Məhkəmə qərarları › İş №3(009)-1085/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1085/2021

04.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1085/2021 04.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 29 aprel 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC onun mülkiyyətində (istifadəsində) olan “Toyota Prado LC 150 Minik” markalı 99AX552 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verməmişdir. Bununla da, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmənin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29.06.2021-ci il tarixli 3(103)-1471/2021 saylı qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 3(001)-1085/2021 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-yə və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin "xxxx" MMC-nin və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin "xxxx" MMC-yə ünvanladığı sorğunun DİN-nin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Toyota Prado LC 150 Minik” 99AX552 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 25 fevral 2021-ci il tarixdə saat 22:08-da, Atatürk prospekti ilə R.Qasımov küçəsinin kəsişməsində yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5(beş) gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri, Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 11 mart 2021-ci il tarixdə "xxxx" MMC adından Quliyeva soyadlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Bakı şəhər BaŞ Polis İdarəsinə ünvanlanmış məktubundan görünür ki, "xxxx" MMC tərəfindən faktiki olaraq ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış kompleksində fəaliyyət göstərməsi və şirkətin adına olan bütün poçt göndərişlərinin həmin ünvana göndərilməsi xahiş olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, Səbail RPİ tərəfindən sorğu hüquqi şəxsin qeydiyyatda olduğu ünvan 5 ünvanına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" MMC səlahiyyətli orqanın sorğusunu vaxtında cavab verə bilməməkdə təqsiri olmamış, belə ki, qeyd edilən sorğu hüquqi şəxsin ünvanı üzrə düzgün göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sorğu düzgün ünvanlanmadığından və hüquqi şəxs lazımi qaydada məlumatlandırılmadığından inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105, 109 və 114, 122, 123-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar