol tərtib edilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, materiala əlavə edilmiş cinayət təqibinə xitam verilməsi haqqında Səbail Rayon Polis İdarəsin Təhqiqat şöbəsinin təhqiqatçısı Pərviz Mustafayevin 07 dekabr 2023-cü il tarixli qərarından görünür ki, 10 oktyabr 2023-cü il tarixdə təxminən saat 10:15 radələrində sürücü Şəxs idarə etdiyi “Kia Optima“ minik markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolu 22 ünvanında Parlament istiqamətinin əksində hərəkətdə olarkən arxa oturacağında sərnişin qismində iki nəfər qadın - X12 və X5 əyləşmiş, sürücü X4 təxminən 50-60 km/saat sürətlə idarə etdiyi “Toyota Prius” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qarşısına çıxmış, həmin avtomobilin sol qabaq hissəsi onun idarə etdiyi avtomobilin sol qabaq hissəsi dəyib toqquşmuş və nəticədə “Toyota Prius” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşən X12 az ağır bədən xəsarəti və X6 yüngül bədən xəsarəti almaları ilə nəticələnən yolnəqliyyat hadisəsi baş vermişdir. Sürücü Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi olsa da, tərəflər barışdığına görə cinayət məsuliyyətindən azad edilməsi üçün əsas olduğundan X2 az ağır zərər vurulması ilə və X1 yüngül zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi faktı üzrə Şəxs barəsində cinayət təqibinə xitam verilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci inzibati təsir tədbirləri görülməsi üçün Səbail Rayon Polis İdarəsinə Dövlət Yol Polis Şöbəsinə göndərilmişdir. Fakt əsasında Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Pərviz Mustafayev tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs X4 idarə etdiyi “Toyota Prius” minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında sərnişin qismində iki nəfər qadın- X12 və X5 əyləşmiş vəziyyətdə təxminən 50-60 km/saat sürətlə Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi Badamdar yolu 22 ünvanında üzü Parlament istiqamətində hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan Şəxs idarə etdiyi “Kia Optima“ minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşısına çıxmış, həmin avtomobilin sol qabaq hissəsi onun idarə etdiyi avtomobilin sol qabaq hissəsinə dəyib toqquşmuş, “Toyota Prius” minik markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşən X8 az ağır bədən xəsarəti və X3 yüngül bədən xəsarəti almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X12 04 noyabr 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Şəxs ilə barışmış və ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Şəxs 24 noyabr 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsinə etiraz etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Göstərilənləri nəzərə alaraq toplanmış material üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qaydada 07 dekabr 2023-cü il tarixdə cinayət təqibinə xitam verilmiş və qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediməsindən ötrü Səbail Rayon Polis İdarəsinə Dövlət Yol Polis Şöbəsinə göndərilmişdir. Qeyd edilən qərardan göründüyü kimi Şəxs barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Başqa sözlə o, məsuliyyət cəlb edilmiş, lakin zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədidiyindən məsuliyyətdən azad edilmişdir. Ancaq Şəxs qeyd edilən qərarla məsuliyyətə cəlb edilməsinə baxmayaraq, təhqiqatçı əsassız olaraq qərarın surətini Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediməsindən ötrü Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Hazırki işdən görünür ki, Şəxs X2 az ağır zərər vurulması və X1 yüngül zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Ziyanı ödədikdən sonra zərərçəkmiş şəxs X12 ilə barışmışdır. Təhqiqat orqanı Şəxs əməlinə hüquqi qiymət verərək Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkib əlamətləri olduğu qənaətinə gəlmiş və CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi Şəxs törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X2 az ağır zərərvurmadan ibarət olan hərəkətlərində onun kriminal niyyəti maddiləşmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində həmçinin X3 yüngül zərər vurulması əməlini törətməsi təhqiqat orqanı tərəfindən onun əməlinin tövsif edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyektinə dair fakultativ əlaməti kimi nəzərdən keçirilməli və buna münasibətdə X3 yüngül zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə əməl ayrıca inzibati xəta kimi deyil, cinayət əməli ilə əhatə olunan hərəkət kimi qiymətləndirilməlidir. Eyni zamanda, hüquq pozuntusunun əlamətlərini daşıyan bir əməl həm inzibati xəta, həm də cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə şəxsin bir əməli ilə birdən çox maddədə nəzərdə tutan cinayəti törətməsi ilə bağlı əməlin tövsifi məsələsi cinayətin ideal və real məcmusu, yaxud mürəkkəb tərkibli cinayətlərlə (xüsusi normanın üstünlüyü prinsipi) bağlı ümumi normalar nəzərə alınmaqla həll edilir. İnzibati xətalara münasibətdə isə tövsif “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun 10-cu maddəsinə uyğun aparılır. Baş vermiş hadisəyə münasibətdə zərərçəkmiş şəxs X2 az ağır zərərvurma cinayət əməli ilə zərərçəkmiş şəxs X3 yüngül zərər vurulması inzibati xətası ayrıca əməl kimi qiymətləndirilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Nəzərə alınmalıdır ki, həmin maddədə qeyd olunan eyni fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında icraatın başlanılması ifadəsi dar mənada başa düşülə bilməz. Belə ki, cinayət prosessual qanunvericiliyinə görə cinayət işinin başlanması haqqında prosessual qərarın qəbul edilməsi cinayət işinin başlanması mərhələsinin bitməsi və ibtidai araşdırma mərhələsinin başlanılması deməkdir. Müstəqil mərhələ olan cinayət işinin başlanması ilə buna səlahiyyətli dövlət orqanı tərəfindən hadisəyə görə ilk cinayət hüquqi tövsif aparılır və bununla cinayət hadisəsinin mövcud olması təsdiq edilmiş hesab edilir. Eyni zamanda, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsi ilə də cinayət işinin başlanması mərhələsi yekunlaşdırıla bilər. Bu halda isə yalnız bəraətverici əsaslar olmadan cinayət təqibinin başlanması rədd edildiyi təqdirdə cinayət hadisəsinin mövcudluğunun təsdiq olunduğu nəzərə alınmalıdır. Əksinə, cinayət işinin başlanması cinayət hadisəsinin mövcud olmasını istisna edən qanunda nəzərdə tutulan (CPM 39.1.1, 39.1.2) hallar ilə əlaqədar olduqda fakta görə inzibati xətanın mövcud olması, bu əməl əgər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutularsa, mümkün ola bilər. Hazırki işdə hadisə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətlərini özündə əks etdirən cinayət hadisəsi olmaqla, təhqiqat orqanı bu hadisəyə görə həmin əməli törətmiş Şəxs cinayəti törətdiyini təsdiq olunmuş hesab edib, CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam vermişdir. Nəticə etibarilə hadisənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət hadisəsi kimi təsdiq edilmiş hesab edildiyinə və qiymətləndirildiyinə görə burada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinin tələblərinə uyğun olaraq başqa inzibati xətanın mövcudluğu istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci (Maddə 109. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi) maddəsinə əsasən, bu Məcəllənin 53 maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 109.2 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar