Məhkəmə qərarları › İş №3(009)-1080/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1080/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1080/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 25215893 nömrəli inzibati tənbehvermə barədə elektron qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 25215893 nömrəli inzibati tənbehvermə barədə elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3, 2015-ci il istehsalı olan Ford Fusion markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir. xx.xx.2024-cü il tarixində saat 20:15 radələrində avtomobilini dostu Necefov Ruslan adlı şəxsə müvəqqəti olaraq park etmək məqsədilə vermişdir. Həmin şəxs Səbail rayonu ərazisində, "Landmark" adlanan obyektin qarşısında avtomobili düzgün olmayan şəkildə park etdiyinə görə adına 80 manat məbləğində və 2 cərimə balı ilə protokol (№ EQ********) tərtib olunmuşdur. Cərimə tətbiq edilən vaxta qədər şəxsi cərimə balı 18 idi. Bu cərimə nəticəsində balı 20-yə çatmış, nəticədə sürücülük hüququm məhdudlaşdırılmışdır. Qeyd etmək istəyir ki, həmin vaxt avtomobili idarə etməmiş və bu hal Təhlükəsiz Şəhər kameralarının görüntüləri ilə sübut oluna bilər. Həmin əraziyə sonradan gəlib avtomobilə əyləşmişdir. Bu, ilk dəfə baş vermir - daha öncə də avtomobili idarə etmədiyi halda cərimələr adına yazılıb. Lakin bu son hadisə pik nöqtə olub, sürücülük hüququndan məhrum edilməyimə səbəb olmuşdur. Etiraf edir ki, dostuna avtomobili etibarnaməsiz verdiyi üçün formal olaraq məsuliyyət ona düşür, lakin faktiki qayda pozuntusunu törədən şəxs Necefov Ruslandır. Yuxarıda göstərilənləri nəzərə alaraq, barəsində tərtib olunmuş EQ25215893 saylı inzibati protokolun və bu protokoldan yaranan cərimə ballarının ləğv olunması, sürücülük hüququnun bərpa edilməsi və hadisənin daha dərindən araşdırılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək göstərmişdir ki, avtomobildə sürücü kimi əyləşməmişdir. Sonradan gəlib əyləşmişdir. Avtomobil öz adına olsa da, idarə etməsi üçün etibarnamə olmadan dostuna vermişdir. Protokol tərtib edilərkən iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək göstərmişdir ki, inzibati məsuliyyətdən yayınmaq məqədilə irəli sürülmüş iddiadır. Cərimə balı olduğu və nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılıacağını bildiyi üçün belə fikir bildirir. Qayda pozuntusu kamera görüntülərindən aydın şəkildə görünür. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli EQ 25215893 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 20:20-də Səbail rayonu, Nizami küçəsi ərazisində “X6 İn hibrid minik” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə və bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, “X6 İn hibrid minik” markalı, **-RV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sürücüsü xx.xx.2024-cü il tarixdə saat 20:20-də Səbail rayonu, Nizami küçəsi ərazisində nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 xx.xx.2024-cü il tarixdə saat 20:20-də Səbail rayonu, Nizami küçəsi ərazisində “X6 İn hibrid minik” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış və bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmış və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4 və 327.7ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ 25215893 nömrəli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 25215893 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 avtomobili Səbail rayonu, Nizami küçəsi ərazisində “X6 İn hibrid minik” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış və bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 25215893 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 25215893 inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar