Məhkəmə qərarları › İş №3(009)-1092/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1092/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1092/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu ərazisində müvəqqəti yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 9-cu PB-si tərəfindən tərtib edilmiş 08 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 may 2021-ci il tarixdə, saat 00:10 radələrində T. Əliyarbəyov küçəsində olarkən küçədə polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq, polis əməkdaşına tabesizlik göstərmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru X2 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 08 may 2021-ci il tarixdə, saat 00:10-da, T. Əliyarbəyov küçəsində olarkən küçədə polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq, polis əməkdaşına tabesizlik göstərdiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, onun rəfiqələri Kübra ilə Nuridə arasında mübahisə yarandığından, polis əməkdaşları onlara yaxınlaşaraq, 9-cu Polis Bölməsinə getmələrini təklif etmişlər, onlar heç bir müqavimət göstərmədən 9-cu Polis Bölməsinə getmişlər. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 08 may 2021-ci il tarixli raportdan görünür ki, 08 may 2021ci il tarixdə çağrışı 66-60 olan avtopatrolda T.Əliyarbəyov küçəsində hərəkətdə olarkən 00:10 radələrində “Romm” kafesinin qarşısında 2 nəfərin uca səslə mübahisə etdiklərinin şahidi olmuşlar. Onlara yaxınlaşaraq intizama dəvət etsələr də onlar içkili olduqları üçün hərəkətlərinə davam etmişlər. Onları avtopatrula əyləşdirərək 9-cu Polis Bölməsinə aparmaq istədikdə kənardan bir şəxs onlara müdaxilə edərək həmin şəxslərin avtopatrula mindirməyə maneçilik törətmişdir. Həmin şəxs də onlarla birlikdə avtopatrula əyləşdirərək 9-cu Polis Bölməsinə gətirilmişdir. Bölmədə müəyyən edilmişdir ki, mübahisə edən şəxslər X3 və X4, sonradan yaxınlaşaraq polisə müdaxilə edən isə Şəxsdır. İş materiallarında olan 08 may 2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Şəxs orta dərəcəli sərxoşluq vəziyyəti aşkarlanmışdır. İş materiallarında olan 08 may 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 may 2021-ci il tarixdə, saat 00:20-də inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs 08 may 2021-ci il tarixdə saat 00:20-də inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona təyin olunacaq inzibati cərimənin məbləğindən ¼ hissəsi çıxılmalı və o cərimənin ¼ hissəsindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməli, Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilməli və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 88, 114, 115, 128.2.1, 130.1, 211 və 535-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 01 (bir) gün inzibati qaydada tutulmasını nəzərə alınaraq barəsində tətbiq edilmiş 200 (iki yüz) manat inzibati cərimənin 50 (əlli) manatından azad edilsin və üzərində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar