Məhkəmə qərarları › İş №3(009)-1091/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1091/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1091/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB-si tərəfindən tərtib edilmiş 08 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 may 2021-ci il tarixdə, saat 00:10-da T. Əliyarbəyov küçəsində tanışı Baxışova Kübra ilə uca səslə mübahisə edərək, nalayiq ifadələr işlətmiş və polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq, polis əməkdaşına tabesizlik göstərmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X3 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs 08 may 2021-ci il tarixdə, saat 00:10-da T. Əliyarbəyov küçəsində uca səslə mübahisə edərək, nalayiq ifadələr işlətmiş və polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq, polis əməkdaşına tabesizlik göstərdiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 08 may 2021-ci il tarixdə, saat 00:10-da T. Əliyarbəyov küçəsində tanışı Baxışova Kübra ilə aralarında mübahisə olmuşdur. Polis əməkdaşları onların mübahisəsinə şahid olaraq onlara yaxınlaşaraq, 9-cu Polis Bölməsinə getmələrini təklif etmişlər, onlar heç bir müqavimət göstərmədən 9-cu Polis Bölməsinə getmişlər. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilsə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan 08 may 2021-ci il tarixli raportdan görünür ki, 08 may 2021-ci il tarixdə çağrışı 66-60 olan avtopatrolda T.Əliyarbəyov küçəsində hərəkətdə olarkən 00:10 radələrində “Romm” kafesinin qarşısında 2 nəfərin uca səslə mübahisə etdiklərinin şahidi olmuşlar. Onlara yaxınlaşaraq intizama dəvət etsələr də onlar içkili olduqları üçün hərəkətlərinə davam etmişlər. Onları avtopatrula əyləşdirərək 9-cu Polis Bölməsinə aparmaq istədikdə kənardan bir şəxs onlara müdaxilə edərək həmin şəxslərin avtopatrula mindirməyə maneçilik törətmişdir. Həmin şəxs də onlarla birlikdə avtopatrula əyləşdirərək 9-cu Polis Bölməsinə gətirilmişdir. Bölmədə müəyyən edilmişdir ki, mübahisə edən şəxslər X4 və Şəxs, sonradan yaxınlaşaraq polisə müdaxilə edən isə X2r. İş materiallarında olan 08 may 2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti aşkarlanmışdır. İş materiallarında olan 08 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 may 2021-ci il tarixdə, saat 00:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs törətdiyi inzibati xəta əməli, iş materialları, toplanmış sübutlar və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusuna qiymət verərək hesab edir ki, Şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdə və Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Belə ki, məhkəmə prosesi zamanı raportu tərtib etmiş şəxslər şahid qismində izahat vermək üçün məhkəməyə gətirilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Beləliklə, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və səmimi peşmançılığını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 08 may 2021-ci il tarixədə, saat 00:20-də inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunacaq inzibati cərimənin məbləğindən ¼ hissəsi çıxılmalı və o cərimənin ¼ hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati icraata xitam verilməli, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilməli və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 88, 114, 115, 128.2.1, 130.1, 211 və 535-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alınaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilsin və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar