Məhkəmə qərarları › İş №3(009)-1095/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1095/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1095/2025 30.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41ci Polis Bölməsinin polis sahə rəisi X7, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X6 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Talışxanova Rənanının müraciəti əsasında Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi tərəfindən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 50 manat məbləğində cərimə olunmuşdur. Aşağıda göstərilən səbəb və əsaslara görə mənim əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi və inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, mən xx.xx.2024 cü il tarixində, həftənin şənbə günü səhər saat 11:00 da, o iki uşağı ilə birlikdə Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024 il tarixli qətnaməsini yerinə yetirmək üçün bir gün əvvəl yəni cümə günü, Yasamal Rayon İcra Şöbəsində rəisin qəbulunda olarkən icraçı və rəisə əvvəlcədən xəbərdar edərək uşaqlarla görüş işi üzrə tələbkar olan ataları X1 faktiki yaşadığı ünvan Səbayıl rayonu, Badamdar, 3-cü Massiv, 46-cı küçədəki evinin qabağına yollanaraq uşaqlarla atanın görüşünü təmin etməyə çalışmışam. Sakit vəziyyətdə təmkinlə gözləsək də, ata uşaqları ilə qətnamə üzrə görüşünə nə evdən çıxmamış, nə də başqa yerdən gəlməmişdir. Bu barədə həmin zamanda iş üzrə icraçıya foto çəkiliş göndərilib və görüşün ata tərəfdən baş tutmaması barədə məlumat verilib. Sonra taksi çağıraraq, həmin yerdən çıxıb getmişik. Lakin, bir neçə gün sonra polis Şamil Həsənov ona zəng edərək, barəsində də "naratçılıq” səbəbilə ərizənin olması kim tərəfindən yazılıb soruşanda cavabında mənim heç vaxt görmədiyim, tanımadığım, səsini belə eşitmədiyim Talışxanova Rəna tərəfindən olması və mənim bölməyə gəlib bu barədə izahat yazmağımın lazım olduğunu bildirmişdir. Belə ki, bölməyə gəlib həmin adamı tanımadığımı, ünvana qətnamə üzrə əvvəlcədən bildirərək getməyimi, bu fakt xx.xx.2024 ci il tarixində Yasamal İcra Şöbəsində aktla təsdiqini tapmasını, mənə qarşı yazılan ərizənin yalan və böhtan olmasını, bir müddət əvvəl ayrıldığım və uşaqlarımın atası olan Talışxanov Savalanın mənə qarşı olan qisas xarakterli silsiləli addımlarının növbəti olması barədə bölmədə həm şifahi olaraq danışıb, həm yazılı olaraq izahatımda qeyd etmişdim. İzahatıma əlavə olaraq, məhkəmə qətnaməsi, icra aktını, icraçı ilə həmin vaxta təsadüf edən yazışmanı təqdim etmişəm. X3 əvvəllər də mənə qarşı böhtan, yalan və cərimə etdirməyə çalışması barədə sənədli sübutlar və onların rədd edilməsi və əsassız hesab edilməsi barədə Apelyasiya Məhkəməsinin qərarı ilə də tanış etmişəm və haqq ədalətə tam arxayın şəkildə Polis şöbəsini tərk etmişəm. Həmin vaxtı onun barəsində heç bir protokol tərtib olunmamışdır. Bundan 2 iki ay sonra, qarşı tərəflə uşaqlar barəsində növbəti məhkəmədə qarşılaşarkən o, məhkəmədə mənim guya xırda xuliqanlıq etməyim və cərimə olmağım barədə fikir söyləyib. Təbii ki, bundan xəbərim olmadığım üçün bunu təkzib etmişəm. Lakin hər ehtimala qarşı bu iddianı yoxlamaq üçün polis Şamil Həsənova zəng etmişəm, o isə mənə heç bir dəqiq söz deməyib, həmin sözün doğru olub olmadığı barədə cavab verməkdən yayınmışdır. Beləliklə mən, xx.xx.20024-cü il tarixində bu məsələnin cavabını dəqiq bilmək üçün ərizə ilə 41-ci Polis Bölməsinə müraciət etmişəm. Təxmini 1 ay sonra, yəni xx.xx.2025-ci ildə ərizəmə cavab poçt ünvanına göndərilsə də, onun məzmunu ilə mən Talışxanov Savalan tərəfindən yaşadılan davamlı stres, təzyiqlər, şər və böhtan, yalan və qisas və sair destruktiv əməllərinin nəticəsində səhhətimdə yaranan problemlərə görə yanvar- fevral aylarında ölkə xaricinə getmiş, orada müayinə, əməliyyat və əməliyyat sonrası baxım və mualicədə olmuşam. Yanvar ayının sonlarında poçtalyon poçta adıma məktub gəlib desə də, həmin vaxt mən ölkə xaricində olduğumdan məktubu ondan ölkəyə qayıdandan sonra göturəcəyimi bildirmişəm. Belə ki, Bakıya qayıdandan sonra, mart ayının əvvəlində Bakıda daha bir əməliyyat keçirmişəm. Dərhal müraciət etmək istəsəm də, həmin günlər uzun müddətli bayram və qeyri iş günlərinə təsadüf etdiyindən, bu alınmamışdır. Nəhayət, ilk iş günlərində, yəni aprelin ilk tarixlərində bölməyə yaxınlaşıb, protokolun mənə bildirilmədən və yalnız ərizəmin əsasında bir neçə ay sonra cavab verilərək agah olmağımı bildirib protokolu müraciət etdiyim tarixin göstərilərək mənə verilməsini xahiş etmişəm. Bunu yalnız yenidən ərizə yazaraq mümkün olmasını biləndən sonra xx.xx.2025-ci il tarixində Şöbədə ərizə yazaraq protokolun mənə verilməsini xahiş etmişəm. Lakin artıq aprel ayının sonlarına yaxın tarix olsa da ərizəm hələ də cavablandırılmayıb və protokol rəsmi qaydada mənə təqdim edilməyib. Mənə Bakı şəhəri Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi tərəfindən xx.xx.2025-ci tarixli məktub verilmişdir. Həmin məktubdan sonra mən bilmişəm ki, mənə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 50 manat məbləğində cərimə olunmuşam. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci madddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 61.1.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 129.1.-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin kollegiyasından 53.2-ci maddəsini rəhbər tutaraq, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi və inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X8 şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, heç kimin qarşısında heç kimə qarşı nalayiq ifadələr və ya kobud sözlər işlətməmişdir. Həmin yerdə kamera olmuşdur. Əgər inzibati xəta törədibsə, hansısa hərəkət etmişsə, sübutlar əlavə edilsin. Həmçinin protokol barədə bilərək gec məlumat verilmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsi və qeyd olunanlara əsasən şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin polis sahə rəisi X13 izahatında göstərmişdir ki, 2024-cü ilin oktyabr ayında Rəna Talışxanova tərəfindən müraciət daxil olmuşdur. Həmin şəxs bildirmişdir ki, X8 2 uşağı ilə birlikdə evlərinə gələrək qapını döyür, onları, həmçinin qonşuları narahat edir. Tərəfləri və şahidləri dəvət etmiş, izahatlarını almış, məlumat təsdiqlənmiş və X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək, 6 (altı) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilmişdir. İddiaçı X2 xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 10:00dan saat 17:00-dək, 7 (yeddi) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilsin. İddiaçı X1 valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olaraq övladı - xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar ertəsi, çərşənbə və cümə axşamı günləri 1 (bir) saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, telegram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrlə) ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Bu hissədə ünsiyyətdə olmaq qaydası X8 tərəfindən təşkil edilməlidir. İş materiallarına əlavə edilmiş “whatsapp” proqramı vasitəsilə yazılmış mesajların fotoşəkillərindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə uşaqların ataları ilə görüşməsi üçün onlarla birgə X1 evinə getmişdir. Məhkəmə şikayətlə bağlı ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, X8 tərəfindən inzibati xəta hadisəsi, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlərin edilmədiyi halda 50 manat məbləğində cərimə olunması mübahisələndirilir. Məhkəmə hesab edir ki, şikayətdə qeyd edilənlər özü-özlüyündə işin həqiqi hallarını özündə əks etdirmir. Həmçinin şəxs istinad etdiyi halları subuta yetirə bilməmiş və istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə məhkəmə X6 həm şikayətində göstərdiyini, həm də məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri kimi qiymətləndirir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və 50 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X6 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X6 inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X9 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar