Məhkəmə qərarları › İş №3(009)-110/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-110/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-110/2024 19.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023cü il tarixli 00800-01339 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli 00800-01339 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında İnzibat Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilib . Hesab edir və əmindir ki, həmin qərarlar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Həmin qərar həmin qanunvericiliyin tələblərinə həm də formalaşmış məhkənru təcrübəsinə ziddir Bildirmək istəyir ki, o heç bir inzibati xəta törətməyim. Aşağıda qeyd olunanlara əsasən qeyd edilən qərarı qanunsuz və əsassız hesab edirəm. İlk növbədə onu qeyd edir ki, inzibati xəta haqqında iş üzrə qərar tərəfimdən xx.xx.2019-cu il tarixli **********8068 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 352,94 (600 AZN) məbləğində qalıq vəsaitin müvəkkil bankdakı hesaba köçürülməməsi əsası ilə qəbul edilmişdir. Hazırkı situasiyada müəyyən edilməli olan yeganə ha inzibati xəta hadisəsinin törədildiyi günü müəyyən etməkdir. Belə ki, “Azərbaycar Respublikasında İdxal-İxrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarımbəndinə əsasən 600 manat pul vəsaiti 180 gün ərzində müvəkkil bankdakı hesaba köçürülməli idi. Buradan da belə məlum olur ki, inzibati xəta hadisəsi xx.xx.2020-ci il tarixdə törədilmişdir xx.xx.2019+180 gün=xx.xx.2020) Beləliklə mən ən uzağı xx.xx.2021-ci il tarixdə (xx.xx.2020+1 11=xx.xx.2021) İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilə bilərdim. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Nəqliyyatında Baş Gömrük şöbəsinin məsələyə hüquqi don geyindirmək üçün inzibati xətaya uzanan inzibati xəta hadisəsi kimi yanaşmış, Konstitusiya Məhkəməsinin Plenumunun qərarını yanlış təfsir etmiş, hüquq nəzəriyyəsinə yanlış istinad etmişdir. Aydın məsələdir ki, bu tip inzibati xətalar uzanan inzibati xəta ola bilməz. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Nəqliyyatında Baş Gömrük şöbəsinin xx.xx.2023-cü il tarixli qərarını ləğv edəsini və inzibati xəta haqqında iş üzrə icraata xitam veriləməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqana və şikayət vermiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin və şikayət vermiş şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli 00800-01339 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 inzibati məsuliyyətə cəlb edilməsi müddəti ötürülmüşdür. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasıüzrə öhdəlik müddətinin bitdiyi gündən növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. İş materiallarından müəyyən edilir ki, inzibati xətanın törədilməsi barədə protokol inzibati məsuliyyətə cəlb edilmə müddəti ötürülməklə tərtib edildiyindən, X3 inzibati tənbeh verilə bilməz və iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinin tələbinə görə xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarında müəyyən edilmişdir ki, "Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz" "Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən, ilk növbədə, inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi gündən 4(dörd) ildən artıq müddət keçdiyindən, X4 inzibati məsuliyyətə cəlb edilə bilmədiyindən, X2 şikayəti təmin edilməli və Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli, 00800-01339 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və X2 barəsində tətbiq edilmiş inzibati cərimə silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli, 00800-01339 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 07 dekabr 2023-cü il tarixli, 00800-01339 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında X2 barəsində tətbiq edilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar