Məhkəmə qərarları › İş №3(009)-111/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-111/2022

26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-111/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair 24 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 24.12.2021-ci il tarixdə saat 16:04-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dəniz kənarı Milli Parkda yerləşən Şəxs super marketdə epidemiya əleyhinə rejiminin, sanitar gigiyena və karantin qaydalarının pozulması faktı aşkar edilmişdir. (işçi tərəfindən qoruyucu tibbi maskadan istifadə olunmamışdır) Bununla da, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 məhkəməyə etiraz ünvanlayaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, protokolda faktın fotoşəkil ilə təsdiq edildiyi qeyd edilsə də, həmin fotoşəkillərin çəkilməsində istifadə olunan xüsusi texniki vasitənin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, yoxlamadan keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi, növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar qeyd edilməmişdir. Üstəlik iş materiallarına əlavə olunmuş fotoşəkillərin hansı tarixdə və hansı mağazada çəkildiyi məlum deyil. Şəxs MMC-nin ölkə ərazisində bir çox mağazasının olduğunu nəzərə al, həmin şəkillərin hartsı mağazada, hansı tarixdə çəkildiyi şübhə doğuran məqamlardan sayılır. Həmçinin 3 ədəd fotoşəkil çəkilməsinə baxmayaraq, bir nəfər şəxsin şəxsiyyət vəsiqəsi iş üzrə sənədlərə əlavə edilmişdir. Şəxsiyyət vəsiqəsi əlavə edilən işçinin izahatı alınmamış, həmin işçinin çəkilən fotoşəkillərə aidiyyatının olub-olmadığı aydınlaşdırılmadan müvafiq qeyri-dəqiq sənədlər əsasında protokol tərtib edilmişdir. Bununla yanaşı müvafiq protokolun tərtib edilməsinə əsas olmuş sənədlərə diqqət yetirsək, həmin sənədlərin protokolun tərtib edildiyi tarix ilə üst-üstə düşmədiyi aşkar şəkildə görünür. Başqa nüans isə ondan ibarətdir ki, Dövlət Vergi Xidməti BKSİBİ əməkdaşı protokolda sözügedən mağazada vəzifəli şəxsin olmadığını, daha sonra isə öz aralarında müvafiq akt tərtib edərək, həmin aktda işçi tərəfindən rəhbərin uzaqda olması, obyektə gələ bilməməsini bildirməsi halları qeyd edilmişdir. Akta əlavə olaraq vəzifəli şəxsin (mağaza müdirinin) izahatı və ya vəzifəli şəxsi olmadıqda bu barədə qeyd edilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan hüquq: şəxsin səlahiyyətli nümayəndəsinin imzası olmalı idi. Hər kəsə aydındır ki, MMC-nin qanuni təmsilçisi olan baş direktoru şirkətin baş ofisində əyləşir və mağazalarda hər hansı qayda pozuntusu olduğu təqdirdə izahat vermək üçün hadisə yerinə özünü dərhal yetirə bilməz. Belə hallarda dövlət orqanının əməkdaşları mağazada vəzifəli şəxs olan mağaza müdirinin izahatını almalı idi. Tərtib olunan aktın mətnindən də aydın olur ki, birtərəfli qaydada tərtib olunmuşdur. Digər tərəfdən, tərtib olunmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsinə dair heç bir qeyd aparılmamışdır. Bu da o deməkdir ki, Dövlət Vergi Xidməti BKSİBİ-nin əməkdaşı qanunvericiliyin bu tələbinə də əməl etməmişdir. Göründüyü kimi protokolun tərtib edilməsinə əsas olmuş sənədlərdəki məlumatlar qeyri-dəqiq, natamam, şablon formalı sözlərlə əhatə olunmuşdur. Bu da həmin sənədlərin doğruluğunu şübhə altına alaraq, iş üzrə mötəbər sübut kimi qiymətləndirməsinə imkan vermir. İnzibati xəta haqqında protokol işin hallarına uyğun gəlməyən maddəyə istinad edilərək tərtib edilmişdir. Belə ki, protokolu tərtib edən DVX-nin əməkdaşı inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti olaraq, İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsinin tələblərinin pozulduğunu bildirərək, həmin maddənin dizpozisiyasım qeyd etmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, 211.3- cü maddəsində 211.1 -ci maddənin tələblərini deyil, 211.2-ci maddənin tələblərinin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi qeyd edilmişdir. Başqa nüans ondan ibarətdir ki, Dövlət Vergi Xidməti BKSİBİ tərəfindən İXM-nin 211.3-cü maddəsində göstərilən inzibati xətanın Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında yerləşən Şəxs mağazasında təkrarçılıqla bağlı protokolda heç bir yazı qeyd edilməmiş və həmin istinad etdiyi əsaslar kifayət qədər araşdırılmamışdır. İş materiallarına nəzər yetirsək görərik ki, sözügedən Şəxs mağazasının yerləşdiyi obyektin ayrılıqda kodu (17001), adı, ünvanı mövcuddur. Halbuki ünvan 2ixli qərarında Şəxs MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən mağazada müştərilər tərəfindən sanitar-gigiyena qaydalarının tələblərinə əməl edilməyərək tibbi maskadan istifadə edilməməsindən söhbət gedirdi. İnzibati xətanın eyni obyektdə təkrarən törədilməsi faktı təqdim edilmiş sənədlərlə sübuta yetirilmədiyindən, Dövlət Vergi Xidməti BKSİBİ-nin vəzifəli şəxsinin protokolu İXM-nin 211.3-cü maddəsi ilə tərtib etməsi əsassız və qanunaziddir. Bundan əlavə, Dövlət Vergi Xidməti BKSİBİ istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-135/2021 saylı, 01.02.2021-ci il tarixli qərarı isə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-418/2021 saylı 25.02.2021-ci il tarixli qərarı ilə dəyişdirilmişdir. Lakin protokolu tərtib edən vəzifəli şəxs Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərardan bixəbər olmaqla, dəyişdirilmiş qərara istinad etmişdir. Bundan əlavə, İnzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli (vəzifəli) şəxs mövcud protokolu mağaza müdirinin adına tərtib etmək səlahiyyətinə malik olmasına baxmayaraq, birbaşa hüquqi şəxs barəsində tərtib etmişdir. Bu da öz növbəsinə məhkəmələrdə iş yükünün külli miqdarda artmasına, əlavə proseslərin keçirilməsinə səbəb olur. Dövlət Vergi Xidməti BKSİBİ-nin əməkdaşı qərəzli mövqe nümayiş etdirərək mağazanın müdiri (vəzifəli şəxs) barəsində inzibati protokol tərtib edə biləcəyi halda, sırf hüquqi şəxslərə tətbiq olunan cərimənin məbləği daha yüksək olduğu üçün qərəzli şəkildə inzibati protokolu birbaşa hüquqi şəxs barəsində tərtib etmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 etirazı müdafiə edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 24.12.2021-ci il tarixdə Şəxs MMC -yə məxsus obyektdə çəkilmiş foto şəkildən görünür ki, işçi tərəfindən tibbi maskadan istifadə edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 24.12.2021-ci il tarixli protokoldan görünür ki, vergi ödəyicisinin rəsmi və səlahiyyətli nümayəndəsi mağazaya gəlmədiyi üçün protokolla tanış etmək mümkün olmamışdır. 24.12.2021-ci il tarixli akta əsasən 24.12.2021-ci il tarixdə saat 16:04-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dəniz kənarı Milli Parkda yerləşən Şəxs super marketdə qoruyucu tibbi maskadan istifadə edilmədən xidmət göstərilməsi faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 3(004)- 135/2021 saylı, 01.02.2021-ci il tarixli qərarına əsasən Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir Bakı Apellyasiya Məhkəməsinin 3(103)-418/2021 saylı, 25.02.2021-ci il tarixli qərarı ilə Yasamal rayon Məhkəməsinin 3(004)-135/2021 saylı, 01.02.2021-ci il tarixli qərarı dəyişdirilmiş və Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 24.12.2021-ci il tarixdə saat 16:04-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Dəniz kənarı Milli Parkda yerləşən Şəxs MMC-yə məxsus Şəxs super marketdə epidemiya əleyhinə rejiminin, sanitar gigiyena və karantin qaydalarının pozulması faktı aşkar edilmişdir. (işçi tərəfindən qoruyucu tibbi maskadan istifadə olunmamışdır). Xəta inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2020ci il tarixli Qərarına müvafiq olaraq koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti və sair fəaliyyət sahələrində xüsusi sanitar rejim tətbiq edilir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2020-ci il tarixli 189 saylı Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və tibb müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 211.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200.00 (min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar