Məhkəmə qərarları › İş №3(009)-1100/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1100/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1100/2023 26.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, Səbail Rayon İcra Şöbəsinin icra məmuru Tohid Nurlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, “Evronyus” şirkətində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon İcra Şöbəsinin icra məmuru Tohid Nurlu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Səbail Rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş MN №1475646 saylı inzibati xəta haqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əlavəyə əsasən, Səbail rayon Məhkəməsinin 2(009)- 2216/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 1200 ABŞ dolları əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 6540 ABŞ dolları (ödəniş günü üçün məzənnə nəzərə alınmaqla manat hesabı ilə) və 30 manat dövlət rüsumu tutularaq X1 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Borclu icra sənədinin icrası ilə bağlı şöbəyə dəvət edilmiş və izahatı alınmışdır. Borcu birdəfəyə ödəmək iqtidarında olmadığını hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Tələbkar hissə-hissə ödənişə razı olmayaraq icranın tam şəkildə təmin edilməsini tələb etmişdir. Nəticədə borclu Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlu inzibati xəta haqqında protokolda göstərilənləri təsdiq etmişdir. T.Nurlu həmçinin göstərmişdir ki, tələbkar da məhkəməyə gəlmiş, lakin işi çıxdığını deyərək getmişdir. Borclunun işləməsini yeni bilmiş, tələbkar onun əmək haqqısına tələbin yönəldilməsinə razı deyil. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, borcu ödəməkdən yayınmır, lakin borcu birdəfəyə ödəmək imkanı yoxdur. Hazırda işləyir 300 manat əmək haqqı alır. 150 manat ödənişi bu gün tələbkara ödəmək istəyərkən o, 500 manat ödəniş tələb etmiş, onun həmin pulu ödəməyə imkanı yoxdur. Hissə-hissə əmək haqqından ödənişləri həyata keçirə bilər. Məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış icra sənədi üzrə tələbkar X2 məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs icra sənədi üzrə tələbkara olan borcu bir dəfəyə ödəmək imkanında deyil, 150 manat hazırda ödəniş həyata keçirmək istəyir, tələbkar isə ödənişin hamısının birdəfəyə ödənilməsini tələb edir. Belə olan halda, Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini qərəzli olaraq üzrsüz səbəbdən icra etməməsi faktı mövcud deyil. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs əməlində hazırki baxılan iş üzrə inzibati xəta tərkibi mövcud deyil. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət şəxsin əməlində yoxdur. Yəni, məhkəmə qərarının icra edilməməsinə Şəxs münasibəti qərəzli olmamışdır. Hazırda o, borcun bir hissəsini ödəmək niyyətində olmaqla, yerdə qalan məbləği hissə-hissə ödənişlər həyata keçirməklə üzərinə öhdəlik götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta iş üzrə icraat aparılan şəxs Murat Alyarın əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 114- 115, 128, 130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanmış inzibati icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar