Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1093/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair material daxil olmuşdur. İş materiallarında olan 30 iyun 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Filarmoniya bağında X3 məxsus “Poco X3” markalı mobil telefonu oğurlayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis leytenantı Toğrul Əsgərli tərəfindən qəbul edilmiş 30 iyun 2022-ci il tarixli qərarla fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Flarmoniya bağında X3 məxsus “Poco X3” markalı mobil telefonu oğurlamışdır. İş materiallarında olan AZA seriyalı, 018323 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 iyun 2022-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə rəisi, polis kapitanı X4 inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, gecə saat 23 radələrində “Azneft” dairəsindən İçərişəhər metrostansyası istiqamətində rəfiqəsi Nərminlə birlikdə gəzişən zaman Niyazi küçəsi 5, Filarmoniya bağına çatdıqda yorulduqlarına görə orada əyləşərək bir qədər istirahət etmək qərarına gəlmişlər. Bu zaman o, əlində olan məişət tulantılarını zibil qutusuna atmağa gedərkən özünə məxsus “Poco X3” markalı mobil telefonu insanların əyləşməsi üçün nəzərdə tutulan oturacağın üzərinə qoymuşdur. Həmin tullantıları atdıqdan sonra telefonunu oturacağın üzərindən götürməyə qayıtdıqda ona məxsus olan “Poco x3” markalı mobil telefonun oturacağın üzərində olmadığını görmüş və dərhal DİN-nin 102 xidmətinə zəng edərək telefonunun oğurlanması barədə məlumat vermişdir. Hazırda telofon polis bölməsindədir və ona qaytarılacaqdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 23 radələrində əvvəlcədən tanıdığı Vüqar adlı şəxslə birlikdə Bakı şəhəri, Səbail rayonu, Flarmoniya bağında gəzişən zaman yolun kənarına yaxın oturacağın üzərində bir ədəd “Poco x3” markalı mobil telefon olduğunu görmüş və ətrafda kimsənin olmadığından telefonu götürmüşdür. Hazırda telofon polis bölməsindədir və sahibinə qaytarılacaqdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. İXM-nin 227-ci maddəsinin dispozisiyasından görünür ki, məhz xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə məsuliyyət müəyyən edilmişdir. Hazırki işin faktiki hallarından isə müəyyən edilir ki, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş verməmişdir. Belə ki, işin hallardan müəyyən edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Səbail rayonu, Flarmoniya bağında gəzişən zaman oturacağın yanından keçərkən oturacağın üzərində “Poco x3” markalı mobil telefon aşkarlamış və götürmüşdür. Məhkəmə hesab edir ki, X2 öz izahatında da qeyd etdiyi kimi xx.xx.2022-ci il tarixdə, gecə saat 23:25 radələrində Bakı şəhəri, Səbail rayonu, Filarmoniya bağında olan zaman əlində olan məişət tulantılarını zibil qutusuna atmağa gedərkən oturacağın üzərində qoyub uzaqlaşdığı ona məxsus “Poco X3” markalı mobil telefonun Şəxs tərəfindən həmin ərazidə gəzişən zaman oturacağın üzərində aşkarlanaraq götürülməsi xırda talama, yəni oğurluq kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Şəxs əməlində hazırki material üzrə İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarının tələblərini nəzərə alaraq hesab edir ki, hazırki inzibati iş üzrə əməldə inzibati xəta tərkibi olmadığından, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. İş materialları ilə müəyyən edilir ki, Şəxs 29 iyun 2022-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati qaydada tutulmuş Şəxs barəsində olan material üzrə icraata xitam verilməsi nəticəsinə gəlindiyindən o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apllyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1093/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1093/2022
30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver